Şərhlər
25.08.2015 / 17:32

Azərbaycanlıların Allahı sevməyinin bir üsulu

Azərbaycanlıların Allahı sevməyinin bir üsulu
Xanəmir TELMANOĞLU / İnform.az


Biz müsəlmanlar külli-əşyaların mübarək adlarını Allahdan öyrənmişik. Bu tezisə inanır, buna qənaət gətirir, hesab da edirik ki, ən ağıllı, insani, elmi, lap elə metodoloji, imani yöntəm də budur:- Allahın insanlara əşyaların adını öyrətməsi. Ancaq bir məsələ də var ki, əşyaların adlarını insana öyrədən Allah, insanlara özlərinə adların verilməsini, qoyulmasını əşyalardan fərqləndirib və fərqli bir yöntəm aşkara çıxarıb. Biz insanlar dünyaya hər dəfə çıxan, açılan, xoş rahiyə bəxş edən güllərə, çiçəklərə hər yaz bir ad qoymuruq. Onlar elə əzəldəki Allahın insanlara bildirdiyi gül, çiçək və onlara xas olan növlərin adlarıyla belə demək mümkünsə, “müraciət “ edirik. Yaxud daşların, ağacların, quşların... düzdü insan oğlu, nəbatat, bitki, heyvanat aləmində ad qoyub götürdüyü çox adlar mövcuddur. Ancaq dünyanın, həyatın ilkin zəmnində, başlanğıcında konkret olaraq yer üzündəki əşyaların adlarını insana verəcək, öyrədəcək sirr, qüvvə, güc Allahdır. Elə başlanğıcda sözün olduğunu “İncil”dən də bilirik. Başlanğıcda sözün, kəlamın mövcudluğunu “Qurani-Kərim”dən də bilirik. Başlanğıcda sözün, kəlamın var olmasıyla Allahın insanlara bütün əşyaların adlarını öyrətməsinin nə əlaqəsi, münasibəti, sirri ola bilər? Hər halda sual doğuran məqamlardan biri də bu məsələdir! Bəs bu gedişata uyğun olaraq, Allah nədən insanlara onlara adlarının qoyulmasını insanların özlərinə həvalə edib. Əzəldə sözün var olması və bütün əşyaların adlarının insanlara öyrədən Uca Allah, mənə elə gəlir ki, bizə verdiyi bu sonsuz var-mülküylə, insana, insanlığa xüsusi olaraq inanıb. Yaxud da biz insanlar Allahın bu sonsuz nemətlərinin əhatəsində, Onun bizlərə verdiyi söz, əşyalardan öyrəndiyimiz adlarının işığında, özümüzü ona inandırmışıq. Bir sözlə, qarşılıqlı bir anlaşma sayəsində, Allah növbəti gedişatında insanlara özlərininə ad qoymasını onların özlərinə, özgürlüklərinə, insiyativlərinə, instinktlərinə həvalə edib.
Sözsüz ki, bir qism dilçilərin iddia etdikləri kimi, əzəldə bir dil mövcud olub. Elə o mövcud olan dili də, o dildəki sözləri də, əşyaların da adlarını Allah verib insanlığa. Sonradan sivilizasiya dəyişdikcə, müxtəlif səbələrdən, coğrafiyalardan, iqlim qurşaqlarının təsirindən, insanların məskunlaşdıqları relyefin fərqli imkanlarından insanların dillərində, danışıq və dünyagörüşlərində də çeşidliliklər özünü göstərməklə, əzəldə zatı bir olan insanların arasında fərqliləşmə, milliləşmə prosesi öz işini görür. Ancaq o da var ki, bu fərqliliyi, dəyişikliyi, milliliyi də bir bəxşiş və özəlliyimiz olaraq, bir-birlərimizin yaratdığı mədəniyyətləri, tarixi, icad etdiyi elmləri dərindən anlayıb tanıyaq, bir-birimizdən öyrənək deyə insanlra Allah verib.
Allahın insanların özlərinə ad qoyması, verməsi üçün insanlığa mükəmməl bir zəmin yaradır. İnsanın adlarına qədər sözü yaradır, əşyaların adlarını öyrədir. Yer üzündə öz xəlifəsini, etibarını yaradan Allah, insan oğlunu öz obrazında formalaşdırır. İnsanlıq da bu bəxşişi düzgün qavradığı zənnindəyəm. Yaradan öz adını özü qoyur özünə, öz adını özü verir özünə: Allah! İnsana da özünə ad qoymasını insanın özünə həvalə edir. Həm ona qədər bir zəmin yaradır, həm də ona bu rəhman və rəhim sifətiylə nöbəti bir özgürlük salnaməsi yazdıraraq insanı özünə ad qoymasına təşviq edir. Bizi öz surətində yaradan Allah bizə əzəldə yaratdığı kəlamla, insana öyrətdiyi əşyaların adlarıyla bir daha yaxınlaşmaqla, mesaj verməklə, bu iki arenada insan oğlu Allaha yönəlik mesajlarını gözləməyə başlayır. Bu adların keçdiyi sınaq nəticəsində uzun zaman kəsimində bu yer aləmində və başqa aləmlərdə insanlıq dünyası, insanlığın mahiyyəti özünə get-gedə qovulduğu cənnətə doğru yaxınlaşmasında vəsilə olacaqdı. Fikir versəniz, ilkin adlar hesab edilən bütün peyğəmbərlərin hər birinin adının mənası birbaşa Allahın varlığını, isbatını ortaya qoyaraq Onun sifətlərini təmsil edir, Onun sifətlərini qapsayan bir mənaya sahiblik edir.
***

