Gündəm, Şərhlər
19.08.2015 / 12:03

Müsəlmanların qəbir şöhrəti

Müsəlmanların qəbir şöhrəti
Xanəmir TELMANOĞLU / İnform.az


Toplum, xalq, millət olaraq, çox həssas bir xarakter və özəlliyə sahibik. Götürdüklərimizi tez götürür, atdığımızı da tez atırıq. Ancaq özümüzün milli kodlarından qaynaqlanan hərəkətlərimizi bir alışqanlıq hesab edir, zərərli olanlardan bəzən heç cür ayrıla bilmirik.
(Əfsanələrin, miflərin, nağılların, rəvayətlərin vurğunuyuq. Dastan üçün ayrıca aşıqlıq sənəti də yarada bilmişik. Bütün bunlar mədəniyyətin rüşeymlərinin inkişafı, xeyirə yönəlməsi baxımdan pozitiv impuluslar versə də, ancaq zərərli deyə biləcəyimiz neqativ atmosferdə boğulmağımıza da imkanlar açmağındadır).
Kimin istəyib – istəməməsindən asılı olmayaraq, mən Azərbaycan xalqını bütövlükdə müsəlman qəbul edirəm. Baxmayaraq ki, aramızda fərqli dinlərə mənsub topluluqlar da yaşayırlar. O fərqli dini inancını yaşayan topluluğun da xislətində əsrlərdir bizlərdən nələr desən tapmaq mümkündür. Ancaq di gəl ki, bizim müsəlmanlığımız bizə hər iki mənada baha başa gəlir. Həm o dünyada, həm də bu dünyada. Bəzən o dünyamızdan cənnətimizi, rəhmətimizi itirir, bu dünyada da maddi olaraq zərərə gedirik.
Bir dəfə dostlarımızdan birinin təkidi ilə, Xırdalan qəbristanlığına getməli olduq. Dostum iddia edirdi ki, Xırdalan qəbristanlığında Sumqayıtda yüksək vəzifədə işləmiş bir adamın məzarına düz nə az nə çox, 80 min dollar xərc çəkiblər. İnandırıcı olmasa da, öz gözlərimlə görmək üçün gəlib həmin məzarı tapdıq. Mən kiralarda çürüdüyümü göz qabağıma gətirib, əsəbləşdim, az sonra səbrimə sığınıb ordan uzaqlaşdım. Bu məzar deyildi, bağışlayın, kişinin oğlu burda öldükdən sonra ürəyin istəyən bir villa tikdirməyi vəsiyyət edibmiş. Dostuma dedim ki, pis baxmasaydılar, arvad-uşaq da razı olsaydı, gəlib burda çox rahatca yaşayardım.
O gün çox məyus olmuşdum. Çünki o gün, təsadüfdənmi, bimirəm, Qarabağ savaşında dünyasını dəyişmiş bir şəhidimizin də övladıyla Sahil metrosunda rastlaşmışdım. Bu uşağın dediyinə görə,1992-ci ildə Malıbəylidə atası vurulan günü dünyaya gəlmişdi. Özünün isə məktəb yaşı çoxdan çatmış olsa da, məktəbə gedə bilmirdi. Çünki evi dolandıran, evə çörək aparan birinə ehtiyacın olduğundan, bu balaca qeyrət və namus simvolumuz anlayıb ki, işləmək lazımdır.Anası isə yataqda ağır xəstə yatırdı. Bu kişi qırığı metronun ağzında qələm və qəzet satırdı ki, axşam evə dönəndə heç olmasa çörək pulu apara bilsin. Bu bəlkə də faciə deyildi, əsl faciə o idi ki, mənim paytaxtımda XXI əsrdə bu uşaq satdığı qələmlə yazı yaza bilmirdi. Çünkü gerçəkdən məktəbə getmək imkanı omayıb, olmayıb, olmayıb... Bu həqiqəti necə də sinəyə çəkməyəsən. Ortada belə dəhşətli mənzərə var ikən, gəl