Şərhlər
21.08.2015 / 11:43

Ermənistan-Azərbaycan münaqişəsinə analitik baxış

Ermənistan-Azərbaycan münaqişəsinə analitik baxış
Mehman ŞABANOV
Tarix üzrə fəlsəfə doktoru


Azərbaycanın ərazi bütövlüyü məsələsi XX əsrin 80-ci illərinin ikinci yarısında ortaya çıxmasına baxmayaraq, problemin kökləri daha dərindədir. Xüsusilə, 19-cu əsrdən etibarən Qafqazın bölüşdürülməsi və köçlər də daxil olmaqla bölgədə gedən proseslər problemin ilk təməllərini meydana gətirdi. Lakin, problemin bugünkü formada ortaya çıxması əsasən 20-ci əsrin əvvəllərində və sonlarında gedən proseslərlə bağlıdır. Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin SSRİ-nin süqutu ərəfəsində ermənilər Dağlıq Qarabağ bölgəsində yaşayan 50 min azərbaycanlını təcavüzə məruz qoyub didərgin salaraq, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan deportasiya etmişdir.
XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri ölkəmizin ictimai-siyasi həyatı üçün çətin və mürəkkəb dövr kimi xarekterizə olunur. Bu dövrdə ölkəmiz yenidən müstəqilliyinə qovuşsada torpaqlarımız Ermənistanın işğalına məruz qaldı. Gənc və lazımi hərbi potensiala malik olmayan Azərbaycan, kifayət qədər hərbi və siyasi dəstəyi olan Ermənistanın təcavüzünə məruz qalarkən tam şəkildə müdafiə olunması çətin idi.
1987- ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatdı. Daha sonra Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlandı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevralın 13-də İrəvanda ermənilərin ilk mitinqləri başladı. Fevralın 16- dan martın 2-dək DQMV-də mitinqlər təşkil olundu. Buna cavab olaraq fevralın 19-da Bakıda nümayiş keçirildi. 20 fevral 1988-ci ildə isə DQMV-nin Ali Soveti öz sessiyasında “Azərbaycan və Ermənistan Ali Sovetləri qarşısında DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə keçirilməsi haqqında vəsatət qaldırılması” barədə qanuna zidd qərar qəbul etməklə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə­sinin əsasını qoymuş oldu. Bu vəsatətə cavab olaraq Ermənistan SSR Ali Soveti də 15 iyun 1988-ci ildə DQMV-in Ermənistan SSR-in tərkibinə daxil edilməsinə razılıq verən qətnamə qəbul etdi. Azərbaycan SSR Ali Soveti 17 iyun 1988-ci ildə bu məsələylə bağlı müvafiq qətnamə qəbul etdi.Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar. SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. 1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar olaraq və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı .
DQMV-də yaradılmış Xüsusi İdarəetmə Komitəsi (XİK) Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Bu məqsədlə Qorbaçovun müşavirlərindən olan Arkadi Volski komitənin sədri təyin edilmiş və Daxili İşlər Nazirliyinin 5400 nəfərlik birliyi onun tabeçiliyinə verilərək vilayətə göndərilmişdi. 1989-cu il ərzində qarşıdurmalar kiçik miqyaslı da olsa ara vermədən davam etmişdi. Dağlıq Qarabağda Azərbaycanın bütün dövlət və ictimai orqanlarının səlahiyyəti dayandırıldı. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı.Ümumiyyətlə, 1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan – 185 kənd­dən və başqa yaşayış məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi, qız-gəlinlərin namusu təhqir olundu.
