Mədəniyyət
23.06.2015 / 15:08

Fərqanə Qasımova: “Görəsən mən olmasaydım...”

Fərqanə Qasımova: “Görəsən mən olmasaydım...”

On iki yaşına kimi muğam ifaçısı olacağını ağlına belə gətirməyən qayğıkeş ana, nazlı həyat yoldaşı, diqqətli övlad, məsuliyyətli muğam ifaçısı Fərqanə Qasımova İnform.az saytının müsahibidir.




- Fərqanə xanım, ilk Avropa Oyunları sizin ailə üçün xüsusidir. Bu haqda fikirləriniz maraqlı olar.

- Bu bayramdan danışmaq məni qürurlandırır. Avropa Oyunları bizim ailəyə ikiqat bayram sevinci yaşatdı. Çox qürurlandım, sevincimizin həddi-hüdudu yox idi. Mərasimi muğam açdı. Bu isə o demək idi ki, bütün dünya Azərbaycan muğamını tanıdı.

- Nə yaxşı siz atanızla birgə oxumadınız?

- Təklif tək atama gəlmişdi. Təklif gəlsəydi, böyük məmnuniyyətlə oxuyardım.

- Yeni planlarınız haqqında bir az məlumat verərsiniz? Yoxsa sirrdir?

- Yox, sirr deyil. Sözün düzü, iyunun əvvəli üçün Heydər Əliyev Sarayında solo konsert plananlaşdırırdım. Ancaq istəmədim bayramı bayrama qatım. Mən öz bayramımı saxladım. İstədim ki, Avropa Oyunlarının sevincini doya-doya yaşayaq. İnşallah, sentyabr-oktyabr ayları konsertimizlə sevənlərimizi təəccübləndirərik. Mövsümü də “Nəva muğamı”nın açılışı kimi solo konsertlə açacağıq. Solo konsertə kimi səfərlərimiz var - iyulun 20-də Polşaya. Rok qrupunun konserti olacaq. Ora dəvətliyik. Keçən il biz onlarla eyni bir səhnəni paylaşdıq. İnanın ki, muğamımız ayaqüstə alqışlandı, qulaqlarımız alqışdan tutulmuşdu. Mən hələ o qədər tamaşaçı görməmişdim. Biz Bakıya qayıtdıqdan sonra qrup öz rok disklərinə bizim ifamızda bir muğamı əlavə etməyi təklif etdi. Biz də sevə-sevə qəbul etdik. İyulun iyirmisində bu diskin təqdimatı , həm də konsert olacaq. Biz də ora dəvətliyik. Səfərlər çoxdur. Allah ömür versin.

-Fərqanə xanım, kişilər bir neçə işlə məşğul olanda deyirlər ki, kişidir, gücü çatar. Zərif, zəif bir xanımsızınız. Ev, uşaqlar, biznes, oxumaq, səfərlər... Bu qədər işin öhdəsindən necə gəlirsiniz?

- Allah güc verir. Həm də daha övladlarım böyüyüb. Həyatımın övladlarla bağlı rahat dövrünü yaşayıram. Hazırda vaxtımın çoxunu sənətə ayırıram. Planlarım, arzularım çoxdur. Allah ömür versin, can sağlığı versin, birlikdə görək.

- Fərqanə xanım Alim Qasımovun qızı olmasaydı, bu qədər tanına bilərdimi?

- Hərdən özümə o qədər sual verirəm ki, bu belə olmasaydı, belə olardı, bu elə olmasaydı, bu olardı, görəsən, mən olmasaydım, nə olardı, necə olardı. Əgər bir yolda çığır tapmaq lazımdırsa, mütləq o çığırı tapacaqsan. O qədər məşhurlar var ki, özbaşına çıxıb oxuyub tanınıblar. Nə atası, nə anası müğənni olmayan müğənnilərimiz “N” qədərdir. Əsas isdedaddır. O, varsa, deməli, “dayday” lazım deyil. Bir də ki, əvvəllər kimin arxası? Bu qayda ilə tanınanlar tez unudulur.

- Bir çoxları deyir ki, mən hər şeyi bilirəm, pul qazanıramsa, toylara dəvət edilirəmsə, məndən yoxdur. Bəs siz necə, öyrnəməyə nöqtə qoymusunuz?

- Öyrənməyə bir ömür yetməz. Heç bir sənətdə nöqtə yoxdur. Həkimlikdir - daim axtarışda olmalısan, müəllimlikdir - eyni ilə. Eləcə də muğam, estrada, pop, digər sahələr. Gərək insan axtarışda olsun ki, yeniliklər də edə bilsin. Hələ də muğamı örənməyə bir ömür azdır.

