Baş xəbər, Siyasət, Müsahibə
20.08.2015 / 14:41

Mirmahmud Mirəlioğlu: “Vəziyyətə dəyişiklik etmək imkanlarımız sıfırdır”

Mirmahmud Mirəlioğlu: “Vəziyyətə dəyişiklik etmək imkanlarımız sıfırdır”

“Partiyalar iqtidardan nəsə almağa, bazarlığa getməmişdilər”


Parlament seçkisi ilə bağlı hazırlıq prosesləri müxalif düşərgəni qane etmir. Amma bununla belə, seçkidə aktiv iştirakla bağlı müəyyən çabaların olduğu müşahidə olunur. Bu, bir neçə müxalifət partiyasının toplaşdığı “2015 – seçki bloku”nun fəaliyyətində xüsusilə özünü göstərir. Lakin bu bloka da qeyri-müəyyən yanaşmalar var və çox güman ki, bu da bir sıra dəyişikliklərin aparılmasını zəruri edir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İnform.az-a müsahibəsində seçki istiqamətində bir sira məsələlərə aydınllıq gətirdi.


- Mirmahmud bəy, bu gün digər müxalifət partiyalarından fərqli olaraq seçkilərə “2015 –seçki bloku” şəklində qatılmaq istəyini orataya qoymaqla daha aktiv bir mövqe sərgilədiniz. Partiya olaraq bu prosesdən nələri gözləyirsiniz və vəziyyətə dəyişiklik edəcəyinizi düşünürsünüzmü?

- Hazırda Azərbaycanda seçki mühiti, seçkiyə hazırlıq və yaxud parlament seçkiləri ilə bağlı vəziyyəti qiymətləndirmək çox çətindir. Yəni seçki ab-havası hiss olunmur. Bununla belə, ayın sonlarında artıq seçkiyə start veriləcək. Biz digər təşkilatlardan bir qədər fərqli vəziyətdə olsaq da , ümumilikdə cəmiyyətdə vəziyyət eynidir. Fərqlilik yalnız odur ki, biz görüşlərdə iştirak edirik, fikirlərimizi deyirik və hesab edirik ki, bir-birimizə münasibətlərdə şəffaflıq qorunmalıdır və bu prosesdə müəyyən irəliləyişlər əldə etməyi qarşıya məqsəd qoymuşuq. Amma hələ ki, vəziyyətə dəyişiklik etmək imkanlarımız sıfırdır və bu isiqamətdə fəaliyyətimizi davam etdiririk. Hər halda Azərbaycanda seçki mühitinin demokratikləşməsi istiqamətində bir sıra işlər görüləcəksə, burada bizim də əməyimiz olacaq.

“Seçkiyə qatılacağıq və inşallah da udacağıq”

- Siz vəziyyəti dəyişə bilmədiyinizi qeyd etdiniz. Ümumiyyətlə, müxalifətin bu seçkiyə münasibətində müəyyən bir ümidsiz yanaşmaların olduğu sezilir. İfadə olunan narahatlıqlara rəğmən seçkidə qələbəyə ümidiniz varmı və hansı nəticələri gözləyirsiniz?

-Yəqin ki, bu, leksikonumuzda bir “yenilikdir” ki, danşıqlardan bir ümidsizlik hiss etdiniz. Belə yanaşmaları düzgün saymıram.
Bizim hər zaman qələbəyə inamımız var və hər zaman da müəyyən uğurumuz olub. Ona görə də biz bu məsələdə o qədər də ümidsiz deyilik. Hesab edirik ki, seçkiyə qatılacağıq və inşaallah da udacağıq.

“Hakimiyyət seçki ilə bağlı hər hansı müzakirəyə hazır olmadığını bildirib”

- Mirmahmud bəy, məlum olduğu kimi artəq 3 iqtidar-müxalifət dialoqu keçirilib və siz də partiya olaraq orada iştirak etmisiniz. Dialoqlar başlayandan sonra, siyasi cəmiyyətdə bu mövzu geniş müzakirə olunur və ən çox da qarşıdan gələb parlament seçkilərində bunun özünü necə göstərəcəyi ilə bağlı tam fərqli müxtəlif mülahizələr səsləndirilir. Ümumilikdə götürəndə sizcə bu dialoqlar partiyalara nə verdi?

