Baş xəbər, Siyasət, Müsahibə
21.08.2015 / 11:27

Siyasi partiyaların “iflic” diaqnozu

Siyasi partiyaların “iflic” diaqnozu Zəminə Dünyamalıyeva: “Həmin siyasi partiyalarda adının belə hallanmasını istəmirsən.”

Bu gün siyasi partiyaların aktivsizliyi, “iflic”durumu seçkiyə hazırlıq prosesində də özünü göstərir. Müxalifət partiyalarında olan liderlər seçkiyə ümidsiz yanaşmaqla situasiyanı müxtəlif aspektlərdə təhlil edirlər. Vaxtilə siyasətdə aktivliyi ilə seçilən və mövcud vəziyyətlə əlaqədar siyasi proseslərdən kənara çəkildiyi müşahidə olunan partiyasız, sabiq deputat Zəminə Dünyamalıyevanın İnform.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirildi.

“Bu il çox qəribə bir seçki mühiti var”

- Zəminə xanım, uzun müddət müxtəlif siyasi “cəbhələrin” partiya və qurumlarında fəaliyyətdə olan, sabiq deputat, siyasətçi olaraq bugünkü durumu necə səciyyələndirirsiniz, siyasi partiyalar niyə aktivləşə bilmədi?

- Seçki ili olduğu üçün belə mövzuların önə çıxmasını normal hesab edirəm. Dediyiniz məsələ bu gün gündəmə gətirilirsə, deməli problemlər var. Müşahidələr aparsaq, cəmiyyətdə seçki ilə bağlı heç bir ictimai aktivlik görünmür.
Təbii ki, seçkiləri formalaşdıran kəsim cəmiyyətin aktiv hissəsi sayılan siyasi partiyalardır. Düzdür, seçkidə müddətin qısaldılması da prosesdəki aktivliyə təsir edən amildir, amma hətta belə olsa da, seçkidə iştirak edən partiyalar seçkinin vaxtı çatandan sonra “əl-ayağa” düşməməlidirlər. Seçkiyə start veriləndə bütün partiyaların namizədləri prosedur qaydalara uyğun şəkildə partiyanın müəyyən orqanlarından keçməli, “ələnməli” və ortaya mükəmməl bir qərar qoyulmalıdır. Ancaq nə yazıq ki, bizim siyasi partiyalarda bu yoxdur. Siz də qeyd etdiniz, mən 20 il seçkilərdə iştirak etmişəm. Deyək ki, bələdiyyə seçkiləri passiv keçsə də, parlament, prezident seçkiləri həmişə aktiv keçib. Bu il isə çox qəribə, sakit bir seçki mühiti yaranıb. Sanki, qarşıdan gələn parlament seçkisi deyil. Bu da qeyd etdiyim kimi, cəmiyyətin aktiv hissəsi hesab olunan siyasi partiyaların, bəzi təşkilatların aktivsizliyinin göstəricisidir. Ona görə də hesab etmirəm ki, bu partiyalar seçkidə aktiv olacaqlar. Hətta, seçkiyə qatılsalar belə, aktivlik olmayacaq. Aktivlik olmayan yerdə isə nəticədən danışmaq olmaz.

“Adam həmin siyasi partiyalarda adının belə hallanmasını istəmir”

- Son vaxtlar bir neçə partiyalar “2015-seçki bloku” şəklində seçkilərə qatılma niyyətini orataya qoyublar. Bu birlik özlüyündə seçkiyə nələri vəd edir?