1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış “referendum” keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “DQR”nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçıları bu qərarı qəbul etməklə soyuq müharibəni “qaynar mərhələyə” keçirdilər.Belə bir şəraitdə erməni hərbi hissələri Rusiya qoşunlarının köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. 1992-ci il fevralın 25-də axşam saat 9-da erməni hərbi birləşmələri, Rusiya ordusunun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar uzun müddət mühasirədə olan Xocalıya hücum etdilər. Xoca­lı faciəsi törədildi. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10- da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylandı. Xocalıya qarşı hücumun böyük qırğın şəklində reallaşdırılmasının bir neçə səbəbi olmuşdur. Bunlar arasında Ermənilərin şüur altına işləmiş Türk düşmənçiliyi, hücum edənlərin psixoloji vəziyyəti kimi amillərlə yanaşı, əməliyyatın qəsdən insanların gözünü qorxutmaq və müqavimətlərini zəiflətmək məqsədini güdməsinin də xüsusi yeri var. Bu strategiyaya görə, bölgədəki Azərbaycan Türklərinin psixoloji müqaviməti qırılsa və ailələri qətl edilmək surətiylə bir ölçüdə gözləri qorxudulsa sonrakı hücumlarda müqavimət daha zəif olacaq və hər kəs canını və daha da əhəmiyyətlisi ailəsini xilas etməyə çalışacaqdı. Hazırkı Ermənistan prezidenti, Xocalı Soyqırımına görə əsas məsuliyyət daşıyan şəxslərdən biri olan Serj Sarkisyanın hadisə ilə bağlı açıqlamaları da bu fikri təsdiq edir. Əslində sonrakı işğal proseslərinə baxıldıqda ermənilərin bu strategiyasının müəyyən dərəcədə uğur qazandığı da görünür.
1992-ci il aprelin sonunda İranın vasitəçiliyi ilə 7 may 1992-ci il tarixdə Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini yerinə yetirən parlament sədri Yaqub Məmmədov, Ermənistan Prezidenti Levon Ter-Petrosyan və İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani arasında problemin həllinə dair görüş keçirilmişdir. Görüş nəticəsində Azərbaycan ilə Ermənistan arasında səkkiz maddədən ibarət müqavilə imzalanmışdır. Amma razılaşma imzalandıqdan yalnız iki gün sonra 9 may 1992-ci il tarixdə Ermənistan ordusu “bölgənin açarı” sayılan Şuşanı işğal etmişdir.
Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi və Bakıda dövlət çeviriliş baş verdiyi bir vaxtda, bundan istifadə edən düşmən 1992-ci il may ayının 18-də Laçın rayonunu işğal etdi. Müşahidəçilərin qənaətinə görə, rayonun işğalını reallaşdıran qüvvələrin böyük hissəsi Dağlıq Qarabağ ərazisindən deyil, birbaşa Ermənistan Respublikası tərəfdən – Laçın dəhlizi vastəsilə daxil olmuşdu. Beləliklə Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında dəhliz yarandı. Laçının işğalı müharibənin Dağlıq Qarabağ sərhədlərindən çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin humanitar dəhliz adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi .
1993-cü ilin yayında və payızında düşmən Ağdam rayonunun Qarqar çayı, Saybalı kəndinə qədər ərazini işgal etdi. 1993-cü ilin iyulun 23-də Ağdam şəhəri işğal olundu. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, 1993-cü il avqustun 18-də Cəbrayıl, avqustun 23-də Füzuli, avqustun 31-də Qubadlı rayonları Ermənistan hərbi qüvvələri tərəfındən işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu isə oktyabrın 29-30-da düşmən əlinə keçdi.
Müharibədə 20 min azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralandı, 5 min nəfər əlil oldu. Qaçqın və köçkünlərin sayı milyonu ötdü. Rəsmi məlumata görə erməni işğalçıları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir götürüldü.Beləliklə, itirilmiş torpaqlarımız 14082 kv. km olmuş, bunun 4372 kv. km-i Dağlıq Qarabağa, qalanı isə ətraf rayonlara aiddir. Ümumiyyətlə, XX əsrin 20-90-cı illərində 40.681 kv. km ərazimiz Ermənistan SSR tərəfindən işğal olunmuşdur .
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə bütün ölkələrin dövlət başçıları ilə görüşlərində əsas mövzulardan biri olmuşdu. 1993-2000-ci illərdə Heydər Əliyev bu məsələni ABŞ, Fransa, Rusiya, Türkiyə rəhbərləri ilə dəfələrlə müzakirə etmiş, problemin həlli yollarını araşdırmışdı. BMT-dəki çıxışlarında, NATO-nun, İslam Konfransı Təşkilatının, Türkdilli Dövlət Başçılarının Sammitlərində, MDB dövlət başçılarının, demək olar ki, bütün görüşlərində O, bu məsələyə toxunmuş, onun həllinin regionda və dünyada siyasi, iqtisadi, beynəlxalq münasibətlərin inkişafına geniş imkanlar açacağını vurğulamışdı. Bütün bu fəaliyyətin nəticəsi olaraq dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətini anlaya bilmişdi. 1992-ci ildən başlayaraq ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar və bu qurumla qarşılıqlı əməkdaşlıq Prezident Heydər Əliyevin ciddi səyləri ilə Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilmişdi. Yalnız, onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirilmişdir.
