Müsahibə, Ədəbiyyat
18.08.2015 / 18:37

Şəhriyar del Gerani: “Üç-beş illik ömrün öhdəsindən kimsəsiz də gəlmək olar”

Şəhriyar del Gerani: “Üç-beş illik ömrün öhdəsindən kimsəsiz də gəlmək olar” Müsahibimiz şair Şəhriyar del Geranidir.

- Şair necəsən, bu yay nəsə az göründün?

- Yaxşılıqdı. Bir az gəzmək sevdasına düşdüm. Türkiyə, Gürcüstan filan. Hər yer bir-birinə oxşayır. Bir neçə dəfə Qəbələ-İsmayıllıya, Oğuz-Zaqatala bölgələrinə getdim. Və qərara gəldim ki, ən gözəl gəzinti elə evdə bir otaqdan o biri otağa keçməkdi. Ciddi sözümdü. Başqa hər yer bozdu. Skandinaviya ölkələri bir az maraqlı olar çox güman. Oralara getməyi planlaşdırıram.

- Bütün şeirlərin demək olar ki, darıxmaqla başlayıb onunla da bitir. İyirmi səkkiz illik ömürə necə bu qədər darıxmağı sığdırmısan?

- Darıxmaqla ömrümü yubadıram. Ucsuz-bucaqsız qaraboşluqda başqa nə etmək olar ki? Bir də, bu ölkədə, dünyanın hazırkı vəziyyətində yalnız nadanlar darıxmaya bilər. Həqiqətə bir köynək də olsun, yaxın olan hər kəs darıxır. Sadəcə, kimlərdəsə məişət darıxmaqları olur, kimlərdəsə ilahi darıxmaq.

- Fransız atalar sözü var - təmiz vicdan qədər yumşaq yastıq yoxdur. Şəhriyar gecələr rahat yatırmı?

- Vicdansız olmağa imkan düşməyib hələ. Mən bilmirəm böyük məsələlər qarşısında nəcə hərəkət edərdim. Hələ ki rahatlıqdı. Məni narahat edən başqalarının vicdanıdı. Öz ləyaqətini itirib başqalarının ləyaqətiylə oynayan adamları görəndə gülümsəyirəm. Allah hər şeyi görür! Bu düşüncəyə sadiqəm.

- Mövlana Cəlaləddin Ruminin dəyərli bir fikri var. Bir şam digər bir şamı alovlandırmaqla, işığından bir şey itirməz. Həyatında sənə dəstək olacaq dostların var?

- Heç kəsdən heç nə ummuram. Bütün arzularımdan imtina etmişəm. Üç-beş illik ömrün öhdəsindən kimsəsiz də gəlmək olar.

- Məqsədsiz arzusuz yaşamaq bəyəm həyatı cılızlaşdırmır?

- Güya həyat nə boydadı ki? Həyat haqqında çox yüksək fikirdəsən.

- Yeri gəlmişkən Sufilik haqqında hansı düşüncədəsən?

- İmtina.

- Barmaqlarımızın arasında boşluq kimsə onu doldursun deyə var. Siqaretdən, qələmdən başqa o boşluqları dolduran var?

- Ən gözəl məşğuliyyət uşaqların saçlarıyla oynamaqdı.

- Şair bu məsələdə çox ehtiyatlı davranır...
Xanımlar tərəfindən sevilirsən, zamanla sevgi etirafları da olur. Necə qadınlardan imtina etmək olmaz? Ümumiyyətlə, həm zahiri, həm daxilən necə qadınları bəyənirsən?


- Bu suala bir dəfə də cavab vermişdim. Bilirsənmi, pəşəkarlar həmişə sevilir. Qadınların sevgisi dürüst olur. Onlar həmişə kimi sevdiklərini dəqiq bilirlər. Mənə olan sevgidə daha çox bir şairə olan sevgi var. Onlar mənim oxucularımdı. Şeir vurğunudurlar. Mənim şeirlərimi sevənlərin hamısına böyük hörmətim var. Bu, etalon deməkdi. O ki qaldı qadınlar barədə mənim fikrimə. Ümumiyyətlə, qadın maraqlı olmalıdı. İşıqlı qadınlardan imtina etmək olmaz. Onları hər zaman sevmək lazımdı. Ümumiyyətlə, qadınlar barədə ən doğru fikir - susmaqdı. Bircə həqiqətim var ki, deyingən, qısqanc qadınlar həddindən artıq bezdirici olur. Başqa heç nə.

- Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər.Texnologiyanın inkişafından sonra indi bu missiyanı klaviatura öz üzərinə götürüb. Şair qaralama edəndə qələmlə edir yoxsa elə kompüterə yazır?

- Şeiri kağıza yazıram, nəsri kompüterə. Şeirlə əlaqəm monitorda alınmır. Bir nəçə dəfə sınamışam, münkün deyil. Nəsri isə birbaşa komputerdə yazıram.

- Hansı insanlara qarşı dözümsüzsən? Nələr səni affekt vəziyyətinə sala bilər?

- Heç kəs məni özümdən çıxara bilməz. Bəşəriyyətdən bir xeyli uzaqlaşmışam. Hərənin öz həqiqəti var. Hamını öz doğrularıyla baş-başa buraxmaq lazımdı. Təxminən - hamı yaxşı adamlardı. Vəssalam.

-Qırmızı kəndirdə boynun dincələ,
Ölüm de, gələndə gülərüz gələ...
Bu misradan belə başa düşmək olar ki Şəhriyar intihar haqqında tez-tez düşünür?


- Heç vaxt düşünməmişəm? Bu, şeirin həqiqəti...

Xəyalə ƏLİHEYDƏR / İnform.az

Baxış sayı: 1630