Layihələr, Müsahibə
24.08.2015 / 11:38

Vaqif Mustafayev: “Qorbaçov Azərbaycan xalqının ona nifrət etdiyini etiraf etdi”

Vaqif Mustafayev: “Qorbaçov Azərbaycan xalqının ona nifrət etdiyini etiraf etdi” Zamanında qəzet və ya dərgilərdə nəşr edilmiş və bu gün internet mediada olmayan elə maraqlı yazılar və müsahibələr var ki, bu gün də aktual olaraq qalır. İnform.az həmin yazıları “Oxumadığımız yazılar” rubrikasında oxucuların diqqətinə çatdırır.
Beləliklə, “Oxumadığımız yazılar” kinorejissor Vaqif Mustafayevin 2002-ci ildə “Yeni Azərbaycan” qəzetindəki müsahibəsini təqdim edir:




Özü haqqında açıqlama verməsini xahiş etsəm də, təvazökarlıq edib bu sözləri dedi:

- Nə deyim, onu deyə bilərəm ki, mən balaca idim birdən böyüdüm. Gəlib çatdım bu yaşıma . İndiyədək nə etdimsə, nə uğur qazandımsa doğma elim, sevimli vətənim üçün etdim.
Bu sözləri söyləyən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Avropa Kino və Televiziya Akademiyasının üzvü, istedadlı kinorejissor, prezident Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məşhur filmlər toplusunun müəllifi, özünəməxsus sadəliyi və təvazökarlığı ilə seçilən Vaqif Mustafayevdir.

- Vaqif müəllim, söhbətimizin təməlini elə möhtərəm prezidentimizin şanlı ömür kitabından bəhs edən filmlərlə qoymaq istəyirəm. Belə bir film çəkmək, dünya şöhrətli bir siyasətçi, bir öndər haqqında sənət əsəri yaratmaq olduqca çətin və məsuliyyətli işdir. Bu filmlər necə yarandı?

- Bu mənim çoxdankı arzum idi. Mənim uşaqlıq illərim 60-cı illərin sonu, 70-ci illərin əvvəllərinə düşüb. Yaxşı yadımdadır, 70-ci illərin əvvəllərində elə bir ev olmazdı ki divarında Mayakovskinin, Heminqueyin şəkli, kitab rəflərində “Ovod” əsəri olmasın.
Hamı özünə bu və ya digər yazarların əsərlərində ideal axtarırdı. Hamı kənarda-xaricdə ideal gəzirdi.
1988-ci ilin sonu, 1990-cı ilin əvvəlində yenidən xalqımız müsibətlərlə üzləşdi. Çox ağrılar yaşadıq. Xalqının faciələrini ürək ağrısı ilə yaşayan, elindən-obasından uzaqda olsa da qəlbi Azərbaycan eşqi ilə vuran bir şəxsiyyət, hər an, hər dəqiqə xalqına vurulan ağır zərbələrin səbəbkarlarının axtarılıb meydana çıxarılması və onların bu xalq qarşısında cavab vermələri üçün bütün səy və bacarığını sərf edən bu insan-Heydər Əliyev ən yüksək zirvəyə-qəhrəmanlıq zirvəsinə qalxdı.
Bu gün artıq çox ölkələrdə bu şəxsiyyəti özlərinə ideal seçirlər. Mənimsə onun haqqında film çəkmək istəyim, təkrar edirəm, lap çoxdan olub. Onun fəaliyyətini həmişə izləmişəm, müşahidə etmişəm. Harada olubsa, haradan keçibsə o yerdə dayanıb xeyli baxmışam. Bu insana məhəbbət, maraq məndə çoxdan oyanıb. Və mən bu insanı özümə ideal seçmişəm. Hər dəfə onun insanlarla görüşlərini, onlarla münasibətini izlədikcə özümə belə bir ideal seçdiyimə sevinirəm.
Bir vaxtlar arzulasam da heç inana bilməzdim ki, bu şəxsiyyət haqqında ilk böyük həcmli filmin müəllifi mən olacam. 1997-ci ildən qəti qərara gəlib başladım bu filmləri çəkməyə.
1999-cu ildə möhtərəm prezidentimiz məni və görkəmli operator Lomer Axvlidanini qəbul etdi. Həmin görüşdə mən ilk dörd filmi prezidentə təqdim etdim. Söhbət zamanı qısqanclıqdan, paxıllıqdan, həsəddən, Motsart və Solyeridən söhbət düşdü. H.Əliyev və M.Qorbaçov münasibətlərindən söz açıldı. Kremldən, prezidentimizin moskva həyatı və fəaliyyəti barədə danışdıqca, dərk etdim ki, həqiqətən cənab H.Əliyevin Mərkəzi Komitədən uzaqlaşdırılmasına səbəb məhz M.Qorbaçovun H.Əliyev şəxsiyyətinə olan paxıllıq və həsəd hissi olub. Və qəti qərara gəldim ki, mütləq Qorbaçovu tapıb bütün bu olaylar haqqında sualları ona verim, bütün bunların səbəbini öyrənim.
Mən qarşıma məqsəd qoydum ki, yox, nə olursa-olsun, onu-Qorbaçovu tapmalıyam. Məndə belə bir xüsusiyyət var, bir fikrə ki gəldim özümə və yaxud bir başqasına söz verdimsə fərqi yoxdur, nəyin bahasına olursa-olsun, gərək onu həyata keçirəm. Bu da çox əziyyətli olur.

