Maqazin, Müsahibə
22.08.2015 / 13:32

Zaur Əmiraslanov- “Ömür ovucumuzun içinə sığacaq qədər azdır”.

Zaur Əmiraslanov- “Ömür ovucumuzun içinə sığacaq qədər azdır”. Tanınan klassik estrada müğənnisi, "Bakı payızı - 2001" musiqi müsabiqəsinin qalibi, əməkdar artist, Luis Migelin ifasında tanınan Zaur Əmiraslanov İnform.az-a danışdı:


- Zaur bəy, yeniliklərə hazırsınız, yoxsa hələ istirahət edirsiniz?

- Bəlkə də bu suala başqa cavab gözləyərdiniz. Amma mən həqiqəti deyəcəyəm. Nəzərə alaq ki, bu günün müğənniləri öz yeniliklərini də, uğurunu da toylarının sayında görür. Sənətlərində baş verən yenilikləri, uğurları ancaq formal yazı səviyyəsindədir. Oxucu, dinləyici kütləsində maraq oyatmır. Çünki bu gün Azərbaycanda da qaçılmaz bir reallıq var: maraq və reytinq. Təkcə efirlərdə gedən verilişlərdə, “şok-şok” deyən verilişlər və saytlarda, qəzetlərdə qalmaqallı başlıqlardır. Ona görə, mənim elə bir yeniliyim yoxdur.

- Bu il hansı yeni layihəniz ilə tamaşaçıları sevindirəcəksiniz?

- Layihəni həyata keçirmək müğənni üçün çox maliyyə tələb edir. Müğənni üçün bu çətindir. İş adamlarımızı da belə işlər maraqlandırmır. Mən öz adımdan deyə bilərəm ki, daim istədim ki, bu görəcəyim işi ustalıqla həyata keçirim və sənətin zirvəsində dayanım. Mən bu gün bunu bacardığıma inanıram. Bu sözü deməyə özümdə məharət bilirəm. Çünki gördüyüm işlər və sənətdə qazandığım nüfuzum və uğurlarım buna əyani sübutdur.

- Şou-biznesdə özünüzü hansı pillədə görürsünüz?

- Mənim üçün yerli şou biznes yoxdur. Ona görə də, o dediyiniz pillədə yerim yoxdur.

- Klassik estrada da özünüzə rəqib olaraq kimi görürsünüz?

- Bu sənətdə heç kimi özümə rəqib bilmirəm. Səbəb əgər nəzər salsanız görərsiniz ki, bu fikrimdə haqlıyam. Çünki mənim qədər müxtəlif dillərdə ifa edən müğənni yoxdur. Buna görə də, tam arxayınlıqla deyə bilərəm ki, bu sənətdə özümü eyni tərəzidə qoyacağım ifaçı yoxdur.

- “Bakı payızı - 2001" mahnı müsabiqəsinin birincisi olmasaydınız, yenə də bugünkü kimi tanına bilərdinizmi?

- Əlbəttə tanına bilərdim. Sadəcə olaraq müsabiqələr bir ələkdir və gənclərə stimul verir. Mənim üçün də bu müsabiqə ilk addımlarımın məkanı oldu. Danmaq nadanlıq olar. “Bakı payızı - 2001" musiqi yarışmasının sənətimdə rolu böyükdür.

- Həmkarlarınızla qalmaqalda ilk addımınız nə olur?

- O sirrdir.

- Zaur Əmiraslanov kimdir?

- Zaur Əmiraslanov vətəninə, el-obasına sadiq, sadə Azərbaycan vətəndaşı…

- Xoşbəxt olmaq üçün ilk addım?

- Xoşbəxtlik dövrümüzdə çoxlarının məhrum olduqları bir anlayışdır. Çox əfsus insanlıq itir. Mənim üçün xoşbəxtliyə ilk addım ətrafında olan adamlara özündən çox dəyər verməkdir.

- Oxucularımıza İnform.az vasitəsilə nə demək istərdiniz.

- Özümə arzuladığım ən gözəl istəkləri onlara da diləyirəm. Həyatda bütün çətinliklərə, problemlərə baxmadan xoşbəxt olsunlar. Çünki ömür ovucumuzun içinə sığacaq qədər azdır. Mənim xalqım xoşbəxt olmağa layiqdir. Çünki çox bəlalardan üzü ağ çıxıb.


Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 585