Prezident seçildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev danışıqlara qaldığı yerdən davam etməyə başladı. Prezident İlham Əliyev ilk öncə ölkə iqtisadiyyatını inkişaf etdirərək hərbi məqsədlər üçün ayrılan vəsaiti artırmağa başladı. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın hərbi büdcəsinə ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu da ordumuzun maddi texniki bazasının yüksəldilməsinə səbəb olmuşdur. Bundan da istifadə edərək qarşı tərəfə əyər lazım gələrsə müharibəyə başlayıb işğal olunmuş ərazilərimizi güc yolu ilə azad edə bilərik mesajları verilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan etmiŞdir.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmışdı. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması oldu. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Surixdə və habelə iki respublikanın sərhəddi – Sədərəkdə 30-dan çox görüş keçirmişlər.
Azərbaycan Respublikasının rəsmi mövqeyi Ermənistanın bu münaqişədə tərəf kimi iştirakını tanımasından ibarətdir. Danışıqlarda iştirak etsə də, Ermənistan tərəfi münaqişəni Dağlıq-Qarabağla Azərbaycan arasında baş verdiyini iddia edir və bildirir ki, Ermənistan tərəfi burada yalnız “maraqlı tərəf” qismində çıxış edir. Lakin Qarabağdakı separatçıların lideri olmuş Robert Koçaryanın 1998-ci ilin martında və 2003-cü ilin fevralında Ermənistan prezidenti seçilməsi, 1993-cü ildə Dağlıq Qarabağın silahlı qüvvələrinə rəhbərlik etmiş Serj Sarkisyanın əvvəlcə Ermənistanın müdafiə naziri, daha sonra baş nazir təyin olunması, 2008-ci ildə isə Ermənistan prezidenti seçilməsi, Ermənistan Silahlı Qüvvələrinin bu münaqişədə bilavasitə iştirakı münaqişəyə dövlətlərarası silahlı münaqişə kimi baxılmasını və Ermənistan Respublikasının təcavüzkar dövlət kimi qiymətləndirilməsini zərur edir.
Bütün bunlarla yanaşı münaqişənin həlli ilə məşğul olan ATƏT-in həmsədrləri olan ABŞ, Rusiya və Fransanın münaqişənin həllində yavaş hərəkət etmələri Prezident İlham Əliyevi başqa vasitələrə müraciət etməyə məcbur edir. Bu dönəmdə Azərbaycanın Rusiya, İran, Çin, Yaponiya və Cənubi Koreya ilə əlaqələrin intensivləşdirdiyi görünür. Azərbaycan mümkün olduğu qədər ərazi bütövlüyü məsələsini sülh yolu ilə həll etməyə çalışır. Lakin bu mümkün olmadığı təqdirdə müharibə qaçılmazdır.
Qeyd etdiyimiz kimi, neçə illərdir davam edən sülh danışıqlarının bu formada davam etdirilməsinin isə heç bir nəticəsi yoxdur. Səbəb isə Azərbaycanın münaqişənin mərhələli həll prinsipi ilə ərazi bütövlüyü çərçivəsində, Ermənistan isə kompleks şəkildə, özü də xalqların öz müqəddəratını təyinetmə prinsipi çərçivəsində həll olunmasını istəməsidir. Danışıqların hansısa dövründə bu mövqedən güzəştlər edilməsindən bəhs olunsa da, ümumilikdə yekun razılaşma yoxdur.
Bu münaqişənin gələcəyi haqqında danışarkən bir neçə məqama diqqət etmək lazımdır. Azərbaycan tərəfi ərazi bütövlüyünün təmin olunması, yəni, işğal olunmuş Dağlıq Qarabağ və 7 rayondan erməni qüvvələrinin geri çəkilməsi, bu ərazilərdən köçkün vəziyyətə düşmüş əhalinin öz yerlərinə qayıtmasını tələb edir. Rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyinə qarşı olaraq ona ən yüksək status verilməsinə hazır olduğunu bəyan edir. Ermənistan tərəfi isə 1992-ci ildə öz “müstəlləiyni” elan etmiş Dağlıq Qarabağı öz ərazilərinə qatmaq üçün səy göstərir. Lakin bu oyuncaq respublikanı indiyədək Ermənistan da daxil olaraq de yure tanımamışdır.
