Şərhlər
26.08.2015 / 11:48

Nikulin qonşunuz olsaydı?

Nikulin qonşunuz olsaydı?
Vasif AYAN / İnform.az


Həmişə bu adama qarşı qəribə bir sevgi olub məndə. Düzdür, Sovet filmlərindəki əksər aktyorları, rejissorları çox sevirəm, filmlərini çox təbii və güclü qiymətləndirirəm. Hətta bir aktyoru əsasən özümə ideal seçmişəm. Andrey Mironovu. Amma nədənsə, içimdən Yuri Nikulin səmimiliyi haqda cızma-qara etmək keçir. Nikulin doğrudan da Sovet filmi üçün qara briliantmı deyim, ən parlaq daş-qaşmı deyim, elə bir simadır. Belə düşünürəm.
Gəlin qayıdaq Nikulinin sirkdə kloun kimi çalışdığı dönəmlərə. Səsli kloun anlayışı indi dəb halını alıb. Amma Yuri Nikulinin bizə təqdim etdiyi kloun fəlsəfəsi əsl sənət idi. Hisslərlə, emosiya ilə, mimikalarla, gözləri ilə insanları güldürməyi bacarırdı. Nikulin dahi insan idi. Nikulinin istedadını da deyilənə görə Eldar Ryazanov kəşf etmişdi. Sirkə gedəndə bu maraqlı simalı insanın istedadına vurulmuş, onu filmə gətirmişdi. Nikulinin uğuruna isə məncə imza atan rejissor Leonid Qaydayı qeyd etməmək haqsızlıq olardı. Həm də onlar yaxın, ailəvi dost idilər. Yuri Nikulin mənim üçün dünyagörüşlü, mədəniyyətli, həyat yoldaşına daima sadiq bir insan kimi yadımda qalıb. Onun çəkildiyi filmlərdə bir təbiilik qoxusu var. O dövrün mənalı insanları, həyat səviyyəsinin sadəliyi və s. əlamətlər var filmlərində. Məsələn, “Brilliant əl” filmində həyətdə süpürgəçi qadın ilə dərdləşir, özü də səhər tezdən balığa getmək üçün həyətdədi. Təbii bir atmosfer var filmin kadrlarında. Arxa planda alçaq mərtəbəli yaşayış binaları. Məhəllədəki it saxlayan oğlan, yaşlı qoca, deyingən, zarafatcıl, qeybətcil, qadınlar - bir çox səmimiyyət dolu səhnələr var. Məsələn, çox sevirəm bu filmdən bir kadrı:
...Səhər ayılır, evin dağınıq olduğunu görür, sevimli həyat yoldaşının onu əbədi tərk etdiyi məktubla tanış olur, üzüntülü halda qəfil mətbəxdəki tavada yağ qaynamasının səsi gelir, yumurta sındırılır. Bu səs onun simasinda təbəssüm yaradır. Xoşbəxtlik əhvalına köklənir Semyon Semyonoviç Qorbukov – yəni Nikulin. Mətbəxə daxil olur, tapşırığı icra edən polis dostunun yumurtanı həvəslə döyəcləyib tavaya çırpmağını görür. Təbəssümü itir. Həyat yoldaşı deyilmiş deyə. Onlar bərabərcə səhər yeməyi yeyirlər. Bu yumurtanın səsi, bişirməsi və iştahla yeyilməsi mənim üçün çox səmimi, sevdiyim bir səhnə idi.
Bu mənzərə ilə səhər tezdən rastlaşmaq həyatın davam etməsi əlamətini göstərir mənim üçün. Amma hiss edirəm, yaşımdan böyük insanlar üçün çox darıxıram. Məsələn, çox arzulayardım Nikulinlə eyni zamanda yaşamağı. Nikulinin qonşum olmasını istəyərdim; əgər 1960-lar, 70-lər, 80-lərdə olsaydım. O illərdə olsaydım, keçmişin, o zamanın insanları, qonşuları ilə bərabər onun binanın blokundan çıxaraq hər kəsə “Dobrıy utro Strana!” deməsini istəyərdim. Bir sözlə, Nikulinin şəxsiyyətində, insanlığında və xarakterində o dövr üçün çox böyük həyat əlamətləri var idi. Kişi kimi kişi idi. Nikulinin sitatları da bu gün çox gündəmdədir. O, dolu və zəngin bir insan ömrü yaşadı və şərəflə başa vurdu. Nikulinin ən çox xatırlanan sitatı: "Никогда не мстите подлым людям. Просто станьте счастливыми. И они это не переживут..." – Bəli, bəli, bəli. Sadəcə yaxşı insan olmaq lazımdı, heç nəyə fikir vermədən, qısa həyatı xoşbəxt yaşamaq, doğru yaşamaq lazımdır. Nikulinin sloqanı bu idi. Həmişə deyirəm: "İstəyərdinizmi Nikulin kimi qonşunuzun olmasını və yaxud Yuri Nikulin qonşunuz olsaydı, nə hisslər keçirərdiniz? Nikulinə sualınız nə olardı? Ondan nə məsləhət alardınız?” Nikulinin xatirəsinə sevgilərlə...

Baxış sayı: 539