Baş xəbər, Mədəniyyət, Müsahibə
20.08.2015 / 12:58

Şəfiqə Eyvazova: “ Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum”

Şəfiqə Eyvazova: “ Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum” İnform.az-ın növbəti qonağı Azərbaycanın xalq artisti, kamanda ilk solo ifa edən qadın Şəfiqə Eyvazovadır.


-Şəfiqə xanım, xoş gördük. Necəsiniz? Səhhətiniz necədir?

- Şükür, yaxşıyam qızım. Siz yaxşı olun. Daha yaş altmış səkkizdir. Bir gün belə, bir gün elə oluram. Təki Allah cavanlarımızı qorusun.

- Azərbaycanda kamançada solo ifa edən ilk qadınsınız. Bu sənətə gələndə ilk olacağınızı düşünürdünz?

- Düzdür kamanda ilkə imza atan qadınam. Ancaq birincilik iddiası heç ağlımın ucundan da keçməyib. Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum. Heç fikirləşmədim ilk solo ifaçı mən olacağam, ümumiyyətlə musiqiçi olacağım ağlıma gəlməzdi. Heç kamança görməmişdim...
Balaca uşaq idim. Atam əlimdən tutdu apardı məni Filarmoniyaya. Televizor bir il idi çıxmışdı. Kamanı ilk dəfə atam Filarmoniyada göstərdi, dedi qızım bu alət xoşuma gəlir, ifa edərsən? Sakitcə başımı yellədim ki, bəli. O gün, bu gün oldum kamanca ifa edən. Atam yazığın ağlına gəlməzdi ki, mən kamanda ilk solo ifa edən qadın olaram. Sadəcə atamın musiqiyə həvəsi olub, özü musiqiçi olmasa da məni musiqiçi etdi. Solist kimi yetişməyimdə Əkrəm Məmmədovun əməyi sonsuzdur. Öz başıma olsaydım Şəfiqə Eyvazova kimi tanınmazdım. Cığır açıb bu cür yol gedə bilməzdim. Mən özümü şanslı sənətkar hesab edirəm. Çünki həmişə yaxşı ustadlardan öyrənmişəm, onlarla eyni dövrdə yaşamışam. Bir dəfə Əkrəm müəllimə utana-utana dedim ki, siz mənə həmişə solo verirsiniz, çox sağ olun. O isə: “mənə yox, özünə sağ ol de. Səm bacarırsan deyə onu sənə verirəm. Mən niyə sağ ol deyirsən. Sənin istedadını görməsəm min dəfə “sağ ol”, min dəfə də “salam” desən vermərəm ki.”
İndi də danışıram bədənimə vicvicə düşür. Əfqan müəllim əvəzsiz insanlar, sənətkarlar sırasına daxildir. O, sənətində, təcrübəsinədə yanılmayan ustadlardan olub. Qardaşlarım dəfələrlə istədilər ki, o kişiyə bir qonaqlıq versinlər, o da hər dəfə bir bəhanə elədi. Gözü tox, könlü saf insan olmaq Allahın insana verdiyi ən gözəl nemətdir. Bu sənətə uşaq olanda, atam əlimdən tutub gətirdi. İlk addımımı isə ustadım atdırdı. Oldum sənətkar. Bu qədər. İnsanlar məni çox sevir. Ən çox da yaşlı nəsil.

- Azərbaycan musiqisi bu gün uçuruma gedir. Bir musiqiçi kimi yəqin bu proses sizə də narahat edir?

Şəfiqə Eyvazova: “ Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum”
- Əlbətdə ki, qızım. Azrbaycanın mənafeyinə zidd olan hər bir məsələ məni də narahat edir. Düşünürəm ki, bu hərcmərclik, sərbəstlik, özbaşnalıq düzələcək, müvəqqətidir. Çünki bizim musiqimizin kökü var. Biz kökümüzdən ayrılan xalq deyilik. Durğunluq, büdrəmələr isə həmişə bütün sahələrdə olub. Mən açıq deyəcəm, inciməyin. Bu gün musiqinin bu hala düşməsində jurnalistlərimizin, televiziyalarımızın rolu əvəzsizdir. Çünki özəl fəaliyyət göstərən televiziyalar əsasən bayağı və sənəti olmadan məhşurlaşmaq istəyənləri efirə çıxarır. Belələrinin təqdimatını da siz jurnalistlər edirsiniz. Düzdür, bu bütün jurnalistlərə aid deyil. Ancaq yetmiş faiz belədir. Düşünürəm ki, balıq başdan iylənəndə quyruğu günahlandırmazlar. Mənə deyin görüm aparıcının nə ixtiyarı var, musiqiçini tərifləsin. Bəyəm aparıcını həm də efirə “juri” qoyublar? Gələn musiqiçi qonağa bir tərif deyir ki, bəy tərifi yanında yalan olur. Ayıbdır vallah. Efirlərə baxılası deyil. Eləsinə sənətkar deyib efirə çıxarırlar ki, özümdən utanıram. “Kaş musiqiçi olmazdım deyirəm”. Efirlərə baxmağa qorxuram. Yaşlı adamam. O qədər “şok, şok” deyirlər ki, deyirəm şoka düşərəm çıxa bilmərəm. Sevdiklərimin mənə ehtiyacı var. Kim imicini dəyişdi, kim nə etdi. Ay bala, imici sənətdə dəyiş, sən model deyilsən axı, müğənnisən.

