Dünya
15.06.2015 / 00:30

Ukraynada atəşkəs pozuldu

Ukraynada atəşkəs pozuldu Ötən gecə Rusiya Silahlı Qüvvələrinin bölmələri ilə Ukrayna hərbçiləri arasında ağır silahlı qarşıdurma yaşanıb. Ruslar Ukrayna ordusunun mövqelərini 109 dəfə atəşə tutublar. Bu, atəşkəsin pozulması ilə bağlı son həftələrin rekordu sayıla bilər. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 14-də Luqansk vilayətinin Tryoxizbenka qəsəbəsində Rusiya silahlılarının atdıqları minomyot yaşayış massivinə düşüb. Vərəm dispanserinin binasını zədələyən atəş yanğına səbəb olub.

Rusiya tərəfdən döyüşən muzdlu dəstələr isə Luqanskın Novoaydarsk rayonunda yaşayış massivinə hücum edib. Gecə saatlarında baş verən hücum zamanı çox sayda dinc insanın xəsarət aldığı bildirilir. Əhalinin əksər hissəsi hələ də evlərinin zirzəmilərindən çıxa bilmir. Odlu silah atəşləri şəhərin yaşayış binalarına da ciddi ziyan vurub. Bir neçə binada yanğın başlayıb.

Onlarla mənzilin yaşayış üçün yararsız hala düşməsi haqqında xəbərlər gəlir. Rusiya Silahlı Qüvvələrinin əsas hədəfi şəhərin inzibati binalarıdır. İyunun 13-dən başlayan atışmalarda heç bir inzibati binanı ələ keçirmək mümkün olmasa da bəziləri yandırılıb. Ukrayna Silahlı Qüvvələri bir neçə saat davam edən atışmada itki vermədən hücumu dəf edə bilib. 12 Ukrayna hərbçisi yaralanaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Baxış sayı: 492