- Son 3 görüşlərdə seçki ilə bağlı hər hansı məsələlər müzakirə olunmayıb. Birmənalı şəkildə hakimiyyət bu məsələyə hazır olmadığını bildirib. Həm də bu onların gündəliyində yoxdur.
Digər tərəfdən bizim partiyalar iqtidardan nəsə almağa, bazarlığa getməmişdilər. Burda Azərbaycan problemlərinin həllini birgə müzakirəyə getmişdik. Məsələn, deyək ki, sizin kəskin sualınız olur və ona da bizim kəskin cavablarımız olur və sair. Biz bu kimi məsələləri hakimiyyətin özü ilə müzakirə elədik. Nəticə də o oldu ki, Azərbaycan hakimiyyəti bu danışıqlara ikinci addımda böyük önəm verdi. Ona görə də, ictimai-siyasi şöbənin müdiri Əli Həsənovu həm də ictimai-siyasi məsələlər üzrə prezidentin köməkçisi təyin etməklə, danışıqların aparılması üçün ona səlahiyyət verdiyi.
Burada bizim müəyyən etdiyimiz məsələ isə Azərbaycan cəmiyyətinin, siyasilərin belə məsələlərə hazırlıqsızlığı oldu. Amma hər halda biz Azərbaycanın gündəlik problemli məsələlərini müzakirə elədik. Təbii ki, bunun nəticəsini birdən-birə almaq mümkün deyil. Siyasi məhbusların azad olunması ilə bağlı problemlər qalsa da, hakimiyyət jurnalistin ölümü ilə bağlı bizim də dediyimiz fikirləri ən kəskin şəkildə ifadə elədi. İstər medianın təhlükəsizliyinə təhdidin olaması ilə bağlı, istər insanların təhlükəsizliyinin təminatı və sair məsələlərlə bağlı ortaq fikir yarandı.

“117 partiya neynədi ki, yenisi yaranıb neynəsin”

- Siyasi patiyalarda yenilənmə prosesi niyə getmir?

- Bu, yürüdülən siyasətə adekvatdır. Azərbayacanda qeydiyyatlı-qeydiyyatsız 117 partiya var. Onlar neynədi ki, yenisi yaranıb neynəsin...

“Məhz iqtidarı dəvət elədiyimizə görə qurultaya qatılmadılar”

- Siz partiyanın qurultayını keçirdiniz və yenidən sədr seçildiniz. Qurultaya iqtidar nümayəndələrini, eləcə də digər müxalifət partiyalarını da dəvət etmişdiniz. Sizin bu yanaşmanız necə qəbul olundu?

- Dəvət etdiyimiz bir çox iqtidar nümayəndələri Bakıda olmadıqları barədə açıqcalar ünvanlayaraq üzrxahlıq etdilər. Bu, daha çox öz içərimizdən yaxşı qarşılanmadı. Bu dəvət bizə ağır başa gəldi. Qurultay nümayəndələrimiz çoxu məhz iqtidarı dəvət elədiyimizə görə qurultaya qatılmadılar. Bu onların haqqı olsa da, çox da uğurlu addım deyildi. Amma biz hesab edirdik ki, hakimiyyətlə dialoqa getdiyimizə görə onları da dəvət edək. Bizim dəvətimizi qəbul edib gəlməyən müxalifət partiyaları kifayət qədər idi. Özünü “radikal”, “filan”, “bəsməkan” adlandıranlar qurultaya gəlmədilər. Bu da onların haqqıdır. Biz hamını dəvət elədik. Ona görə ki, bu məmləkət, bu ərazi, bu coğrafiya bizimdir və onun bütün problemləri bizimdir. Hesab edirik ki, bu problemləri mütləq birgə müzakirə etməliyik. Məncə gəlməyənlərin çoxu bizim bu məsələyə münasibətlərimizə dözə bilmədiklərini bilib gəlmədilər. Bəziləri əvvəllər öz nümayəndələrini göndərirdilər, bu dəfə isə nə özləri gəldi, nə də nümayəndələrini göndərmədilər. Yenə də özləri bilərlər. Qurultay oldu. İştirak edənlər sağ olsunlar. Üzürlü səbəbdən gələ bilməyənlər də vardı. Hər kəs bu prosesdə öz mövqelərini, kimliklərini ortaya qoydular.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 678