Gündəm, Şərhlər
18.08.2015 / 15:38

Mövhumatdan qorxuram

Mövhumatdan qorxuram
Ayişə NƏBİ /inform.az


RF-nın əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, Rusiya elmi ictimaiyyətinin yaxşı və ehtiramla tanıdığı professor Süleymanov Süleymanla söhbət edirik. Söz sözü çəkib din üzərinə gətirir və onun ilk cümləsi məni təəccübləndirir. Adətən, elm adamlarının dinə soyuq münasibət bəslədiklərini, onlar üçün elmin çox vaxt dini əvəz etdiyini bilirdim. Onun ilk cümləsi bu oldu: “Din olmasa insanlar vəhşi kimi olarlar”. Sonra davam edir: “Amma məni dindən uzaqlaşdıran müsəlmanıqda da, xristianlıqda da elə bayağılıqlar var ki, həmişə fikirləşirəm, axı din bu ola bilməz, din bu olsa, onun məğzi və mahiyyəti bu olsa, o əsrlərdir davam edərək insanların qəlbində bu qədər önəmli yer tutmazdı. Ortaya çıxıdıqdan az bir müddət sonra unudulub gedərdi. Amma unudulmur, əksinə dalğa şəklində bəzən zəifləyir, bəzən də vüsət alır.
Biz yaşanan dini görür və onun mahiyyətini də din adamlarının yaşantıları ilə müəyyən edirik. Əslində, belə olmadığını bilirik, amma yenə də kitablardakı din deyil də, yaşantılardakı din daha qabarıq və üzdə olandır, kütlənin qəbul etdiyidir. Burada da mövhumat baş alıb gedir. Məsələn, insanın bir xəstəliyi olanda gedib kitablardan axtarmır ki, görsün dərdi nədir, gedib həkimdən soruşur. Eləcə də din haqqında da bir şeylə maraqlananda ilk olaraq mollalara müraciət edilir, onlar din səlahiyyətlisi sayılır. Di gəl ki, onların da verdikləri cavablar insanı dindən uzaqlaşdırır. İndi konkret yadıma sala bilmirəm, əsasən yas məclislərində belə söhbətlər çox olur.
Həyatda bilmədiyim, cavab tapammadığım o qədər sual var ki. Mən tələbələrimə də, insanın çox şey bildiyini, amma bu çoxun, əslində, dəhşətli dərəcədə az olduğunu deyirəm. Gənclər bəzən biz hər şeyi bilirik, deyirlər. Onda yazı taxtasında bir kiçik, bir də böyük bir dairə çəkirəm və kiçik dairəni göstərib deyirəm ki, bu sizin biliyinizdir, siz az bildiyiniz üçün bilmədiyiniz şeylərin olmadığını və ya az olduğunu düşünürsünüz. Amma mənim biliyim sizinkindən daha geniş dairədə olduğundan daha çox şeyi bilmədiyimi bilirəm. Mən hüceyrəni öyrənişəm və görmüşəm ki, mənim bilmədiyim, elmin qarşısında duran o qədər çox sual var ki. Əgər bunları bilmiriksə, mövhumat və xurafat adlandırırıq.
Zaman sualları sıraya düzür və heç vaxt hamısına birdən cavab vermir. Bir-bir cavab verir, sırayla, növbə ilə, ardıcıl olaraq. İnsan beyni isə acdır, hər şeyi birdən bilmək istəyir. Amma Allah bilir ki, insanın istəyi ilə potensialı uyğun deyil, o birdən deyil, yavaş yavaş qavrayır. Bilinməzliklər də yavaş-yavaş açılır. Necə ki, insan bütün hissləri birdən yaşaya bilmir, eyni vaxtda həm ağrılar, həm də sevinclər yaşanmır, növbəylədir. Gah xoşbəxtlik yaşayırsan, gah bədbəxtlik, gah sevinirsən, gah qəmlənirsən. Elm də elədir, səbrlə araşdırılır, hər gün yeni bir kəşf olunur, yeni bir bilinməyən aşkarlanıb bilinir. Bilmədiyimiz şeylərə nağıl kimi, xurafat kimi baxsaq, nə elmin içindən çıxa bilərik, nə dinin, nə də insanın beynindəki qarışıq suallardan qurtularıq. Mövhumatdan qorxuram
Elm adamlarının, alimlərin dinə ehtiyacı olmadığı düşünülür. Fikirləşirlər ki, elm alimlərin qəlbini, varlığını doldurur, onların qəlbində və beynində Allaha yer ayrılmayıb. Xeyr, alim elmi varlığına nə qədər hopdursa da, vaxtını elmə həsr etsə də onun qəlbində gizli bir hücrə var, ora Allaha aiddir. Bir müddət əvvəl alimin dinə meyl etməsi yaxşı qarşılanmırdı, amma indi belə bir qorxumuz yoxdur. Mənim ən böyük qorxum mövhumatdır, gerçəkliyin yerini asanca alan, bəzən həqiqət kimi görünüb insanları aldadan, yanıldan və daha çox cəlb edən mövhumat. Mövhumata inanmaq daha asandır, daha maraqlıdır, odur ki, daha cəlbedicidir. Mövhumatla gerçək din çox yerdə bir birinə qarışır, ona görə də müsəlmanlar geridə qalıb - deyiləndə bunun səbəbini dinə deyil də mövhumata bağlamaq lazımdır.
Qısa arayış: Rusiya Federasiyasının əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, Ümumrusiya Baytarlıq Elmi Tədqiqat İnstitutunun patoloji morfologiya, farmokologiya və terapiya şöbəsinin müdiri, Ümumrusiya Tibbi Baytarlıq Patoloq-anatomlar Assosiasiyasının vitse- prezidenti, professor Süleyman Süleymanov 475-dən çox elmi işə,7 monoqrafiyaya, 8 broşüraya, 10 elmi ixtiraya patent və müəlliflik şəhadətnaməsinə və s. imza atmışdır. 32 elmlər namizədi və 13 elmlər doktoruna elmi rəhbərlik etmiş, bir çox tələbələr yetişdirmişdir. Özünün həyatını və elmi fəaliyyətini əhatə edən “Müqəddəslərim və əzizlərim” və “Sevgiylə və ağrıyla”adlı, zərif şeirlərini də içinə alan avtobioqrafik əsərlərin müəllifidir.

Baxış sayı: 569