Şərhlər
24.08.2015 / 17:43

Azərbaycan bayrağında Göy Tanrının rəmzi

Azərbaycan bayrağında Göy Tanrının rəmzi
Dos. Dr. Faiq ƏLƏKBƏROV
Türkiyə və Azərbaycan ziyalılarının əksəriyyəti qədim türklərin dini-fəlsəfi inamı kimi şamanizm, totemizm, yaxud da bütpərəstlikdən daha çox tanrıçılığı, yaxud da göy tanrıçılığı (Göy Tanrıya inamı) qəbul etmişlər. Qədim türkcədəki «Tenqri» kəlməsi əvvəlcə göyü, sonra isə bəzi fonetik dəyişikliklər nəticəsində Tanrını ifadə etmişdir. Türklərdə, bir çox hallarda göyün Tanrı, yaxud səma, mavinin isə Yer mənasında işlədilməsinə rast gəlinir.

Türk bilginlərindən İbrahim Kafəsoğlu və Rəfik Özdək də hesab edirlər ki, qədim türklər heç vaxt nə totemçi, nə bütpərəst, nə də şamançı olmayıblar; şamanizm monqol inancı olmuş, türklər ara­sında geniş yayılmamış və daha çox sehr, cadu kimi başa düşülmüşdür. Hər iki tədqiqatçıya görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur:
1. Təbiət qüv­vələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam;
2. Atalar (ataya, böyüyə olan hörmət) kultu;
3. Göy-Tanrıya inam. R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri «Göy-Tanrı» dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz: «Göy üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inan­dıq­ları tanrıya da «Göy-Tanrı» deyən qədim türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçilt­məz, bütün göy üzünü sığdıracaqlarıməbəd kimi düşün­məz­dilər».

Türk Dünyasının böyük aydını Ziya Gökalp, hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, elin təcəssümü olan Göy Tanrı sülh Tanrısıdır. O, «Göy Tanrı»nın türk mil­lətinin tarix­in­də oynadığı rolu, Orxon kitabəsindən gətirdiyi bir iqtibasla belə ifadə etmişdi: «Orxon kitabəsində türk xaqanı belə deyir: «Türk Tanrısı türk milləti yox ol­ma­sın deyə atalarımı göndərdi və məni göndərdi. Mən xaqan olunca gün­düz dincəlmədim, gecə yatmadım. Türk milləti acdı–doyur­dum, çılpaqdı–geyindirdim, yoxsuldu–zəngin etdim»».

XX əsrin əvvəllərində türk dünyasının, o cümlədən, Azər­baycan türklərinin tanınmış siması Əli bəy Hüseynzadə qeyd edirdi ki, şamanizmdən sonra türklərin milli dinlə­rindən biri də «Göy Tanrı» olmuşdur. Onun fikrincə, bəzi şamanların əməlləri nəticəsində şamanizm bütpərəstliyə çevrilsə də, şaman bütpərəstliyi uzun sürməmiş və tanrıçılıq dini yaranmışdır. O yazır: «Fəqət şu təəddüd ilahə ilə bəra­bər türk oğuzlarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir me­yil bulunduğuna sahibüssəma mənasına gələn və ilahülilahə olması möhtəmil olan «tanrı», yəni gög tanrı və yaxud sadə «gög» denilən allah dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon abidəsinə görə ruh bir quş şəklində təsəvvür olunuyordu. Movtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir».

SSRİ dövründə akadimik Ziya Bünyadov «Tanrı» və «Göy Tan­rı» anlayışlarının müəyyən qədər izahını vermişdisə də, bunun konkret Azərbaycan xalqının qədim inancları ilə nə dərəcədə əlaqəli olub-olmamasına toxunmamışdır. O yazırdı ki, bugünkü Orta Asiya türk şivələrinin əksəriyyətində tenqri «Tanrı» və «göy» mənalarını ifadə edir. Onun fik­rincə, Türkiyə türkcəsində bu söz (olduqca qədimləşmiş) yalnız «Allah» mənasında işlənmişdir: «Orxon-Yenisey ki­ta­bələr­ində Tenqri daim ilahi bir qüdrət kimi göstərilir: onun iradəsi ilə kaan (xaqan, hökmdar) iqtidara gəlir və şəx­sən bu hökmdar Tenqri kimi və Tenqri doğumludur və Tenqri tərəfindən yaradılmışdır. Tenqri türk xalqını qoru­yur, onun milli varlığı, daimliyini təmin edir və türk bəy­lə­rinin düşmən üzərində qələbə çalmalarını dəstəkləyir. Bu si­fətilə, xüsusən türklərin hamisi olaraq türk Tenqrisi adlanır».

