Gündəm, Şərhlər
19.08.2015 / 14:19

Zirvədən intihara...

Zirvədən intihara...
Xəyalə ƏLİHEYDƏR /İnform.az


"Üzr istəyirəm, ancaq həyat mənim üçün artıq dözülməzdir...”

İntihar edən fərdlərə cəmiyyətin münasibəti birmənalı deyil. Bir qism insanlar onları “xəstə” kimi qəbul edirsə, digər qismsə onları hamı kimi normal sayır. Kimiləri üçün aciz, kimiləri üçün xəstə olan bu insanları birləşdirən ümumi bir cəhət var- onlar asanlıqla öz canlarına qıyırlar.
Bu gün ölümün cəlb etdiyi həyatda yaşamaqdan imtina edən məşhur şəxsiyyətlərdən biri dünya musiqisinə öz möhürünü vuran İtaliyanın və Fransanın estrada divası, əsl adı İolanda Cilyotti olan məşhur müğənni Dalidanın qısa, amma ağrılarla dolu həyat hekayəsindən danışacağıq…
Ölümündən öncə o, bir şeyi başa düşürdü- arzuladığı hər şeyə nail olmuşdu. Ulduzluq, məşhurluq, pullar… Ancaq bütün bunlar xoşbəxtlik deyildi, "Qadın xoşbəxtliyi” deyilən əsl xoşbəxlik, Dalida ailə, övlad arzulayırdı.
Ölümündən əvvəl Diva bir cümləlik məktub yazır: "Üzr istəyirəm, ancaq həyat mənim üçün artıq dözülməzdir”.
Müğənni 1933-cü ildə immiqrant italyan ailəsində dünyaya gəlib. Onun uşaqlıq və gənclik illəri Qahirədə keçib.
Uşaqlıq illərinə nəzər salaq…
On yaşında ikən göz xəstəliyi keçirir, səriştəsiz bir həkimin məsləhəti ilə uşağın gözünü bir neçə gün sarıqda saxlayırlar, bu səbəbdən də gözdəki infeksiya daha da yayılır, nəticədə körpəyə konvergent, yəni çəpgözlük diaqnozu qoyulur. Sonrakı illər bir neçə cərrahiyyə əməliyyatı keçirilsə də, ancaq cüzi çəpgözlük istedadlı Dalıdada ömürlük qalır.
On iki yaşında isə o sevimli atasını itirir. Bu itkini gənc qız ağır keçirir. Başsız qalmış ailə uzun zaman çətin günlər yaşayır. 1951-ci ildə müğənni Qahirə gözəllik müsabiqəsində iştirak etsə də, “Miss Qahirə” adını 1954-cü ildə alır. Artıq karyerada köklü dəyişikliklər etmək zamanı idi, Dalida çamadanını götürüb Misirdən bir baş Parisə — bütün arzuların gerçəkləşdiyi şəhərə yollanır, Uğurun qapıları Dalida üçün bu gözəl şəhərdə açılır. İşlərini qaydasına qoyan gənc ifaçı bir müddət sonra anasını və iki qardaşını da öz yanına gətirir. İtaliyalı bu xanım çox keçmirki fransız estradasının Divasına çevrilir.
İolanda adı burda “Dalida” ilə əvəz olunur, bu təxəllüslə də o, milyonların sevimli ifaçısına çevrilir. Şöhrətindən istifadə edən müğənni tez tez ən yaraşıqlı kişilərlə eşq macərası yaşayır, ilk əri isə “Avropa 1” radiostansiyasının direktoru Lyusen Morris olur, lakin evlilik həyatı evlilikdən öncəki münasibətlərdən fərqli olur. Ailədə qısqanclıqdan doğan dava-dalaşlar hökm sürür, bu da dözülməz həddə çatır. Ayrılırlar,
O əsl məhəbbəti rəssam Can Kabeski ilə yaşayır, lakin bu münasibətlər də uzun sürmür. Daha sonra Dalida onun həyatını tamamilə dəyişən kişi ilə tanış olur. O, italiyalı Luidci Tenkoya ilk baxışda aşiq olur. 1967 –ci ildə həyatından çox sevdiyi əri Luidci Tenko ilə tanınmış “San-Remo” musiqi müsabiqəsində iştirak edirlər, lakin cütlük müsabiqədə uğur qazanmır, Otelə qayıdar-qayıtmaz məğrur italiyalı Luidci Tenko uğursuzluqla barışa bilmədiyindən özünü güllələyərək intihar edir. Onun ölümündən sonra, yaşamaq istəməyən Dalida sevimli ərinin üsulunu təkrarlayır, ancaq bu intihar baş tutmur. Dörd gün reanimasiyada yatan müğənni uğursuz cəhdən sonra ağır depressiyaya düşür. Luidcisiz həyat onun üçün mənasını itirmişdi. Hələ üstəlik 1970-ci ildə onun ilk əri Lyusen Morrisin intihar xəbərini eşidir, Dalida ikinci dəfə həyatdan sınır. Musiqi, səhnə ona ən yaxşı həkim olur. Müğənni bədbəxt hadisələrdən sonra yavaş-yavaş həyata qayıdır. Onun ən məşhur ifası Alen Delonla ifa etdiyi “Paroles, paroles” mahnısıdır. Elə məhz bu duet Dalidanı dünya musiqi arenasında məşhurlaşdırır. Beləliklə, muğənninin digər mahnıları da fransız hitparadlarında həftələrlə lider olur. Dalida rəssam Rişar Şamfre ilə tanış olur və onlar -Rişar Şamfre ilə birgə doqquz il 1983 –cü ildə maşınında ölü tapıldığı ana qədər yaşayırlar.
Daha bir sarsıntı…Doya bilmədiyi xoşbəxtlik, yarımçıq hisslər ele bil Dalidanın alnına yazılmışdı. O tamamilə real həyatdan qopmuşdu, pozulmuş psixikası, depressiya ona həyatındakı dəyərli insanları itirməyi qəbul etməyə imkan vermirdi. Artıq Dalida böyük səhnələri fəth etmişdi. Parisə gələndə ulduz olmaq xəyallarını da öz ovuclarında gətirərkən gənc qız heç ağlınada gətirmırdi ki xəyalları reallaşdırmaq heçdə həmişə xoşbəxt olmaq demək deyil. “Ulduz”luq ondan çox şeyi almışdı. Sənətinə görə analıqdan da imtina edən Dalida sonralar buna görə özünü bağışlaya bilmir, təəssüf ki, insan peşmanlıq hissini artıq heç nəyi düzəltmək mümkün olmadıqda keçirir...
Son zamanlar onun evində iki nəfər liliput çalışırdı, lakin onlar da hansısa naməlum xəstəlikdən vəfat edirlər. Dalida artıq ölümü qərarlaşdırır, həyatda yaşamağı üçün heç bir stimulunun olmadığını düşünür.
Müğənni 1987- ci il, mayın 3-ü viski ilə birgə yüksək dozada yuxugətirici dərman qəbul etməklə ikinci dəfə intihar edir, bu dəfə intihar baş tutur.
Vəfat edərkən müğənninin elə də çox yox –cəmi əlli dörd yaşı vardı. Amma, yaşadığı bədbəxtliklər Dalidanın yaşadığı ömürlə müqayisədə qat-qat çox idi.


Baxış sayı: 970