Baş xəbər, Müsahibə
18.08.2015 / 13:23

Vahid Əziz: “Mənim çox varlı adamlara yazığım gəlir”

Vahid Əziz: “Mənim çox varlı adamlara yazığım gəlir”İnform.az-ın növbəti qonağı şair Vahid Əzizdir:

- Yarım əsrə yaxın bir müddətdə Milli ədəbiyyatımızın inkişafı yolunda qələm çalan Vahid Əziz üçün poeziya nədir?

- Gənclik illərimdə yazdığım ilk şeirlər bir həvəs, əyləncə, gözəl qızların diqqətini cəlb etmək üçün bir vasitə idi. İllər keçdi, narkoman nəşəyə qurşandığı kimi, mən də bu möcüzəli şeiriyyət aləminə qurşandım. Get-gedə tanındım, sözlərimə mahnılar bəstələndi, adım tele-radio kanallarında hallandı, kitablarım nəşr olundu. Bir sözlə, şeir yazmaq istəyi, həvəsi mənim əsas məşğulliyətimə, həyat tərzimə çevrildi.

- Nə qazanıb, nələri itirdiniz?

- Hörmət qazandım, oxucular qazandım, dostlar qazandım, qonorar¬lar aldım keçmişdə. Otuz ildən çoxdur ki, şeirlərimi birbaşa makinada yazıram. Yazı makinam bir royal, bir fortepiano kimi yaşadır məni. Zarafatla yazı makinama çörək ağacım deyirəm. “Çörək ağacı” adlı bir şeirim də var. Belə misralar var bu şeirdə:

“Ağıllı adamlar qazancın sayır,
Mən yeni kitabın vərəqlərinı”.


İtirdiklərimi də qazancım sayıram. Nələri itirmişəmsə, deməli mənə qismət deyilmiş. Bəlkə də çoxlu pulum, var-dövlətim olsaydı, sayılıb-seçilən şair olmazdım. Əsas təskinliyim budur ki, mən dünyamı dəyişdikdən sonra övladlarım biri-birləriylə var-dövlətim üstündə dava salıb düşmən olmayacaqlar! Ümumiyyətlə, mənim çox varlı adamlara yazığım gəlir. Onların ölümü bəzən nəsil davasına çevrilir. Meyit qalır ortada, övladlar var-dövlət davası aparır.

- Vahid müəllim, Siz orta məktəbdə təhsilinizi rus dilində almısınız. Üstəlik müxtəlif vəzifələrdə çalışdığınız illər Sovet hakimiyyətinin cövlan etdiyi vaxtlarına təsadüf edib. Onu da deyim ki, bunu hamı etiraf edir – çox axıcı, təmiz, xalq ruhuna doğma olan bir poetik diliniz var. Bunun sirri nədədir?

- Bu, anamdan eşitdiyim laylaların, aldığım təmiz qidanın, məni əhatə edən təmiz Türk mənşəyinin, aşıqlarımızın, nağılçı babalarımın və nənələrimin xidmətidir. Ən başlıcası isə Tanrı vergisidir! Şair olmaq – sözləri qafiyələndirib ard-arda düzmək deyil. Şair ilk növbədə memardır, sözlərlə yaraşıqlı, qüdrətli, zərif, min illərlə yaşaya biləcək saraylar ucaldan memar.

- Vergi?

- Bəli, vergi. Vergisiz – şeir yazmaq olar, amma sözün böyük mənasında Şair olmaq olmaz, şəkil çəkən olmaq olar, mahnı oxuyan olmaq olar, meloman olmaq olar, hesab müəllimi olmaq olar... Amma rəssam, müğənni, bəstəkar, riyaziyyatçı olmaq olmaz! Buna görə də, şeir yazan çoxdur, – əsl şair isə azdı.
Millətin yarısı mahnı oxuyur, amma dünya miqyasına çıxarılası bir-iki nəfərimiz var, adını bəstəkar qoyub gecədə beş-on mahnı bəstələyən qrafamanlar var, amma son illərdə dünya çapına çıxan üç-dörd musiqi əsərimiz var.

- Vahid Əziz ölkədə senzura olan bir dövrdə ədəbiyyata gəldi. Senzura onun çoxmu şeirinin çapına qadağa qoydu?