20 Yanvar faciəsi və xalqımıza qarşı törədilən bədbəxtliklər...


-Nəhayət, Qorbaçovu tapdım və bütün bu sualları filmdə ona verdim. Film çəkildi. Bunu kimsə etməliydi. Nəinki Azərbaycandan, bu filmin müəllifi elə Qazaxıstandan, Gürcüstandan, Litvadan da ola bilərdi. Ona görə bu ölkələrin adını çəkirəm ki, məhz Qorbaçovun rəhbərliyi ilə bu respublikalarda da çox faciələr törədilib. Mən bunu hamının əvəzindən etdim. Bu filmlə nəinki biz, hətta qazaxlar, gürcülər, litvalılar da fəxr edirdilər ki, biz gedib mənəvi qisasımızı ondan aldıq. Nəinki, qisasımızı aldıq, hətta bu filmi Qorbaçovun vətənində-Rusiyada nümayiş etdirdik. Sual verə bilərsiniz ki, nəyə görə mən başqa xarici ölkədə deyil, məhz Rusiyada keçirilən forumda bu filmdə iştirak etdim. Ona görə ki, həm rusların bu filmə münasibətini öyrənmək, həm də Qorbaçovun iç üzünü öz həmvətənlərinə sübut etmək üçün.
V Avrasiya teleforumunda münsiflər heyətinin sədri L.Nikolayev səhnəyə çıxıb baş mükafatı-“Qran Pri”ni təqdim edəndə dedi ki, cəsarət lazım idi ki, bu filmi Rusiyaya gətirib nümayiş etdirəsən.
Mənim üçün ən vacib məsələ o idi ki, Rusiyada bu filmi təsdiqlədim və bu film orada nümayiş olundu.
Bu il oktyabrın 1-dən 6-na kimi Yekaterinburqda keçirilən çox məşhur və çox möhtəşəm bir mərasimdə-sənədli filmlər festivalında bu film əsas mükafatlardan birini qazandı.
Orada iştirak edən ermənilər və bəzi ruslar münsiflər heyətinə təsir göstərmək istəsələr də, bütün təzyiqlərə baxmayaraq biz mükafatı aldıq.
Öncə qeyd etdiyim kimi, oktyabrın 11-dən 17-ə kimi Moskvada V Avrasiya teleforumunda da ən yüksək mükafata-”Qran Pri” mükafatına layiq görüldü. Bu forumun bütün gedişatı TVC kanalı ilə hər gün nümayiş olunurdu. Axırıncı gün bağlanış günü canlı yayımlandı və bu film nümayiş olundu.
Yenə də İ.Nikolayevin sözlərini xatırladıram. O dedi ki, Rusiyanın heç bir kanalı cəsarət etməzdi bu filmi göstərməyə. Amma, biz bu filmə mükafat veririk.
Bu sözləri təkrarlamaq mənə bir vətəndaş kimi xüsusi ləzzət verir. Mən sevinirəm və elə düşünürəm ki, biz hamımız tez bir zaman içərisində bu düşüncəyə gəlib çatacağıq ki, bizim millət ən yüksək səviyyəli millətlər arasında öz layiqli yerini tapıb.

- ”Bir həsədin tarixi”-bu filmi çəkərkən, ən əsas da Qorbaçovla bağlı olan süjetlərdə, yəqin ki, qarşınıza çox çətinliklər çıxdı.