də, digər tərəfdəki, dünyasını dəyişmiş birisinin 80 min dollarlıq məzarını görmə. Ola bilsin ki, bəlkə bu rəqəmə şübhə edən tapılar, gəlsin, mənimlə həmin məzarlardan birini deyil, onlarlasını göstərə bilərəm. O qəbirlərə çəkilən xərcləri bu yurdun uğrunda canından keçənlərin imkansız övladlarının təhsilinə, yaşayışına yönəltmək o qədərmi çətindir, yaxud da mümkün deyil? Bəs bizim müsəlman kimi kimliyimiz? Bəs qəbirlər itməliydi? Nədən qorxur, nəyin əndişəsini çəkirsiniz, ey qafil qəbir, məzarpərəstlər?! Allahın Amerikasında, Avropasında generalla əsgərin, zənginlə fakirin, tələbəylə müəllimin, məmurla işçinin məzarı eyni görkəm və sırada yer alır. Bizdə isə, dünyasını dəyişən insan elə biləsən ki, əqidə və dinini də dəyişir. Bu dünyada hansı imkanlarla yaşayıb, hansı vəzifə sahibiysə, o dünyada da eyni statusda görkəmini büruzə vermək istəyir. Mənim anladığım odur ki, yer üzündə müsəlman toplumunu xristianlardan geri qoyan, qəbir, məzar zehniyyətidir. Bu da ondan irəli gəlir ki, müsəlmanların əksəriyyəti o dünyaya inanmır. Bunu dəqiq bilməliyik. Necə olur ki, başqaları, qeyri dinə mənsub xalqlar biz müsəlmanlardan fərqli olaraq səmavi kitabların təlqin elədiyi düşüncəyə, fikrə, əxlaqa yaraşan şəkildə o dünyayla bağlı bütün yaşam və hərəkətlərini yerinə gətirilər? Biz isə, Uca Kitabımızda bu qədər axirətlə, o dünyayla, öldükdən sonra dirilməklə bağlı ayətlərin dönə-dönə vurğulanmasına rağmən, tamamilə bizlərə buyurulanların əksinə, ziddinə hərəkət edirik. Ən adi kasıb da, Azərbaycanda dünyasını dəyişən kimi, son tikəsinin pulunu, yaxud xərc-borc edərək ölüsünün üzərində mərmərdən heykəl yaratmaqla məşğuldur.
Belə yerdə bir pritça yadıma düşür. O hekayətdə, dünyasını dəyişərkən zəngin ata oğlundan bir şeyi xahiş edir. Deyir, mən dünyamı dəyişdiyimdə sadəcə ayağıma corab geyindir. Oğul ata vəsiyyətini yerinə yetirir. Dəfn zamanı molla şəriətin qanunlarına zidd olduğundan corabları çıxarıb atdırır. Böyük mal-dövlət sahibi olan ata, bu qədər mülkündən bir corabı da ayağına ilişdirib özüylə o dünyaya apara bilmir.
Bütün bu olanlar qarşısında min universitet qurtarıb, min diplom alsaq belə, bizlər mənəvi kimliyimizdən çox-çox uzaq insanlar olaraq Tanrının sonsuz qəzəbinə haqlı olaraq keçməliyik.Bəşər övladı əzəldən, dünya yaranandan kimliyindən asılı olmayaraq, ruhani dünyasının gerçəklərini anlamayan insanı səviyyəsiz qəbul edib, heyvandan da aşağı tutublar. Anlayışıma görə, inancımıza hopdurduğumuz əzbərçi inanclardan yaxamızı qurtarmalıyıq. Əzbərçi müsəlman olmaqdansa, kafir olmaq ondan min dəfə yaxşıdır. Çünki kafir kafirliyini gizlətmir. Əzbərçi inanc sahibi isə, iki sifət geyinmiş birisidir. Onun hansı sifətinə inanasan, bilmirəm?

Baxış sayı: 462