Sosial
24.08.2015 / 18:14

Otuz vaqon sifariş edilib

Otuz vaqon sifariş edilib “Bakıdan İstanbula gedəcək qatar ilk olaraq Tiflisdən keçəcək. Daha sonra qatar Tiflisdən Qarsa, oradan isə İstanbula gedəcək”. Bu sözləri SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov açıqlamasında deyib.

O qeyd edib ki, İstanbula səfər edəcək qatar Bakıdan çıxdıqda sonra birbaşa mənzilə çatacaq: "Səfəri həyata keçirəcək vaqonlar gələn ilin ortalarında Bakıda olacaq və bundan sonra səfərlərə başlanılacaq. Bakıdan çıxacaq qatar birbaşa İstanbula gedəcək, yolda hər hansı dəyişmə edilməyəcək. 2015-ci ilin sonuna qədər yolla bağlı işlər tamamlanmalıdır. 2016-cı ilin ortalarında vaqonlar Bakıya gətiriləcək. Qatarlar Avropa standartların uyğunlaşdırılmış ağır vaqonlardan ibarətdir. “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodu tərəfindən hazırda qatarlar hazırlanır. Qatarların texniki göstəriciləri çox yüksək səviyyədədir. Bakı- İstanbul səfəri ilə bağlı 30 ədəd vaqon sifariş vermişik”.

Səfərin müddəti və qiymətinə gəlincə, N. Əzməmmədov bununla bağlı məlumat verilmədiyini dilə gətirib: "Cədvəl müəyyən olunduqdan sonra səfərlərin qiyməti və müddəti də məlum olacaq. Bununla bağlı fikir söyləmək hələ tezdir. İki dövlətin dəmiryolları arasında razılaşma ilə tariflər müəyyən ediləcək. Bundan sonra gediş-gəlişlə bağlı cədvəl müəyyənləşəcək. Qatarın Bakıdan çıxdıqdan sonra hansı müddətdə İstanbula çatacağı isə cədvəlin müəyyən edilməsindən sonra məlum olacaq”.

İnform.az

Baxış sayı: 329