Sosial
25.08.2015 / 17:21

Ombudsman qəbul keçirib

Ombudsman qəbul keçiribAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avstriyanın sosial işçilər Assosiasiyasının icraçı direktoru, Azərbaycanda sosial xidmət təminatının inkişafı üzrə Tvinninq layihəsinin daimi müşaviri, ahıllar üzrə ekspert cənab Herbert Paulişini onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı da iştirak edib.

Görüşdə H. Paulişin Azərbaycanda keçiriləcək ahılların problemlərinə dair Tvinninq layihəsinin məqsədinin ölkəmizdə ahıllara göstərilən xidmət səviyyəsinin inkişaf etdirilməsi, müvafiq QHT və dövlət strukturları arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və peşəkar sosial işçilərin yetişdirilməsi olduğunu söyləmiş və Ombudsmanın bu sahədə olan təcrübəsinin və təkliflərinin gələcək layihə üçün çox əhəmiyyətli olacağını bildirib.

Ombudsman görüşdə ahılların sosial vəziyyətinin yaxşılaşdırılması və bu sahədə peşəkar sosial işçilərin yetişdirilməsi məqsədilə bir sıra təkliflər səsləndirib.

Qonaq Müvəkkilin ahılların hüquqları sahəsində səmərəli fəaliyyətini, dəyərli təcrübəsini, xüsusilə də Ombudsmanın Ahılların Resurs Mərkəzinin işini təqdir edib, bu sahəyə diqqət yetirdiyinə görə öz razılığını bildirib, yaxın vaxtlarda sözügedən mərkəzi ziyarət etmək istəyini bildirib.

Sonda Ombudsman qonağa təsisatda hazırlanmış ingilis dilində olan nəşr olunmuş “Müdrik ahıllardan bəhrələnək!” adlı bukleti hədiyyə edib.

İnform.az

Baxış sayı: 286