- Belə birliklər nəzərə çarpmayacaq qədər zəif olduğu üçün, mən onları da seçki aktivliyi yarada bilməyən siyasi partiyaların sırasına daxil etdim. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti, “birlik”, “blok” sözünü eşidəndə o partiyalara qarşı “antipatiya” ilə yanaşırlar. Çünki insanların açıq-aşkar aldadılması, hörmətsizlik, onları “heç nə” yerinə qoymamaq, saya salmamaq kimi yanaşmalar belə bir vəziyyəti yaratmalı idi. Yalandan bir neçə adam yığışıb hansısa qurumu yaradırlar, seçkiyə bir az vaxt qalmış öz maraqlarına uyğun şəkildə təminatlarını alandan sonra başlayırlar daxildən bir-birini didməyə. Beləcə, partiyalarda dedi-qodu, intriqalar ortaya çıxır və dağılır. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Bu gün kifayət qədər siyasi aktivliyi olan Zəminə Dünyamalıyeva və onun kimi bir çoxları bitərəf qalmağı daha üstün tutublar, nəinki elə partiyalarda təmsil olunmağı. Bu da ondan irəli gəlir ki, həmin siyasi partiyalarda adının belə hallanmasını istəmirsən. Yəni adam onların cəmiyytə münasibətinin şəriki olmaq istəmir.

“Partiyalarda bir çox şəxsi mənafelərini güdən adamlar toplusu qaldı ki, onlar da fəaliyyət göstərə bilmədilər”

- Zəminə xanım, bir çox siyasilər, eləcə də sizin özünüz, zaman-zaman yeni qüvvələrin ortaya çıxmasının vacibliyini qeyd etmisiniz. Çox partiyalar yaransa da, sonradan öz fəaliyyətini dayandırdılar. Nə baş verdi, ortada hansı “yolxucu xəstəlik” var ki, yenilənməyə imkan vermədi?

- Artıq çoxpartiyalılıq sisteminə keçəndən sonra, siyasi partiyaların quruluşu, ideologiyası düzgün qurulmadı. İdeologiya düzgün olmayanda da qüsurlar olacaq. Bu siyasi savadsızlığın nəticəsidir. Bu gün kifayət qədər islahatlar gedir, nazirlklər birləşdirilir və sair. Hətta, Prezident tərəfindən uğursuz məmurların fəaliyyətləri dilə gətirilir. Bu da onun nəticəsidir ki, “su bir yerdə qalanda iylənir”. Yəni, uzun müddət parlamentdə, məmur postunda oturanlar var. Bu ölkənin sağ qoludur. Sol qolu da həmin qaydada gedir - yəni, bir partiyanın sədri 20 il sədr qalır. Partiyanın başında oturan şəxslər də məmurlar, nazirlər kimi “kreslolarını” verməmək xatirinə, öz təşkilatlarında yeniləşmə, partiyada kadrların irəli çəkilməsi işini aparmırlar. Siyasi aktivliyinin təşkil olunması, seminarların keçirilməsi, siyasi kadrların toplanması, yenilərinin ərsəyə gətirilməsi prinsipindən uzaqda oldular. “Mən-mən” söhbəti bunların axırına çıxdı. O üzdən də bu gün partiyaların sədrləri istefa verib “lider” statusu daşıyırlar. Bunun özündə də yanlışlıq var idi və bu zamanında olmalıydı. Leninin bir sözü var idi: “bir addım irəli, iki addım geri”. Yəni hər bir şeyin öz zamanı var. Hər bir addım zamanında atılmırsa, təbii ki, o uçuruma getməlidir. O üzdən də partiyalarda kadr siyasətinin, ideologiyanın düzgün qoyulmamağı inkişafın düzgün getməməsinə gətirib çıxardı və bütün partiyalar hamısı məğlubiyyətə uğradı. Zamansız sədrliyin liderliklə əvəz olunması da heç nəyə yaramadı. Çünki o partiyalarda zamanında gənclərə dəyər verilmədi, siyasi əqidəsi, düşüncəsi, savadı olan insanlara qiymət verilmədiyi üçün onlar həmin partiyalardan uzaqalaşdılar. Yəni, partiyalarda bir çox şəxsi mənafelərini güdən adamlar toplusu qaldı ki, onlar da fəaliyyət göstərə bilmədilər. O da bu gün nə seçkiyə, nə cəmiyyətə, nə də dövlətə yararlıdır. Onlar bu partiyalarda heç nəyə yararlı olmayan bir toplumdurlar.

- Zəminə xanım, Milli Şura sentyabrda aksiyalara başlayacaq. Buna fikriniz nədir?

- Onaların nəyi var ki, nəyə də başlasınlar. Milli Şura var ki, onun nəsə bir qərarı, nə isə bir işi də olsun?..

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 998