Şərhlər
15.08.2015 / 09:59

“Hacı biznesi” niyə çökdü?

“Hacı biznesi” niyə çökdü?
Aqil CAMAL / İnform.az


Bu hal son illərdir Azərbaycanda təkrarlanır. Həcc ziyarəti ərəfəsində məlum olur ki, ölkəmizə Səudiyyə Ərəbistanı tərəfindən ayrılmış zəvvar kvotasında kəsir var. Bu il də Həcc ziyarətinə səfərin başlamasına 20 gün qalmasına baxmayaraq, Azərbaycan zəvvarları üçün ayrılmış Həcc kvotası bu günə kimi də dolmayıb. Araşdırmaya görə keçən ilki kvota ilə müqayisədə 40 faiz azalma olmasına, bu ilki kvotanın cəmi 2400-ə düşməsinə baxmayaraq, azərbaycanlılar bu il nədənsə həccə getmək istəmirlər. Deyilənə görə, müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, həcc kvotalarının dolmasında bu cür çətinlik yaranıb.
Hər il olduğu kimi, yenə də “Həcc” ziyarətini təşkil edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) “Həcc” ziyarətinə dəvət elanları yayımlanır. Bu il “Həcc” ziyarətinə getmək üçün müraciət edənlərin az olmasını QMİ rəsmisi maraqlı bir səbəblə əlaqələndirib: “Havaların isti keçməsi ilə əlaqədar…”.
Bu əsaslandırma mənə bir lətifəni xatırlatdı. Buz üstə konki sürmə yarışında axırıncı yeri tutan azərbaycanlı idmançı belə səbəb göstərir: “Yer sürüşkən idi”. İndi, “Həcc” ziyarətinə müraciətlərin az olmasının havaların isti keçməsi ilə əlaqələndirilməsi də, “buz üstə konki sürən idmançının yerin sürüşkən olmasından şikayətlənməsinə bənzəyir. Məgər, başqa vaxtlar isti havada “Həcc” ziyarətinə gedilməyibmi? Yaxud, Məkkədə kim yay ayında dizdən qar yağdığını görüb?
Amma əslində hacı kvotasının dolmaması havaların isti keçməsi ilə bağlı deyil. Əsl səbəb odur ki, “Həcc” səfəri dindlarlar üçün hər il daha da bahalaşır. Açıqlanan rəqəmlərə görə əgər keçən il Azərbaycanda ən ucuz variant üzrə “Həcc”ə səfər xərcləri 3250 manata başa gəlirdisə, bu il həmin variant üzrə xərclər 4700 dollara (təxminən 5000 manata) qalxıb. Yəni, bu qədər katastrafik bir qiymət qalxımı baş verib. İnsanların maddi imkanları isə bu cür ağır xərci qaldırıb “Hacı” olmağa imkan vermir. Xüsusən də, nəzərə alsaq ki, əhalinin gəlirlərində, həmçinin, gündəlik tələbat mallarının qiymətində mənfi yöndə dəyişikliklər var. Belə bir şəraitdə artıq “Hacı” titulunu qazanmaq çoxları üçün yalnız bir xəyala çevrilir.
Bu məsələnin maddi tərəfi. Bir qədər də mənəvi tərəfi haqqında. Axı, “Həcc” ziyarəti bir mənəvi missiyadır. Bu baxımdan, belə müqəddəs ziyarətə kvota tətbiq olunması, reklam vasitəsilə zəvvar dəvət edilməsi, “Həcc” ziyarətinin müqəddəsliyinə, könüllülüyünə ziddir. Kimin imkanı ilə istəyi üst-üstə düşəcəksə, sizin reklamınız olmadan belə, o sizi arayıb tapacaq.
Digər tərəfdən, “Həcc” ziyarətinə dəvətlə bağlı reklamların verilməsi, bu prosesin kimlər üçünsə maddi gəlir qaynağı olduğunu açıq ortaya qoyur.
Amma, belə olmamalıdır axı. Adamları zorən “Hacı” etməyəcəksiniz!

Baxış sayı: 351