Baş xəbər, Siyasət, Müsahibə
24.08.2015 / 17:31

Yevda Abramov: “Deputatlıq boynumuza əbədi biçilmiyib ki...”

Yevda Abramov: “Deputatlıq boynumuza əbədi biçilmiyib ki...”

“Bizim müxalifətçilik yaradan institutumuz yoxdu”


Parlament seçkisi ilə bağlı hazırlıq işlərinə start verilib. Artıq seçkiyə qatılacaq namizədlər yavaş-yavaş bəlli olmağa başlayırlar. Bu gün ən şanslı partiya kimi Yeni Azərbaycan Partiyasının (YAP) adı çəkilir və paralel olaraq müxalifətdə olan rəqiblərin gücsüzlüyü qeyd olunur. Maraqlıdır, YAP-dan olan millət vəkilləri yenidən namizəd kimi irəli sürüləcəklərmi və seçki ilə bağlı aparılan hazırlıqları necə dəyərləndirirlər?
Millət vəkili Yevda Abramov İnform.az-a müsahibəsində bu kimi bir sıra məqamlara aydınlıq gətirdi.



- Yevda müəllim, seçkiyə çox az vaxt qaldı. Seçkiyə hazırlıq prosesini necə dəyərləndirərdiniz?

- Seçki ilə bağlı çox gözəl mühit yaradılıb. Mən indi rayondayam, bütün seçki məntəqələrində veb-kameralar qurulub, bütün partiyalar öz namizədlərinin siyahılarını verməyə başlayıblar. Seçkiyə sentyabrın 1-dən rəsmi start veriləcək. Yeni Azərbaycan Partiyası ayın 15-nə qədər yəqin ki, özünün bütün namizədlərini təqdim edəcəkdir.


“Əgər partiya, seçicilər bizim fəaliyyətimizi bəyənirsə, yəqin ki, öz kadrını itirmək istəməyəcək”


- Siz özünüz seçkilərə qatılacaqsınızmı?

- Biz partiyanın “əsgərləriyik”. Əgər partiya, seçicilər bizim fəaliyyətimizi bəyənirsə, yəqin ki, öz kadrını itirmək istəməyəcək. Partiya hər seçkidən seçkiyə monitorinq keçirir, deputatların seçildiyi yerlərdə nə dərəcədə qəbul edilməsini, seçicilərin tapşırığını necə yerinə yetirməsini, rayonun, respublikanın ictimai həyatında nə dərəcədə iştirak etdiyini araşdırır və sonra öz namizədlərini irəli sürür. Bu gün bəzi “bulvar qəzetləri”nin yazdıqları cəfəngiyyatdır. Mən onları qəbul etmirəm. Mən 10 ildir millət vəkiliyəm. Yəni, partiya və onun rəhbərliyi məsləhət görərsə, əməyimə qiymət verib layiq bilərsə, seçkilərdə mənim namizədliyimi verəcək. Verməsə də, yenə partiya sağ olsun, Azərbaycan xalqı sağ olsun. Deputatlıq boynumuza əbədi biçilmiyib ki... Bu gün mənəm, sabah başqası ola bilər. Burda qeyri-adi heç nə yoxdur. Mən hər şeyi nikbinliklə qəbul edirəm.


“İstəyirik ki, qarşımıza güclü müxalifət çıxsın ki, biz də bərkdən-boşdan çıxaq”


- Müxalifətdən olan rəqiblərinizin gücünü necə dəyərləndirirsiniz?

- Bilirsiz, mən həmişə demişəm ki, Azərbaycan iqtidarı güclü müxalifət axtarır. Amma bu bizdə yoxdur. Biz Azərbaycanda güclü müxalifətin olmasını istəyirik. İstəyirik ki, qarşımıza güclü müxalifət çıxsın ki, biz də bərkdən-boşdan çıxaq, özümüz də güclənək. Çünki, “döşək” üstünə çıxanda döyüşməyə “öz çəkində” adam olmalıdır. Amma, bizə rəqib ola biləcək müxalifət yoxdur. Mən müxalifətçilərin çoxu ilə oturub-dururam, parlamentdəki müxalifət partiyalarnın üzvləri ilə də yaxın münasibətlərin var. Bir-ikisi də mənim rəhbəri olduğun komissiyadadır. Nə parlamentdə, nə rayonda, nə də ümumilikdə respublikada müxalifətin olduğunu hiss eləmirəm. İndiki müxalifət dağınıq vəziyyətdədir. Heç özləri də bilmirlər ki, müxalifətdirlər, yaxud müxalifət deyillər. Onların arasında ümumi bir birlik yoxdur. Partiya yarananda biz də müxalifətdə olmuşuq. Bilirsiz, Yeni Azərbaycan Partiyası bir ildən çox müxalifətdə olub. Heç olmasa o təcrübədən öyrənsinlər ki, müxalifətçilik necə olur. Müxalifətçilik, dağıdıcılıq deyil. Müxalifətçilik iqtidardan daha ağıllı, əyani, təcrübi təkliflər verməkdədir, boşboğazlıqda yox. İndi bəzi müxalifət nümayəndələri də öz namizədliklərini veriblər. Yəqin ki, həmin ərazilərdə hörmətləri varsa, ağsaqqallıqları varsa, seçiləcəklər. Müxalifətsiz parlament heç bizim özümüzə də lazım deyil. Heç kimə lazım deyil.

“Bizim nə müxalifət istehsal edən fabrikimiz var, nə də...”


- Siz deyirsiniz ki, müxalifət yoxdur, amma belə fikirlər də var ki, bunun günahı elə iqtidarın özündədir.

- Biz özümüz də çalışırıq ki, müxalifət yaransın, güclənsin. Biz nə edə bilərik?! Bizim nə müxalifət istehsal edən fabrikimiz var, nə də müxalifətçilik yaradan institutumuz. Bunda iqtidarın günahı yoxdur.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 585