Baş xəbər, Mədəniyyət, Müsahibə
24.08.2015 / 14:23

Aftandil İsrafilov: “Mənim kimi qarmon ifa edə bilən ola bilməz”

Aftandil İsrafilov: “Mənim kimi qarmon ifa edə bilən ola bilməz” Azərbaycan Respublikasının xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov: “Ölməyimə yarım saat qalsa da, qarmonsuz qalmayacam” söyləyərək İnform.az saytına ürəyini açdı:

- Aftandil müəllim, necəsiniz?

- Bağdayam, istirahət edirəm. Bura o qədər də isti olmur. Buna görə yaxşıyam. Siz də yaxşı olun.

- Eşitdik ki, illərdi arzusunda olduğunuz solo konsertin hazırlıq işləri gedir?

- Bəli. Nə tez xəbər tutdunuz? İllərdi Azərbaycan xalqı üçün çalışıram. Buna görə də insanların xahişini nəzərə alıb, özümün şəxsən solo konsertini verməyi borc bildim xalqımın qarşısında. Düşünürəm ki, inşallah, hamı gözəl istirahətdən qayıtsın yaxşı bir konsert verim. Elə bir konsert olacaq ki, orda bir yer boş qalmayacaq. Xüsusən də bu konsertin xeyriyyə məqsədli olmasını qeyd edim. Dövlət sənətcisi kimi xalqımın qarşısında hesabat konsertimi verəcəyəm. Bu konsert Heydər Əliyev fondunun dəstəyi ilə həyata keçiriləcək. Siz sağ, biz salamat, yaşayaq birlikdə görək.

- Afdandil müəllim, tələbələriniz yoxdur. Haqqınızda deyirlər ki, paxıl insandır. İstəmir bildiyini kiməsə öyrətsin. Bu fikirlər doğrudurmu?

- Qızım, paxıl deyiləm. Sadəcə istəmirəm ki, kimsə Aftandil olsun. Mənim bəyəm müəllimim olub? Heç kim deyə bilməz ki, mənim əlimdən tutub bir “dınq” öyrədib. Yox, vallah özüm qulaq asa-asa, dinləyə-dinləyə Aftandil olmuşam. Qarmonu mənə görə sevib bu sənətə gələnlər mənim tələbələrimdir. Müəllim olmaq əlindən tutub yazdırmaqdan ibarət deyil. Elə mənə görə bu sənətə gələn mənim tələbəm sayılır…
Haqqımda “paxıldır” deyənlərin özü paxıldır ki, mənim tələbələrimi görür, ancaq həzm edə bilmir. Bir hadisə danışım.
Bir dəfə ata oğlunu götürüb gəlib bizə. Deyir ki, Aftandil, istəyirəm oğluma qarmonu öyrədəsiniz, dərs verəsiniz. Oğlum da ikinci Aftandil İsrafilov olsun. Elə bil məni tok vurdu. Dedim xeyir, olmaz. Getsin özü öyrənsin. Mən paxıl insan deyiləm, ancaq istəyirəm “kopyalanmaqdan” uzaqlaşaq, özümüz olaq. Bəlkə o gənc sabah məndən də tanınan musiqiçi olacaq. Əgər o Aftandil olmaq istəsə, onda o özü ola bilməyəcək. Əgər paxıl olsaydım o biriləri kimi, camaatın pulunu alıb yeyərdim, sonrada “özü bilər, istər tanınsın, istər tanımasın” deyib adını qoyardım ki, dərs verirəm, tələbələrim var. Öz millətimin cibinə girib onu aldatmağı heç vaxt düşünməmişəm. Adamın öz istedadı olmalıdır. Mən öz bacarığıma, istedadıma görə sənətkar oldum. Əlli gənci bir otağa yığıb müəllim adına zərər gətirməkdənsə, elə mənim kimi “tələbəsi yoxdur, paxıldır” deyilməsi daha savabdır.

- Bir də deyirlər ki, siz not bilmirsiniz, ali təhsiliniz yoxdur deyə tələbə də ona görə götürmürsünüz?

- Mən yalanı sevmirəm. Bəli, ali təhsilim yoxdur, not bilmirəm. Mənim barmaqlarım notlarımdır, yazdıqlarım mahnılar da ali təhsilimdir. Onu da deyim ki, mən bəstələrimi gecələr işləyirəm. Not bilməsəm də, xalqın sevgi notu mənim üçün köklənib. Görünür, elə buna görədir ki, Azərbaycanda qarmon çalanlar arasında məndən başqa fəxri ad alan olmayıb. Necə qarmon ustası olmağım bunun əyani sübutdur. İfamı istedadı və səviyyəsi olan insanlar dinləyib. Ulu öndərimiz Heydər Əliyevin mənim sənətimə qiymət verib. Heydər Əliyev musiqini gözəl bilirdi. Hər dəfə məni görəndə deyirdi ki, Aftandil, sənin “Kəmalə” rəqsin çox gözəldir, ürəyimcədir. Heydər Əliyev mənə daim diqqət göstərib. Bu da səbəbsiz deyildi. Ölkədə minlərlə qarmon çalan var, hamısı sıra ilə düzülsün, mənim kimi ifa edə bilən ola bilməz.

- Heç not öyrənmək, təhsil almaq fikriniz olub?

- Daha not öyrənmək, təhsil almaq gecdir. Düzünü deyim ki, təhsil almaq fikrim də olmayıb, heç vaxtım da olmayıb. Dağa-daşa da düşməmişəm, yolum da ki, həmişə hamardan hamar olub. Musiqini ruhumla sevib, barmaqlarımın sehri ilə can vermişəm. Bəs deyilmi?

- Sizdən sonra qarmonda yaxşı ifa edən ustad görürsünüz?

- Kaş görə biləydim. Bəlkə olacaq, amma indi yoxdur. Hələ hazırlanırlar. Hazırda Azərbaycanda qarmon sənətkarları bütün başqa musiqi sənətkarlarından çoxdur. Səbəb də, həvəsləndirən mənəm. Görürlər ki, qarmon çalmaqla ailə də dolandırmaq, qız qapısına gedib hörmət-izzətlə qız almaq da, oğul evləndirib ad-san sahibi olmaq da olur. Ona görə də çoxu qarmon ustası olmağa can atır. Kimsə bizim sahədən narazı ola bilməz ki, “pul gətirməyən işdir” - deyə. Əksinə, əla pullu işdir. Düzdür, Azərbaycanda məndən başqa fəxri ad alan qarmon ifaçısı yoxdur. Bəlkə gələcəkdə olacaq, hələlik birinciyəm, hələ ki, yoxdur…


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1330