Tanrıçılığı Azərbaycan xalqının ən qədim dini-mifoloji təlimlərindən biri sayan dəyərli alimimiz Mirəli Seyidova görə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qa­ra, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında «Göy-Tanrı»­ya inam təsadüfən yaranmamışdır: «Türkdilli xalqlarda Göy–tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas ver­miş­dir ki, onun rəngi də müqəddəs sayılsın». O qeyd edir ki, Türkiyə və Azərbaycan türkləri baş tanrıya Tan­rı, altaylar və şorlar tenqri, xaqaslar tiqir, şumerlər din­qir, yakutlar tanqara adlandırmışlar.

Alimin fikrincə, azərbaycanlıların ulu babaları da «Göy» anlayışına xüsusi önəm vermişdir: «Azərbaycanlı­la­rın ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə sax­la­yan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı ne­mət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə–tanrı və onun rəngi ilə bağlayırlar». M.Se­yidov yazır ki, qədim türklərdə «Göy-Tanrı» ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Me­te­nin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən do­ğul­muş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.

Çağdaş Azərbaycan Türk araşdırmaçıları arasında tanınmış alim, professor, türkoloq Cavad Heyət isə bir­mə­nalı şəkildə iddia edirdi ki, türklər qədim dövrlərdə totemizm və şamanizmə deyil, təktanrıçılıq olan Göy Tanrı dininə inanmışlar. Onun fikrincə, totemçilərdən fərqli olaraq türklərdə ana yox, ata hüququ hakim olmuşdur, eyni zamanda türklər Qurdu uğurlu saysalar da, ona pərəstiş etməyiblər. C.Heyət yazır ki, totemçilər ruhun öldüyünə inansalar da, türklər ruhları əbədi bilib, kainatın da ru­hu­nun olduğuna inanıblar Totemizm və şa­ma­nizmi qədim monqol inancları sayan C.Heyət yazır ki, «əski türklərdə Kam və ya Qam ruhani mənasına gəlir, lakin şaman sözü hind-avropalı bir termindir». Onun fikirlərindən belə nəticə çıxır ki, totemizm və şamanizm türklər arasında monqollar tərəfindən yayılmışdı.

Türklər «insan göy», «insan-günəş»ə – Tan­rıya sitayiş ediblər. Türklər göyü 9 təbəqəyə bölüblər. Göyün hər qatı işıqla qaranlığın, xeyirlə şərin mübarizəsini əks etdirir. Tanrı xeyirxah və sərt, qoruyan və cəzalandırandır. Türk xalqlarının bir çoxunda həyatın, kainatın yaradılışı anlayışının özü Tanrıyla-Allahla əlaqələndirilir. Türk mifologiya­sı­nın tanrılar sistemində də birinci yeri Tenqri-Tanrı tutur. Göy tanrı qədim türklərin «əsl dini gerçək inam bəslədikləri»dir. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Qədim türklərdə «Göy Tanrı» ideyasına aşağıdakılar aid idi: 1) göyə işarə; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyini müəyyənləş­dirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlanğıcı ilə əlaqə funksiyası (Tanrı xan, Tanrı-Xaqan və b.).

Orta əsr Azərbaycan türk tarixçisi Fəzlullah Rəşidəddin də yazırdı ki, tanrıçılıq dinini Oğuz xan for­ma­laşdırıb və türklər arasında yayıb. Tanrıçılıq bütpərsətlik dini olmamış, ona görə də türklər sonralar asanlıqla İslam dinini qəbul etmişlər. Hər halda türklərdə tanrıçılıq, daha sonra tanrıçılıq qədər sev­dikləri İslam dini milli ideyanın (türkləşmək, çağ­daş­laş­maq, islam­laş­maq) başlıca istiqamətləri olmuşdur. Azərbaycan bayrağında öz əksini tapmış mavi (göy) rəng qədim türk­lərdə mövcud olmuş dini inanc – Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklərin inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün qutlu sayılırdı. Göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır. Deməli, türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – tək­al­lah­lı­lığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tan­rı­çılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tan­rıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.

Baxış sayı: 757