Qonağımız var..., Baş xəbər, Mədəniyyət, Müsahibə
26.08.2015 / 13:39

Lalə Məmmədova: “Özüm Leyli oldum...”

Lalə Məmmədova: “Özüm Leyli oldum...”
Əməkdar artist Lalə Məmmədova “Qonağımız var” layihəsində heç yerdə demədiklərini İnform.az-a söylədi...

- Lalə xanım, öncə yeniliklərinizdən başlayaqmı?

- Yay olmasına baxmayaraq dincəlmədim. Dincəlməyim studiyada mahnı yazdırmaq, məşq otaqlarında saatlarla məşq etmək oldu. Heç narahat deyiləm, əksinə, yorğunluğum çıxdı. Yeniliklərlə pərəstişkarları sevindirmək istəyən sənətkar heç vaxt çalışmaqdan çəkinməməlidir. İstirahət hər vaxt var. Zamansa bizi gözləmir...

- İstirahətsiz yeni mövsüm səhhətinizə mane olmayacaq ki?

- Müğənni bir balıq kimidir. Necə balıq suda yaşayırsa, müğənni də ifa edəndə, yeni mahnılar üzərində çalışanda rahat və xoşbəxt olur. Əksinə, o mahnılar sevildikcə özümü komfortlu, rahat hiss edəcəyəm.

- Estrada, retro, milli, bu janrların hansı sizin ürəyinizə daha yaxındır?

- Harda özümü tapa bilmirəmsə, ordan sakitcə uzaqlaşıram. Yaxud da heç o tərəfə istiqamətlənmirəm. Həyatım boyu çalışdığım, sevdiyim işlə məşğul olmuşam. Mənim üçün zəif, orta yoxdur. Ya əla, ya heç... Bu həyatda nə isə əldə etdimsə, o prinsiplə yaşadığım üçün etdiyimi düşünürəm. Məğlubiyyət də olur. Ancaq risk etmeyi sevirəm. Məsələn, mən niyə Leylini on il bundan əvvəl oynamadım? Baxmayaraq ki, operanı çox sevirdim. Təcrübə, təcrübə, yenə də təcrübə. Nəyə nə vaxt hazırsansa, o vaxt uğur səninlə olur. İyirmi üç ildir ki, mikrafonla oxuyuram. Amma birdən-birə opera səhnəsində canlı, mikrafonsuz səsi zalın ən sonunda əyləşən dinləyiciyə çatdırmaq təbii ki, çox cətindir. Gözə görünməyən pərdənin arxasında baş verənləri dərk etmək, yaşamaq çox çətin bir prosesdir. Buna görə də, ilk olaraq o çətinlikləri mənimsədim, sonra istəyimi həyata keçirdim. İyirmi beş yaşında Leylini oynamaq olmur. Bəlkə də texniki tərəfdən kor-koranə olardı. Amma nəticə ürək açan olmazdı. Mən Leyliyə obraz kimi yanaşmadım, özüm Leyli oldum. Füzuli bir dəryadır. Mən o dəryadan zərrənin tozunu götürə bildimsə xoşbəxtəm.

- Bu qədər gərgin işlərdən ailəyə vaxt ayıra bilirsinizmi?

- Bəli, mən işimi qurtaran kimi ailəmin yanına gedirəm. Başlayıram övladlarımla maraqlanmağa. Hazırda valideynlərimlə yaşayıram. Bu mənim normativlərimdir. İstəyir gün ərzində yüz iş görüm, yorğun olum, ancaq mütləqdir ki, balalarıma vaxt ayırım. Ancaq mən işimlə məşğul olanda dincəlirəm. Bilmədiyim, bacarmadığım işlə məşğul olmuram. Heç bir vaxt göstəriş üçün və kiminsə xətrinə iş görməmişəm. İstəyirəmsə edirəm. Ancaq kiminsə xoşu üçün, istəyi üçün bir iş görmürəm. Həyatda hər cür xasiyyətli insanla yol gedə bilərəm, bir tək tərbiyəsi olmayan adamla yola gedə bilmərəm.

