Gündəm, Şərhlər
18.08.2015 / 14:05

Türksoylular niyə xəbərləşə bilmir?

Türksoylular niyə xəbərləşə bilmir?
Aqil CAMAL / İnform.az


Dünən xəbər verildiyi kimi, Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçiriləcək. Görüşdə Azərbaycanı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Bununla bağlı xəbərdə bildirilir ki, görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatının müzakirəsi və təsdiq olunması, Türk Şurasının televiziya kanalının yaradılması ilə bağlı konsepsiya sənədinin, nazirlər tərəfindən imzalanacaq informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolunun, Türk Şurasının milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolunun və Türk Şurasının xəbər agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq olunması nəzərdə tutulub.
Son illərdə türksoylu ölkələrin media qurumlarının əməkdaşlıq, işbirliyi, ortaq qurumların yaradılması sayəsində böyük məsafə qət edilib. 2010-cu ildə Ankarada keçirilən I Türkdilli Ölkə və Toplumlarının Media Forumu, 2011-ci ildə Bakıda yüksək səviyyədə təşkil olundu. Daha sonrakı toplantılar Bişkekdə və Lefkoşada davam etdirildi. Yuxarıda haqqında bəhs etdiyim görüş də, dünyadakı türkdilli medianın dövrün tələblərinə uyğun şəkildə əməkdaşılq etməsi, ortaq xəbər siyasəti həyata keçirməsi üçün növbəti cəhddir.
Bəs indiyədək göstərilmiş cəhdlər niyə ciddi nəticələr ortaya qoymayıb? Nədən, hələ də türksoylu dövlətlərdə baş verən hadisələr tamam başqa mənbələrdən əldə edilir?
İnformasiya əsrində və qloballaşmanın çağırışları şəraitində türk xalqlarının və cəmiyyətlərinin mədəni və siyasi müstəvidə inteqrasiyası üçün olduqca böyük zəmin yaranıb. Bu inteqrasiyanı daha çevik hala gətirə biləcək əsas amillərdən biri də mediadır. Bu baxımdan türk ölkələrinin media zəminində inteqrasiyası, onların informasiya mübadiləsini, bir-birilərini daha yaxından tanımalarını, bir-birindən operativ xəbərdar olmalarını, həmçinin dünyada baş verən proseslərə daha çevik və birgə mənafedən reaksiya vermələrini təmin etmək olar.
Bəs, türk toplumlarının yeni media sahəsində iş birliyi barəsində nələri qeyd etmək olar? Bununla bağlı hansı təkliflər və təşəbbüslər reallaşdırıla bilər?
Yuxarıda haqqında bəhs etdiyim Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsində də türk xalqlarının və toplumlarının mediada inteqrasiyası üçün vacib nüanslar öz əksini tapıb. Sənəddə beynəlxalq arenada türkdilli ölkələr arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulması prinsipi, qarşılıqlı fəaliyyət aspektləri müəyyənləşdirilib. Burada medianın katalizator rolu önə çəkilir, birgə tarixi köklər, mədəniyyət, dil, adət-ənənə, məişət yaxınlığının təbliğindəki əməkdaşlıq istiqamətləri əksini tapır. Nizamnamədə dünyaya inteqrasiya üçün peşəkarlıq vərdişlərinə yiyələnmə, təcrübə mübadiləsinin gücləndirilməsi də vacib amillərdən biri kimi qeyd edilir.
Türk xalqlarının yaşadıqları məkanda baş verənlərdən daha operativ şəkildə xəbərdar olmaq və həmin proseslərə təsir imkanları baxımından media sahəsində əməkdaşlığın böyük önəmi var. Və bu işdə Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyət düşür. Çünki, Azərbaycan Türkiyə ilə Orta Asiyanın qovşağında yerləşir.
Fərqli coğrafiyalara dağılmış türk xalqları arasında media vasitəsi ilə yeni bir bağ qurmaq, dövrümüzün inkişaf prosesləri baxımından çox mühümdür. Yaxud belə bir bağlılığın, türk xalqları arasında bir əsr öncə var olan müştərək mədəni bağın - Təbriz, Səmərqənd, Kazan və Urumçidə oxuna bilən, İstanbulda çap edilən bir qəzetin və ya çağdaş dövrə uyğun bənzər media vasitələrinin yenidən qurulması da önəmlidir.
Əsas məsələ isə orta media siyasəti ilə bağlı qurulmuş və qurulacaq təşkilatlara, türk dünyası mediasına az-çox bələd olan, bu prosesə könüldən bağlı olan insanları cəlb etməkdir.

Baxış sayı: 414