- Bilirsiniz, mən yuxarıdan danışmıram, olanı deyirəm. Qorbaçovu gedib tapmaq, onu çəkmək, bu filmi aparıb Rusiyada nümayiş etdirib mükafat almaq, təsdiqləmək, bunların hamısı kosmosa uçub qayıtmaqdan çətindir.
Bizdə çox qəribə xüsusiyyət var-adiləşmək. Möcüzə olsa belə, deyəcəyik nə olsun ki, bu belə də olmalıdır. Bu film başqa bir ölkədə çəkilsəydi... amma, bizdə bir dəfə yazılıb, bir dəfə efirdə göstərilir və deyilir ki, artıq bu işıqlandırılıb. Mənim heç nəyə ehtiyacım yoxdur, məni düzgün başa düşün. Sadəcə qazanılan hər bir uğuru tək bir fərdin adı ilə yox, onun mənsub olduğu xalqın adı ilə bağlamaq lazımdır.
Bu qələbə, bu mükafat tək mənim yox, bütün Azərbaycan xalqınındır.
Yaxşı yadımdadır. 1990-cı ilin yanvarın 21-idi. Mən keçmiş Lenin prospekti ilə aşağı düşürdüm. Rus əsgərləri hər addımbaşı dayanmışdılar. Beş-altı qadın ağlaya-ağlaya mənə yaxınlaşıb dedi: “Vaqif müəllim, siz bütün bunları görürsünüz?” onların nə demək istədiklərini başa düşürdüm. “Görürəm -dedim, zaman gələcək, gördüklərimi mən bunlara bildirəcəyəm”
Bu əhvalat 1990-cı ilin yanvarın 21-də olmuşdu. Və mən 1999-cu ildə hörmətli prezidentimizlə görüşəndə Qorbaçov mövzusuna toxundum və belə bir film yaratmaq fikrində olduğumu vurğuladım. Dediyim sözün üstündə durdum. Çətinliklərim çox olsa da, məqsədimə nail oldum. Minlərlə şəhid vermiş Azərbaycanın hər bir vətəndaşı bu gün dərk etməlidir ki, xalqımızın başına gətirilən müsibətlərdə əsas qatil Qorbaçov və onun rəhbərlik etdiyi Sovet imperiyası olub.
Bütün bu olaylar haqqında Qorbaçovdan soruşmuşuq. Mənim üçün açıqlanası ən əsas suallardan biri bu idi ki, görən o bilirmi ki, Azərbaycan xalqı Mixail Qorbaçov adlı şəxsə nifrət edir?
Mən bu sualıma cavab aldım. Bu filmdə özü etiraf edərək deyir: “...və Azərbaycan xalqı mənə nifrət elədi”. Bu sözün ardınca məşhur bir kadr-Qorbaçovun şəklinin yandırılması kadrı göstərilir.
Bu film teleforumda nümayiş olunanda Qazaxıstandan bir nümayəndə mənə yaxınlaşıb soruşdu ki, bilirsiniz nəyə görə bu camaat ayaq üstə qalxıb əl çalır, sevinir? Dedim ki, xeyr. Dedi: “Ona görə ki, Heydər Əliyev Moskvada Siyasi Büroda olarkən bir sıra respublikalara, onların bəzi rəhbərlərinə çox kömək edib.” Bu alqışları Heydər Əliyev şəxsiyyətinə olan böyük məhəbbətin təcəssümü adlandırsam səhv etmərəm.
Baxın, bunların təhlilini alimlərimiz, kinoşünaslarımız verməlidirlər. Amma, hamı susur. Bəzi uğurlarımızı gözləri götürməyən mətbuat orqanları, əgər onları belə adlandırmaq mümkünsə, yazırlar ki, Qorbaçov niyə Heydər Əliyevə qibtə etməlidir, bəzisi yazır ki, Qorbaçova müsahibə üçün külli miqdarda pul ödəmişəm. Hansını deyim?
Adamın onlara yazığı gəlir. Ona görə ki, axı bunlar özləri də Heydər Əliyev şəxsiyyətinin böyülüyünü dərk edirlər, amma etiraf etmək istəmirlər. Amma hər şeyin öz vaxtı var. Zaman gələcək onlar da Qorbaçov kimi çox şeyi etiraf edəcəklər.
Bir də ki, mən onları azərbaycanlı adlandıra bilmirəm. Mən onları erməni adlandırıram . Bu yaxınlarda televiziyada çıxışımda dedim, o “ermənilər” hansılar ki belə yazırlar, yazırlar.

- Milli ermənilərimiz...