- Tərbiyəsizlik sizin anlayışınızda nədir?

- Tərbiyəsizlik mənim düşüncəmdə daha böyük bir məzmun tutur. Ona görə də çox bu haqda danışmaq istəmirəm.

- Zövq oxşamayan mahnı, əyinə yaraşmayan don kimidir. Bu gün şou-biznes əhli, yəni, həmkarlarınız özlərinə yaraşan, yoxsa yaraşmayan dondadırlar?
Lalə Məmmədova: “Özüm Leyli oldum...”
- Bir bənzətmə edim. Kimin xətrinə dəyirsə dəysin. Ancaq bu reallıqdır. Baxın Amerikada ümumdünya ticarət mərkəzini gəldi bir anda Üsamə Bin Laden yerlə yeksan etdi. Mən bu gün şou–biznesimizi bu hadisəyə bənzədirəm. Gedim aylarla studiyada səs yazdırım, şairlə işləyim, bəstəkarla çalışım. Ancaq bir terrorist gəlsin bir şit, bayağı, zövqləri korlayan mahnıyla düşsün millətin dilinə.

- Günahkar kimdir?

- Efirlər. Həmişə olub şit, bayağı, zövqsüz ifalar. Ancaq senzura varıydı. Kim idi onu efirə yaxın buraxan. İndi pulun varsa, çıx efirdə istədiyini oxu. “Yeri yeri sənə şabaş verim.......” - oxu, şou göstər əl çalacaqlarlar.

- Bayağı mahnılar deyəndə toy mahnılarını nəzərdə tutursunuz?

- Qətiyyən. Toy özü bir məktəb, bir meydandır. Mən şəxsən toyda oxuduğum bütün mahnıları səhnəyə gətirə bilirəm. Məni toya dəvət edən ev sahibi heç vaxt gəlib məndən şit mahnı tələb etmir. Lalə Məmmədovanı dəvət edən onun nə oxuyacağını, özünün də nəyə qulaq asacağını bilir. İstisna hallar olsa da həyata keçirmirəm. Bir dəfə məndən müsahibə alırdılar. Müxbir sual verir: “Lalə xanım, filan mahnını oxuyarsınız”. Dedim qətiyyən, bir milyon manat da versələr oxumaram. Birdən dedim yox-yox, bir milyon versələr bəlkə oxuyaram (gülür). Əlbətdə, bu bir zarafatdır. İllərdir qazandığım hörməti milyonlarda dəyişmərəm.

- “Maral”ı oxmusunuz?

- Yox, o çox primitiv mahnıdır. Mənim üçün, musiqidən anlayışı olan üçün. Efirlərdə ondan bərbad olan mahnılarımız var. “Sarı gəlin”i toylarda oynayanlara nə deyək? Bizdə problem bilirsiniz nədədir. Ən zəifi ən yüksək kimi təqdim edirlər.

- Sponsorsuz ucalmaq olur?

- Qarşınızdayam. Xatırlamıram kimsə mənə bir manat xərcləsin. Çox cətin olur, ancaq şərəflidir. Üç il səhnəyə çıxmadım. Səyavuş Kərimi dedi, sən çalış. Başımı saldım aşağəı, işlədim. Həqiqətən böyük söz öz bəhrəsini verdi... Müəllim ailəsində, böyümüşəm. Evdən iyirmi qəpik verirdilər. On qəpik yeməyimə, on qəpik yola. Mən də on qəpiyi yola verirdim, on qəpiyə yemək almırdım. Gedib studiyada oturub, saatlarla səs yazılarına qulaq asırdım. Sonra da o ac qalmağım mənə baha başa gəlsə də, səhəttimdə problem yaratsa da, bu gün peşman deyiləm. Mədə xəstəliyi tapdım, ancaq əvəzində isə sənəti sənətkarlardan öyrəndim. Hansı sahə olur olsun, zəhmət çəkən uğur qazanacaq. Çətin olsa da istədiyinə bir gün çatacaq. Mənim bu sənətdə ucalmağımda Səyavuş Kəriminin rolu əvəzsizdir. İstəyir yüz yaşım olsun, yenə də unutmayacağam, deyəcəyəm ki, hər zaman sizin yanınızda tir-tir əsən şagirdəm. Mənim pulum varıydı klip çəkdirim? Mən Aygün Səmədzadə tanıyırdım? Bu sponsursuz bir müğənninin yaşadıqlarıdır. Mən atama, anama borclu olduğum kimi Səyavuş Kərimiyə də borcum var. O, mənimçün nələr elədi, amma məndən iyirmi qəpik pul istəmədi.
Lalə Məmmədova: “Özüm Leyli oldum...”
- Kayahanla dostluğunuz necə başladı?