Son zamanlar aparılan araşdırmalar nəticəsində yeni doğulan oğlan uşaqlarımıza verilən adların çoxunluğunu Yusif, qızlarınkını isə Zəhra təşkil etməsi bir çox mətləblərdən xəbər verir. Sözsüz, bu adın çox qoyulmasında hər kəsin sevə-sevə baxdığı İran filminin – Həzrəti Yusif filminin təsiri olmamış deyil. Quranda adı keçən peyğəmbərlərdən birinin adı Yusifdir. Bu ad Azərbaycanlıların mədəniyyət yaddaşında kifayət qədər epik, poetik bir təfəkkürlə öz əksini tapıb. “Yusif və Züleyxa” dastanı da bunun bariz nümunəsidir. Bu baxımdan ümumi götürdüyümüzdə Yusifin həyatı çox maraqlıdır. O həm də bir gözəllik mücəssiməsidir. Sözsüz ki, müsəlmanlar bu gözəlliyi həm də mənəvi gözəllik, hal və məqam gözəlliyi olaraq, özləri üçün yəqinləşdirmişlər. O həm də bir gözəllik mücəssiməsidir. Sözsüz ki, müsəlmanlar bu gözəlliyi həm də mənəvi gözəllik, hal və məqam gözəlliyi olaraq özlərinə nümunə götürmüşlər.Onun keçdiyi əzablı həyat yolu nə qədər ağır və acınacaqlı olsa da, bu həyatın ağırlığından onun varlığına və taleyinə yenə də dözüm, səbr, uduş, gözəllik, mutluluq kimi keyfiyyətlər sirayət edir. Bir sözlə Allaha olan sevgi, bağlılıq, əbədi iztirablar... bunun fonundakı ilahi xoşbəxtlik. Elə bu nüans göstərir ki, öz uşaqlarına Yusif adını verən bir xalqın təfəkkürü, düşüncəsi, dünyadərki, şüuraltı, mədəniyyəti metafizik olmağına baxmayaraq, daha çox İLAHİLİKLƏ yoğrulmuşdur. Məhz bu faktın özü göstərir ki, Azərbaycan xalqı Yusif misali Haqq yolunda əzab çəkməyi, səbrli, dözümlü olmağı, mübarizə aparmağı, Allahı sevməyi, lütfən diqqətli olun, bir xalq olaraq Allahı sevməyi, fiziksəl və ruhi, mənəvi baxımdan gözəl olmağı özü üçün müəyyən etmiş, təqdir etmiş xalqdır! Allahın ən gözəl silahiyla silahlanmış bir xalq heç vaxt nə mədəniyyətini qocaltmaz, nə genini deqradasiyaya uğratmaz, nə çətinliklərdən geri durmaz. Təbii ki, Yusif adının verdiyi bir statistik göstəri nəticəsində fikirlərimiz yalnız xalqımızın bu günüylə bağlı deyil. Aparılmış bir araşdırmalar nəticəsində klassik ədəbiyyatımızda Məhəmməd peyğəmbərdən sonra ən çox adı hallanan, bənzətmələr yapılan isimlərdən biri yenə də Yusifdir. Demək keçmişdə də, azərbaycanlıların bir ümmət, bir etnos, bir toplum kimi varlıq və xəyal dünyası gerçək gözəlliklə qaynayıb qarışmışdır. O gözəlliklə ki, “dünyanı gözəllik xilas edəcək” – tezisiylə xristianlıq anlayışını mükəmməl mənimsəmiş Dostoyevskinin qəsd elədiyi, vurğuladığı gözəllik, Yusifə xas olan gözəllik anlayışı idi.
Xatırladım ki, Azərbaycanın adlarla bağlı kitablarında Yusif adının mənasının artım, gəlir, Zəhra adının mənasını isə parlaq, çiçək kimi məna qarşılığıyla qeyd edilmişdir. Məncə, xalqımızın bu adlara özənməsi, bu adların daşıdığı mənaların dışında, o adların gerçək sahiblərinin keçdiyi mənəvi həyat yolu ilə bağlıdır.

Baxış sayı: 983