- Heç bir şeirimə Sovet dövrünün senzurası qadağa qoymayıb. Hətta həyatımda ilk dəfə 1969-cu ildə işıq üzü görən “Mən küləyi görürəm” kitabımdakı “Şəngülüm-şüngülüm” adlı şeirimə belə toxunmadılar. Baxmayaraq ki, o şeirdə böyük, güclü dövlətlə canavar, xırda xalqlar şəngülüm-şüngülüm obrazında təsvir edilmişdi.
Bilirsiz, Aysel xanım, “senzura” deyəndə, indiki adamlar elə düşünürlər ki, bu şoğərib “senzura” bir yırtıcı-zaddır! Məgər senzurası olmayan ölkə var? Bəs bütün dövlətlərdə Əsas Qanun sayılan “Konstitusiya” nədir, senzura deyil?! Senzuradır, çünki müəyyən hallara qadağalar qoyur. Senzura olmayan yerdə senzurasızlıq baş alıb gedir. Meşə aslansız qalanda, çaqqal-çuqqal təpəyə çıxır. Olur indi olduğu kimi, ağlı yerində olmayan bir para cızmaqaraçılar ağzına və ağlına gələn sərsəm fikirlərlə cəmiyyəti çirkləndirirlər. Elə götürək son dövrlərdə Səməd Vurğuna, Süleyman Rüstəmə, Rəsul Rzaya, Nigar Rəfibəyliyə, həyatda olan böyük yazıçılarımıza atılan çirkablar. Səməd Vurğun kimi əbədi yaşayacaq bir şairə qara yaxmaq Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin keçdiyi parlaq, misilsiz uğurlar və təkamül yoluna əxlaqsızcasına çirkab atmaqdır. Bu bədbəxtlər daha bilmirlər ki, Səməd Vurğun “Rəhbərə salam” şeiri ilə, Rəsul Rza “Lenin” poemasıyla, Süleyman Rüstəm Sovet dövlətini alqışlayan sənət əsərləriylə Mircəfər Bağırovun dilini Stalinin yanında uzun edirdi. Mircəfər Bağırov bu əsərlərin sayəsində Anastas Mikoyan kimi elementinə imkan verməyib ki, İosif Stalin Azərbaycana, xalqımıza qarşı daha da ağır və dözülməz repressiyalar həyata keçirməyə vadar etsin. Amma acınacaqlı bu deyil, acınacaqlısı Azərbaycan dövlətinin bütün dövrlərində yetərincə bəhrələnən titullu qələm sahiblərimizin bu simasız adamlara cavab verməməsidir. Bax, senzura burda, bu dar düşüncəli, özləri və yaradıcılıqları ortalığa çıxarılası olmayan bəzi nadanların oynatdıqları atların dizlərin qırmaq üçün lazımdır. Təəssüf ki, həm senzurasızlıq, həm ağsaqqalsız qalması mədəniy¬yəti¬mizin özünü bütün sahələrdə büruzə verir. Böyük alman bəstəkarı Sebastyan Bax da daxil olmaqla dünyanın bir çox görkəmli musiqiçiləri indinin özündə belə Azərbaycan, bəli, məhz Azərbaycan muğamlarından bəhrələndikləri halda, ortalığa atılmış notdan, musiqi savadından xəbəri olmayan bir neçə əldəqayırma meloman adını bəstəkar qoyub musiqi xəzinəmizi Afrika, Latın Amerika, Orta Asiya, Yaxın və Uzaq Şərq xalqlarının musiqisiylə doldurub öz adlarına çıxırlar. Keçmişdə yazılmış gözəl mahnılarımızın ritmini dəyişib öz adlarına çıxırlar. Bu musiqilərin əksəriyyəti özlüyündə gözəl və dəyərli əsərlərdir. İndilərdə ortaya atılmış bu qulbeçələr onları öz musiqi ad və ritmlərimizə yamaq kimi vurulanda ürək bulandırırlar. Necə olur ki, Eldar Mansurovun mənim şeirimə bəstələdiyi “Bayatılar” mahnısının melodiyası altmışdan çox ölkədə müxtəlif variasiyalarda istifadə olunub səslənir, Azərbaycana şöhrət gətirir, bizimsə üç-dörd “bəstəçimiz” musiqi dünyamızı pis hala salır?! Hələ bu qondarma mahnılara yazılan sözləri demirəm. Adam xəcalət çəkir. Bax, Bədii Şura, Senzura, müəyyən təsir vasitələrinin olması bunun üçün lazımdır! Özəl televiziya kanalları da bu baxımdan sənət dünyasına xeyli xələl gətirirlər. Bir sözlə, mədəni dəyərlər bazar maraqlarına qurban verilir.

- Vahid müəllim, bu ilin 23 noyabrında yetmiş yaşınız tamam olur. Yubiley gecənizi harada keçirəcəksiniz? Fəxri ad, mükafat – nə gözləyirsiniz?

- Bunu Allah bilər, Aysel xanım, ya yaradıcılıq gecəsi olar, ya da xatirə. O ki, qaldı sualının ikinci hissəsinə – böyük bir filosof demiş: “Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm...”

- Bəs özünüz necə qeyd edəcəksiniz? Yetmiş il yaşamaq hər igidin işi deyil.

- Seçilmiş əsərlərimdən ibarət doqquz cildim çapa hazırdır. Hər bir cild təxminən 400-500 səhifə arasındadır.

- Maşallah!

-Ya qismət...

Aysel Talıbqızı /İnform.az

Baxış sayı: 1225