Ətəyini qısa etməklə, köynəyinin qolunu kəsməklə sənətə gəlmirlər. Belə olmaz vallah. Jurnalistlər ağa qara, qaraya da ağ deyir. İstedadı gözə çarpmayan xanəndəni, müğənnini, musiqiçini jurnalistlər o qədər tərif edirlər ki, həmin adam deyir “bıy, mənnən danışırlar?” Həmin adamın özü şoka düşür ki, bu mənəm? Özü haqqında deyilən tərifi özü də həzm edə bilmir. Belə şey olar? Sonra da o savadsız, istedadsız özündənrazı olanda xoşumuza gəlmir. Daha demirik özümüz başımıza çıxarmışıq da. Başqa nə gözləyirik. Canım, gözüm jurnalistlər, sizə səslənirəm, rüşvətli tərifləri yığışdırın. Sənətimizi yazıq günə salmayın. Şəxsi münasibəti efirlərə çıxarmayın. Daha biz müğənnilərin həyatında olanları izləməkdən bezdik. Bir az da sənətlərini göstərin. Şükür edin ki, bu gün Azərbaycanın ən gözəl dövründə yaşayırsınız. Dünyanı aclıq götürüb gedir. Adam bolluqdan qudurmaz axı. Uçurum bir tikə çörəyə möhtac qalmaqdır. Bütün dünyada musiqi aclığı var. Biz yaşadığımız dövr hara, indiki gənclərin yaşadığı dövr hara. Prezidentimiz, xanımı nə gözəl işlər görür Azərbaycan inkişafı üçün, göz qabağındadır, milli mədəniyyətimizin inkişafı naminə əlindən gələni edir. Qalan vəzifə borcu sənin, mənim və digərilərinin, ümumilikdə bizim boynumuza düşür. Bu boyda sərbəstlik, özbaşnalıq olmaz. İndi hara baxırsan gənclər meydan sulayır. Böyük kiçiyin yerini bilməyib hara qədər gedəcəklər. İndi böyük kiçiyə söz desin, kiçik o saat deyir ki, məni gözü götürmür. Ay bala, sən mənim balam yaşındasan. Öz dayandığın yerdən mənim zirvəmə bir nəzər elə gör sən hardasan, mən hardayam. Vallah dəhşətdir. Yaşlı sənətkarlarımız bizə irad tutanda şərəf duyardıq. Deyirdik ki, o bizə irad tutursa demək biz önəmli adamıq, ifamıza gör kim qulaq asır. İncimək nəydi, cavab qaytarmaq nəydi. Qanun kimi baxardıq böyüklərimizin sözünə. İndikilər böyükləri yola verirlər. Minnətin olsun ki, mən boyda sənətkar sizə qulaq asır və fikir bildirir.
Şəfiqə Eyvazova: “ Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum”
- Asan yolla şöhrətin dəyərinin keyiyyəti nə qədər ola bilər?

- Qətiyyən keyfiyyətdən söhbət gedə bilməz. Asan yolla qazanılan heç bir şeyin nə dəyəri, nə sevgisi ola bilməz. O insan uçuruma gedir. Böyükləri dinləməyib, yola verənlər, göylə uçanların hamısı uçuruma gedir. Yazıqdılar, ayılsınlar.

- Tələbələriniz var?

- Bəli olub, hazırda da var. Çoxlarının adını da unuduram qızım. Yaş keçir, bir az çətindir.

- Sizi unudan, haqqınızı danan tələbələriniz olubmu?

- Pislə yaxşı daim qoşa gedir. Bəli, məni də unudan, haqqımı, əziyyətimi, heç adımı da çəkməyən tələbərim olub. İncimirəm, ancaq elə olmaz. Küsəyən, kinli deyiləm deyə tez bağışlayıram.

- Sözünüzə qulaq asmayan tələbələriniz olanda, onu başa salmaq üçün hansı yollara əl atırsınız?

- Birinci dəfə deyirəm, ikincidə başa salıram, üçüncüdə isə sağollaşıram ki, nə şiş yansın, nə də kabab. Sən sağ, mən salamat.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1038