- Düz deyirsiniz, milli ermənilərimiz gedib otursunlar Yekaterinburqda, bizə maneçilik törətmək istəyən ermənilərin yanında, ya da ki, gedib otursunlar Moskvada və gözləsinlər ki, Vaqif Mustafayev bir ildən sonra Heydər Əliyev haqqında novbəti filmini gətirəcək ora və həmin film də qalib gələcək. Və yaxud da ki, başqa bir ölkəyə gedib gözləsinlər.
Bu, düşünülməz bir şeydir. Moskva-Rusiya bu filmi bəyənir, ən yüksək mükafatı verir. Amma, mənim öz həmvətənim öz elimdə film haqqında qəribə təəssüratlar yaratmağa çalışır.
Belə bir misal var:“millətimin pisinə də qurban, yaxşısına da”. Mənsə belə deyərdim: “millətimin yaxşısına qurban, pisinə Allah lənət eləsin”.
Baxın, budur bizim yaralı yerimiz-adiləşdirmək tendensiyası və belə bir alçaq düşüncəli insanların bu həyatda yaşaması.
Ən böyük həyat dərsliyimiz var-Heydər Əliyev.
Ən möhtəşəm dərslik onun haqqında yazılan kitablar, onun həyat və fəaliyyəti ilə bağlı çəkilən filmlərdir.
Bizim xalq, deyərdim ki, bütün xalqlara nümunədir. Başqa xalqlar belə bir öndərimiz olduğu üçün bizə həsəd apardıqları halda, öz içimizdəkilər bu fenomen şəxsiyyətə qara yaxmaqdan, böhtan atmaqdan utanmırlar.
Onu da deyim ki, “Bir həsədin tarixi” filminin Almaniya və Misirdə böyük təqdimetmə mərasimlərinə hazırlıq görülür. Hər iki ölkənin dövlət televiziyası ilə bu film nümayiş olunacaq. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev artıq hamı üçün danılmaz nümunədir. Dövrümüzün ən böyük qəhrəmanı da, ən böyük mədəniyyət nümunəsi də yenə Heydər Əliyevdir.

- Bu film neçə hissədən ibarət olacaq? Artıq yeddinci film bitib və uğur qazanıb.

- Simvolik olaraq 12 hissədən ibarət bir film çəkməyi planlaşdırmışam. Onu da deyim ki, Heydər Əliyev haqqında yüz hissəli film çəkilsə belə yenə də azdır. Məni düzgün başa düşün. Bu, pafosla deyilmiş sözlər deyil. Bu, həqiqətən də belədir. Hörmətli prezidentimizin respublikamız, xalqımızın rifahı üçün gördüyü işlər yüz hissəli filmə belə sığmaz.
Ötən il IV Avrasiya teleforumunda “Heydər Əliyev əsl məhəbbət haqqında” filmi əsas və xüsusi mükafatlara layiq görüldü. Yəqin bilirsiniz ki, həmin filmin qəhrəmanı cənab Heydər Əliyev də mükafata layiq görüldü. Həmin mükafat bu il avqustun 2-də Respublika sarayında Milli Kino günü ilə bağlı keçirilən mərasimdə prezidentimizə təqdim olundu.
Başqa ölkələrin rəhbərləri haqqında da filmlər var. Amma, mən bir şeyi yəqin etdim ki, Heydər Əliyev haqqında film olan yerdə, başqa heç bir film qalib gələ bilməz. Hər dəfə festivallarda tamaşaçıların bu filmləri alqışlamaları əbəs deyil.
Inşallah bu yaxınlarda bu filmlərin növbəti-səkkizinci hissəsinin çəkilişinə başlayacağam. Fikrim var ki, prezidentimizin ad gününə kimi filmi bitirim.

- Vaqif müəllim, bildiyimə görə, siz Heydər Əliyev haqqında yeddinci filmi çəkəndə artıq prezident seçkisi ilə bağlı kampaniyanı başladığınızı elan etmisiniz.

- Bəli, gələn ilin payızı nda prezident seçkiləri keçiriləcək. Mən artıq bu kompaniyanı öz filmlərimlə başlamışam. Bəlkə də, bir az bu kompaniyaya tez başlamışam . Amma, mən öz seçimimdə yanılmadığıma əminəm.

- Vaqif müəllim, yəqin ki, xarici ölkələrdən indiyədək dəvətləriniz çox olub.

- Bu günə qədər var. Baxın(cibindən bir məktub çıxarır). Bu filmləri çəkməyi mənə həvalə etmək istəyirlər. 29 tammetrajlı filmdir. Əgər bu işi boynuma götürsəm, gərək köçəm başqa bir ölkədə yaşayam və ömür boyu bu filmləri çəkəm. Amma, mən müstəqil Azərbaycanımın vətəndaşı olmağı hər şeydən üstün tuturam. Çünki, bu gün Heydər Əliyev kimi bir dövlət başçısının rəhbərlik etdiyi ölkənin vətəndaşı olmaq ən böyük xoşbəxtlikdir. Bu gün bu ölkənin bayrağına hörmət bəsləmək, himni çalınanda ayağa qalxıb “vətənim üçün, dövlətim üçün mən nə edə bilərəm?” deyə fikirləşməyi bacarmaq, hamımızın müqəddəs borcudur. Baxın, bu vətəndaşlıq, azərbaycançılıq hissidir mənə bu ölkəni tərk etməyə imkan verməyən. Vicdanım heç vaxt yol verməz ki, öz şəxsi mənafeyim üçün başqa bir ölkəyə gedib oraya uğur qazandıram. Zaman keçdikdən sonra qayıdam gələm ki, mən də varam. Onda xalqımın üzünə necə baxaram?

Xalidə Xalid
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Yeni Azərbaycan” qəzeti
16.11.2002

Baxış sayı: 630