Münaqişənin həll olunmamasının bir neçə səbəbi vardır. Münaqişənin həll olunmamasına əngəl olan səbəblərdən kimi hər iki tərəfin bir-birilərinə olan inamsızlığını göstərmək olar. Son yüz ildə bir neçə dəfə savaşmış bu xalqların bir araya gələrək yaşaması qeyri-mümkün olmuşdur. Digər bir amil isə Rusiya faktorudur. Başqa bir səbəb isə qərb dövlətlərinin, əsasən də, Minsk qrupunun həmsədrləri olan üç dövlətin – ABŞ, Rusiya və Fransanın bu problemin həll olunmasında ikili standartlardan istifadə etməsidir. Həmsədr ölkələr münaqişənin həll olunmasına beynəlxalq hüquq cərçivəsindən deyil, məhz öz ölkələrinin mənafeləri baxımından yanaşırlar. Hər üç dövlət atəşkəsdən sonrakı vəziyyətin davam etməsinin tərəfdarıdır.
Digər səbəb isə ABŞ, Rusiya və Fransada olan erməni lobbisinin həmin dövlətlərin xarici siyasətinə təzyiq etməsidir. Bu vəziyyət Fransada daha aydın hiss olunur. ABŞ üçün bölgədə həyata keçirilən enerji layihələrinin təhlükəsizliyi daha önəmli olduğu üçün çox vaxtı ermənilərin hüquqa zidd əməllərini görməzdən gəlmişdir. Bugünə qədər münaqişənin həll olunmamasının əsas səbəblərindən biri məhz bölgədə təsiri olan böyük dövlətlərin öz mənafeləri baxımından problemə yanaşmalarıdır. ABŞ və Fransa kimi vasitəçi dövlətlər bölgədəki insan haqlarını dəyərləndirərək mövcud problemin həll olunması istiqamətində iradə nümayiş etdirə bilərlər. Bunun üçün bu dövlətlərin Qafqazı yalnız sabitlik və enerji mənafeləri üçün dəyərləndirməkdən vaz keçib, işğalçı Ermənistana qarşı təzyiq göstərmələri lazımdır. İnsan hüquqları və beynəlxalq hüquq kağız üzərində qalmamalı, super güclər bu dəyərləri öz məqsədləri üçün deyil, bölgədə sülhün əldə olunmasına yönəltməlidirlər. Ermənistan bir müstəqil dövlət üçün Rusiyaya sığınmaq siyasətinin düzgün olmadığını dərk etməli, işğalçılıq siyasətindən əl çəkərək BMT, ATƏT və digər beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində qəbul etdiyi tövsiyyə və qərarları yerinə yetirməlidir. Belə bir addımın atılması bölgəyə sülh və əmin-amanlıq gətirə bilər. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yerinə yetirilməməsi bu təşkilatlara olan inamın azalmasına gətirib çıxaracaqdır. Dağlıq Qarabağ məsələsində işğalçı və işğala məruz qalan tərəflərə eyni münasibət göstərilməsi Ermənistanın cəzasızlığına səbəb olmuşdur. Buna görə də Ermənistan münaqişənin həll olunması istiqamətində addım atmağa maraqlı deyil.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatların səyləri ilə yana, 1999-cu ilin aprelindən başlayaraq, yeni formada addımlar atılmışdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Surixdə, Münhendə, Həştərxanda və habelə iki respublikanın sərhəddi – Sədərəkdə 40-dan artıq görüş keçirmişlər.
Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.
Ermənistan isə hər hansı təzyiqə baxmayaraq işğal olunmuş torpaqlardan çəkilmək yönündə heç bir addım atmayıb. Yəni işğal olunmuş əraziləri münaqişənin həlli üçün girov saxlayır. Azərbaycan isə münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığı halda hərbi yolla həll variantı üçün hazırlaşır. Buna görə də öz silahlı qüvvələrini daim inkişaf etdirir. Ermənistan da öz növbəsində müharibənin başlanması ehtimalını nəzərə alaraq silahlanmaqdadır. Bu da regionda münaqişənin yenidən alovlanması təhlükəsi yaradır.

Baxış sayı: 494