Şərhlər
19.08.2015 / 14:07

Kafkanın daha bir gücü

Kafkanın daha bir gücü
("Müdriklər və korifeylər" silsiləsindən)

Əlisa NİCAT / İnform.az



O, tamamilə reallıqdan bir situasiya və konflikt qurub onu bütöv bir romana çevirərək, ən realist həyat həqiqətlərinin məcrasına çevrilir. Baxırsan, heç bir tanış səhnə və mənzərə yoxdur. Tamamilə təzə və hətta uydurma bir konfliktdir. Amma oxuduqca dövrün bütün siyasi ədalətsizliklərinin düyün nöqtəsini görürsən. Bu düyün nöqtəsi isə hakimiyyətdir.
Kafka Avstriya-Macarıstan imperiyasına daxil olan Çexiyanın Praqa şəhərində yaşayıb və təbii ki, bu şər totalitar rejimin iri gözlü nəzərlərini daim öz üzərində hiss edirdi. Ona görə romanlarını, xüsusilə “Qəsr” və “Mühakimə”ni tamamilə rəmzi yarımfantastik bir konfliktin yüksək bədii təsvirinə çevirmişdi. Burada o, elə bir ustalıq, məharət və sənətkarlıq göstərmişdir ki, hətta bu gün belə onu açmaq, izah etmək ən diribaş mahir yazıçı və oxucular üçün belə çətindir. Yüksək siyasilər üçün isə tamamilə xoşagəlməzdir. Hərçənd ki, ingilis kraliçası Yelizaveta -hazırda nə oxuyursunuz?, - sulaına Kafkanın “Qəsr” romanını- cavabını vermişdi.
Lakin belə alicənab, böyükürəkili və böyük səviyyəli dövlət adamları çox azdır. Çünki çoxları həyatda ən qorxunc və qarşısıalınmaz silah olan hakimiyyətdən öz daxili və ucuz istəklərini tətbiq etmək vasitəsi kimi istifadə edirlər.
Kafka elə rejimlərin qurbanlarının faciələrini təsvir edir. Qurbanların öz faciələrini hiss edən nüsxələri isə çox az, tək-tək, bəzən isə hətta bir nəfər olur.
Nitşe kimi Kafka da öz dövründə özünə yer tapa bilməyən, yaşaya bilməyən bu cür tək-təklərin nəğməkarıdır.
Kafka “Qəsr”ində yaşayanlar su yerinə gözəl konyaklar içirlər. Bu nə deməkdir? Doğurdanmı adi bir yerölçən qəsrə məhz su yerinə konyak içmək üçün getmək istəyir? Bizcə, yox. Bəs niyə? Nə üçün? Bunu müəyyən etmək, yozmaq çox çətindir. Axı hər necə mühakiməli və məntiqli bir şəxsiyyət olsa da, “Yerölçən” böyük səlahiyyətlər və ləyaqətlər daşıyıcısı olan nadir bir şəxsiyyət deyil. Bəlkə Kafka özünü təsvir edir. Əgər beləsə, onda o qəsrə azadlıq və həqiqət carçısı olmaq üçün səlahiyyət sahibi olmağa nail olmaq üçün can atır. Amma kəndxuda bütün roman boyu onun bu inadlı təşəbbüslərini qaya kimi sarsılmaz bir müqavimətlə heçə göndərir.
Əsərin çox-çox səhifələri bu iki həm adi, həm də qeyri-adi insanın bir-birlərinə yönəltdikləri arqumentlər üzərində qurulub.
Bəli, hakimiyyətlər onlar kimi düşünməyən, həyatın əbədi dəyərlərinə sadiq olan bu cür insanlarla hər yerdə daim antoqonist olurlar.

Baxış sayı: 526