- Bu bir möcüzə idi. Başqa ad qoya bilmirəm. Kayahan özü etiraf etdi ki, Lalə xanım, mənim əlimin altında qırx bir min disk olduğu halda mənim qarşıma sizin diskiniz çıxdı. Allah təala elə bil Kayahan bəyin ölümünə yaxın onun əli ilə, mənim həyatıma bir nur saçdırdı. Burada evini satıb, Türkiyədə “raskurutka” etdirən müğənnilərə demək istəyirəm ki, ciddi sənət meydana qoymaqla əsil sənətkar imicini formalaşdırmaq mümkündür. Hər zaman xarici ölkələrdə iş görüb, həmin işi Bakıda təqdim etməyin tərəfdarı olmuşam. Türkiyənin ən məhşur müğənnilərinin ifası olan bir CD-də mənim də ifamın səslənməsi çox şərəf və qürurverici bir hadisə oldu. Daha sonra Kayahan bəyin ölümünə bir ay qalmış, o mənə zəng vurdu sevincək bir səslə bildirdi ki, Lalə xanım “Hürriyyət” qəzetində CD haqqında yazı çıxıb. Bir şeyi anladım ki, “əsl sənətkar heç vaxt dərk eləmir, hansı sənətin sahibidir”. Azərbaycanda “Məktəb illləri” ilə bir vizit kartı yaratdığım kimi, Türkiyədə də Kayahanın “En iyileri” diskindəki ifam mənim həmin diskə salınan yeganə Azərbaycan müğənnisi olmaqla bir vizit kartım oldu.

- Həyat yolunuz hamar, yoxsa daşlı olub?

- Yox, əlbəttə hamar olmayıb. Populyar olmadığım üçün mahnı alınıb əlimdən. Sponsor deyib, bu xərci çəkirəm qoy məşhur müğənniyə oxudum. Qalmışam boynu bükük qıraqda. Sponsor nə bilsin ki, mahnı müğənninin övladı kimdir. Aylarla nazı ilə oynayıb ruhumuzla qidalandırırıq. Çox mənəvi zərbələrim olub. Üsyan edib də nə edəcəyimi düşünüb susmuşam. Susmuşam və düzgün nəticə çıxarmışam. Başıma nə gəlirsə gəlsin, insanları sevmişəm, yenə də güvənmişəm. Hərdən başıma gələnləri danışmağa qorxuram. Hərdən evdən çıxıram minlərlə insan içində sanki heç kimi görmürəm kimi gəlir mənə. İlk dəfədir bu haqda danışıram. Hərdən deməyə qorxuram ki, insanlar məni düz başa düşməz. Bir az fərqli düşüncələrdir deyə, deyirəm birdən dəli kimi baxarlar. Mənim üçün səhnə məscid kimi müqəddəsdir. O səhnəyə hörmətsizlik edənləri görəndə aqressivləşirəm. Məscidə it bağlasaq necə olar? Bax, səhnəyə layiq olmayanları səhnədə görəndə elə əsəb keçirirəm.

- Lalə xanım, indi Aygün xanım yeni bir “Məktəb illəri” bəstələsə və sizə o mahnını ifa etməyi təklif etsə, sizcə bu ifa ilk ifa kimi alınarmı?

- Bilirsiniz, məncə nə Aygün xanımın yeni “Məktəb illəri”, nə də Lalə Məmmədovanın yeni ifası illər öncə təqdim olunan “Məktəb illəri” ola bilməz.

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 889