Şərhlər, Ədəbiyyat
21.08.2015 / 12:37

Esselər

Esselər
Murad AHİZ / İnform.az


...Elə bir sevgi axtarırdı ki, tutsun bədəninin ən zəif ilməsindən – ürəyindən sökə -sökə çıxsın sonuna, heçliyə... Və sökdüyü o bir koma “heç” i ağlasın, o zamana qədər ki, göz yaşları o “heç”ə dəyəndə özü də damla-damla, sökülə-sökülə bir koma heç olub yerə yığılsın...
Ədəbiyyata bu cür sevən biri lazımdı, tutsun ən zəif ilməsindən sonuna çatsın – heçliyə. Və o heçlikdən dünyanı tutduğu ilmənin ipləriylə bürüyən bir əsər yaza bilsin, yəni heçdən. Sonra... Bu əsəri yazandan sonra, bütün ağrılarıyla, əzablarıyla “heç” olub yerə yığılsın...
İnsanların böyük bir qismi ədəbiyyatla üz-üzədən qırılmış ümidlərlə, sınıxmış, buruxmuş üz gözlə çıxdılar. Ədəbiyyatın özü necə? Görəsən indiyə qədər “boğazdan yuxarı” yazılmışlara tab gətirib “qocalmış nəhəng” özünün kökünü sudan çıxara bilirmi?
Hərdən adama elə gəlir ki, ədəbiyyatın şər qüvvəsi divi öldürməyə gedən qəhrəman ya mistik şüşəni götürə bilməyib, ya da həmişə cəld çıxan qəhrəman bu dəfə göyərçini uçurub, qaçırıb...

***

Görəsən, qədim insanların özlərini “günahın övladları”olaraq hiss etmələrinə səbəb nə idi? Niyə, məhz Adəm və Həvvanı təxəyyüllərində yaradıb onları da ilk günahkarlar olaraq təsvir etdilər? İnsan öz yaratdığı obrazları ilk cinayətkarlar olaraq, təsvir edəcək qədər nankor olmamalıydı. Bəs Tanrı yaratmışdısa, hər şeydən öncədən xəbərdar olan Tanrı, niyə o şeytanı belə onlara səcdə etdirəcək qədər müqəddəs yaratdığı halda,bu varlıqları günah işləyəcək potensialda yaratdı?
Əcdadlar yaratdıqları obrazlarla xeyir və şər qütbünü ayırd edəndə elə, insanı əslində şər qüvvə olaraq ortaya qoymuşdular.

***


Bir əsərin nədən yazılması, nəyə xidmət etməsi, hansı tərzdə yazılması qədər absurd bir düşüncə yoxdur. Hətta bu düşüncə belə sayılacaq gücdə deyil. Bir əsər insanın öz daxilində gizlənən “mən”inə təsir edə bilirsə, silkələyib o güclü divi oyandıra bilirsə, nədən yazılmasının o qədər də önəmi yoxdur.
Özünüdərkin sərhədləri yoxdur, yaşı heç yoxdur.

***

Laqeydlik ! İnsanların içindən doğulan, çölündəkiləri məhv edən birşey!
Bukovski – Laqeydliyi anlayaraq yaşamağın qəfəsdəki “Mavi quş”dan asılmış riyakar portreti.
Təəssüf ki, Bukovskini təqlid edənlər sadəcə Bukovskinin özünün içib atdığı boş butulkalar kimi zibilliklərdə çürüməyə məhkum oldular. Çünki anlamsız həyatı bu qədər “vecsiz” yaşayıb, reallıqda isə sözlərində bariz görünən üsyankar qıvrılmalarla yaşaya biləcək ikinci bir yazıçı ola bilməzdi. Bu cür içindəki boşluqla qıvrılıb, çölündə pozitiv proeksialanmanı bacarmaq üçün Qaçaq Nəbinin “dörd böyrəyi” lazımdı, dözə biləsən deyə.

***

Esselər

2007-ci ildə Orxan Pamukun “Qar” romanını oxuyandan sonra yay aylarından birində Qars şəhərinə səyahət etdim. Qarsa doğru avtobus yolları qalxdıqca bir soyuqluq canıma dolmağa başladı. Düzü, bu qədərini fikirləşməmişdim. Çatan kimi qolsuz köynəklə, yayın ortasında payız soyuğuna tuş gəldiyimdən özümü birtəhər bir mağazaya salıb bir payızlıq üst geyim aldım. Amma otelə çatana qədər heç vaxt islanmadığım kimi, iri-iri yağış damlalarında islandım. Bizdə olsa buna “axmaq isladan” və ya “gün yağışı “ adını qoyardım, amma, sonra gördüm ki, burada yağışlar elə bu cür yağır. Kefi istəyəndə , on beş dəqiqəlik.
Böyük şəhərlərin çirkli havasından ki, birdən-birə təmiz dağ havasına düşürsən adamın burnu yanır sanki. Oteldən baxdım qarşıda “Çay bahçesi” yaşıllıqlar içərisində. İşçiləri sanki, hər gün bu cür dekorasiya edirmiş kimi cəldliklə yağışın izlərini silirdilər masalardan. Bu möhtəşəmliyə özümü çatdırım dedim. Endim aşağıya. Ətrafa göz gəzdirəndə hiss elədim ki, bu şəhərdə təkcə binalar köhnə deyil, daşlar köhnədi. Və qəribə tərəfi sanki, dünyanın hər tərəfindən meteorit daşlarını yığıb burada bu binaları qurublar. Qara tilli daşlardan qurulub ətraf. Qəribə memarlıq üslubu adamı özünə yadlaşdırır, daha qədimə aparır.
Burnum yana –yana, arada bir asqırmağın gətirdiyi dilimdən çıxan “lənətə gəlsin” sözüylə, özümü çay evinin qarşısına çatdırdım. Məndən bir az öndə iki gənc deyə-gülə yaxınlaşıb qapının önündə vitrindən qəzet alıb sonra çay evinə keçdilər. Ümumi başlıqlara baxmadan əlimi uzadıb bir qəzet götürdüm. Yer seçib, oturub bir çay içə-içə bu möhtəşəmliyin melanxoliyasına qapıldım. Açdım qəzeti, köşə yazılar qismində bir şeir dəydi gözümə. İlk gözümə ilişən cümləsini oxudum adət etdiyim kimi... Amma cümlədən fikrimi dəyişib başdan oxumağa başladım.

Üç kez seni seviyorum diye uyandım
Tuttum sonra çiçeklerin suyunu değiştirdim
Bir bulut başını almış gidiyordu görüyordum.
Sabahın bir yerinden düşmüş gibiydi yüzün.

Sokağı balkonları yarım kalmış bir şiiri teptim
Sıkıldım yemekler yaptım kendime otlar kuruttum
-Taflanım! Diyordu bir ses duyuyordum.
Cumhuriyetin ilk günleri gibiydi yüzün….
İlhan Berk

Cümlələri necə tutdusa yaxamdan, sona qədər oxuya bilmədim, “müqəddəs şəhərdi” deyə-deyə çayımı qurtumladım. Hələdə o şeiri sona qədər oxumamışam… Amma o qəzeti saxlayıram…

Baxış sayı: 1000