Texnologiya
21.08.2015 / 15:11

Ariane 5 raketdaşıyıcısı start götürüb

Ariane 5 raketdaşıyıcısı start götürübFransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan buraxılan Ariane 5 raketdaşıyıcısı hesablanmış geostasionar orbitə iki beynəlxalq telekommunikasiya peyki çıxaracaq.

Bu barədə Arianespace şirkətinin məlumatında deyilir.

Raketin orbitə Eutelsat 8 West B (raketin baş hissəsində quraşdırılıb) və Intelsat 34 peyklərini çıxaracağı gözlənilir.

Eutelsat 8 West B peyki Thales Alenia Space şirkəti tərəfindən Eutelsat operatorunun maraqları üçün istehsal olunub. 5,8 tonluq peykin istismar müddəti 15 il qiymətləndirilir. Peyk Yaxın Şərq və Şimali Afrika, eləcə də Cənubi Amerika ərazisində peyk yayım xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub.

Intelsat 34 peyki Space Systems / Loral şirkəti tərəfindən Intelsat operatorunun maraqları üçün istehsal olunub. 3,3 tonluq aparatın istismar müddəti 15 il təşkil edir. Peyk Cənubi Amerika istifadəçilərinə, eləcə də Atlantik okeanın şimal hissəsində gəmilərə və təyyarələrə genişzolaqlı internet xidmətləri göstərəcək.

Əsas rəqiblərinin SpaceX və Roskosmos şirkətlərinin olduğu Arianespace dünyanın süni Yerətrafı peyklərinin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindədir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb.

İnform.az

Baxış sayı: 215