Gündəm, Şərhlər
19.08.2015 / 13:12

Bəşəriyyətin dini dünyagörüşü və din anlayışı

Bəşəriyyətin dini dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az

(IV yazı)


Din tədqiqatçıları göstərirlər ki, nə Musa Peyğəmbər, nə də İsa Məsih yeni bir din yaratmamışlar. Onlar sadəcə insanlığın ilk və orijinal dinini öyrətməyə çalışmışdılar. Onlar antik dində anladılanları yaşadıqları dövrün dilinə uyğunlaşdırmış, ilk dinin ana ünsürlərini bir neçə qısa cümlələrdə toplamış və insanlığın qurtuluşu üçün gərəkli olan heç bir həyati məsələni nəzərdən qaçırmamışlar. Onların öyrətdiklərinə sonradan “”İudaizm, “Musəvilik” və “Xristianlıq” adları verilmişdir. (Bax: James Churchward. Kayıp kıta Munun Kutsal sembolleri, ingilizceden çeviren Emre Özdal, İstanbul 2011, səh.44).
Tarixən özlərini “Musəvi” və “Xristian” adlandıranların ancaq bir qismi Musanın və İsanın öyrətdiklərinə əməl etmiş, qalan böyük bir qismi isə onların öyrətdiklərinə deyil, onların vəfatından uzun zaman sonra rahiblərinin ortaya atdıqları və əsas dinlə heç bir əlaqəsi olmayan qaydalara əməl etmiş və bu gün də əməl etməkdədirlər. Əqidəsiz din xadimlərinin əsas dinin içinə qarışdırmış icadları bu gün belə dünyada mövcud dinlərdə öz varlıqlarını davam etdirməkdədirlər. Heç təsadüfi deyil ki, son iki min ilin din xadimləri bir yandan İsa Məsihi “bakirə Məryəmdən doğulan”, “Allahın oğlu” kimi tanımış, digər yandan da öz iddialarını unudaraq onun soyunu İbrahim və Davud Peyğəmbərlərə bağlamışlar(Bax: İncil, Mattanın müjdəsi, 1-ci fəsil, 1-17; James Churchward, göstərilən əsəri, səh.44,47)
İlkin din və onun tapındığı Tanrı insanları bir-birindən ayırmadığı halda sonradan din xadimləri Tanrını belə ayırmış, hətta Yəhudilər kimi özəlləşdirmiş(Yəhudilərə görə, Allah yalnız Yəhudilərin Allahıdır.), İlahi din yerinə yeni-yeni “İnsani dinlər” icad etmişlər. “İsa öz şagirdlərinə dedi: “Din alimlərindən özünüzü gözləyin! Onlar uzun paltarlarda gəzməyi, meydanlarda salam almağı, sinaqoqlarda baş kürsüləri və ziyafətlərdə yuxarı yerləri tutmağı sevirlər. Onlar dul qadınların evlərini talayar və riyakarcasına uzun-uzadı dualar edərlər. Bunlar daha ağır məhkumiyyətə uğrayacaqlar”(İncil, Lukanın müjdəsi, 20-ci fəsil, 45-47)”.
Qorxunu dinin təməlinə yerləşdirən rahiblər insan qurban etmə ayinlərini belə qanuniləşdirərək insanları dəhşətə düşürmüş və bütün ölkələrdə qorxunu artırmış, qorxu və dəhşətin hökmranlığı dinin içərisinə əməlli-başlı yerləşdirilmişdi. Sonradan mədəni insanlar tərəfindən bu gələnək ortadan qaldırılsa da, bu gün belə başqa maskalar altında bu adət davam etdirilməkdədir. Üç min il bundan əvvəllə günümüz arasındakı tək fərq bizim vəhşiliyimizin üzərində bulunan qalın uyqarlıq maskasıdır. İnsanlıq tarixinin hər dövrü qanlıdır. Fəqət, yüksək sivilizasiya maskası taxmış XX əsr və onun davamı olan XXI əsr daha qanlıdır. Tanrısının tək olmasına baxmayaraq, bu gün dünyada bir neçə din və beş yüzdən artıq məzhəb bulunmaqda və bu dinlərlə məzhəblər arasında qanlı çatışmalar baş verməkdədir. Çox qəribədir ki, bu qanlı çatışmalar məhz üç ilahi dinin beşiyi sayılan orta Doğuda baş verməkdədir.
Orta Doğu sadəcə bir Peyğəmbərin və onların öyrətdikləri böyük dinlərin məskəni olaraq qalmamış, eyni zamanda, böyük kültür və mədəniyyətlərin də beşiyi sayılmışdır. Böyük Peyğəmbərlərin hamısı İlahi təbliğatlarını, insanları doğru yola yönəltmək, onları qurtuluşa və sülhə ulaşdırmaq vəzifəsini də məhz bu geniş və bərəkətli Orta Doğu ərazisində yerinə yetirməyə çalışmış, bəziləri bunda müvəffəq də olmuşdular. İnsanlığın mənəvi dəyərləri olan “Avesta”, “Zəbur”, “Tövrat”, “İncil” və “Qurani-Kərim” də Orta Doğuda nazil olmuşdur.

Baxış sayı: 549