- Öyrənməkdən söz düşmüşkən, bəs Fərqanə xanım gündə neçə saat öyrənməyə sərf edir?

- Gün ərzində 4-5 saat ustadlara qulaq asıram, yeni nəfəslər, yeniliklər öyrənirəm. Ancaq konsert verməyə hazırlaşanda, səfərə gedəndə gün ərzində 3-4 saat məşq edirəm.

- Atanız Alim Qasımovla eyni konsertdə, eyni səfərlərdə çox olursunuz. Yəni Alim Qasımovla birgə çox zaman keçirirsiniz. Atanız bir az tərs adamdır. Necə yola gedirsiniz?

- Demək olar ki, mən elə ən çox atamla yola gedirəm. Olur ki, yoldaşıma ərk edib yola getməyə bilirəm, mən qadınam, ona kaprizimi göstərirəm. Övladlarımla da, anamla da. Atam məni başa düşdüyü kimi heç kim məni başa düşmür. Həm də atamla aramda çox böyük çərçivə var. Ata ilə qız arasında olan hörmət, ismət, pərdə mənimlə atam arasında çox gözlənilir. Eləcə də atamla aramda çox böyük məhəbbət var. Aylarla atamla səfərdə olmuşam, nə o məndən zərrə qədər inciyib, nə də mən ondan. Bu, tərifi olmayan ata-bala sevgisidir. Mən onun qayğısına qalmağı çox sevirəm.

- Səhnədə ata-bala olursunuz, yoxsa həmkar?

- Doğmalıq unudulur, həmkara çevrilirik. Atamın məni müəllim kimi danladığı vaxtlar da, razı qaldığı anlar da çox olur.

- Müəlliminiz Alim Qasımovdur deyə, siz də onun kimi eyni ruhda oxuyursunuz?

- Ruhu deməzdim, eyni fikirdə oxuyuruq. Çünki dörd-beş yaşımdan bütün incəlikləri, dəfi, səsi, qəzəli və bütövlükdə muğamın sirlərini ötürüb mənə. Atam bir yola çıxıb, yarıyolda mənim də əlimdən tutub, birgə yol gedirik. Amma heç inanmazdım ki, muğam ifaçısı olaram. On iki yaşımda bildim ki, atamın məni öyrətməkdə məqsədi nədir. Amma içimdə bir eşq olub. Tarın, kamanın səsi gələndə həmişə sakit durub dərindən dinləyərdim. Doqquz yaşımda atamla Filarmoniyada eyni səhnəni bölüşəndə heç həyəcan keçirmədim.

- Ailənizdə yeni muğamçılar yetişirmi?

- “Hə” deməzdim. Bir az oğlumda hiss edirəm. Amma bu sənətin çətinliyi çoxdur, istəmirəm, qorxuram.

- Asan iş var ki, Fərqanə xanım?

- Çox çətindir, məsuliyyətli yoldur. Məsuliyyətli oxumasaydım, çox şey oxuyardım. Görək də, oğlumuun 15 yaşı olsun, baxaq qəti qərarı nədir.

- Seçilmək üçün yerdə oturub oxudunuz?

- Həm hə, həm də yox. Məsələn, tələbələr yerdən oturmur. Atam yeniliyi sevir. Fkir vermisinizsə, əvvəllər trioda birinci xanəndə, sonra tar, kamança olurdu. Amma Alim Qasımov dəyişdi, özü ortaya keçdi, bir tərəfə tarı, digər yanına kamanı keçirdi. İndi artıq hamı o dəyişikliyi özü edir. Yerdə oturub oxumaq məsələsi çətindir. Mən həm yerdə oturub oxudum, həm də stulda oturub ifa etdim ki, hər iki sənəti yaşada bilim.

- Səfərlərdə tez-tez olursunuz. Maraqlı anlar olurmu?

- Əlbəttə. Mən Bakıda atamla heç yerə getmirəm. Xaricdə isə hər anım atamla gözəl keçir. Küçədə dondurma da alıb yeyirik, küçədə satılan şabalıd qovurmasını alırıq, keflə, ləzzətlə yeyirik. Bir saat boş vaxtımız varsa, gedirik gəzməyə. Dükanları gəzirik. Yəni atamla xaricin hər anı maraqlıdır. Bunu Bakıda edə bilmirik.

- Niyə?

- Atamın öz işləri, mənim öz işlərim çox olur.

Aysel Talıbqızı/ İnform.az

Baxış sayı: 745