Baş xəbər, Müsahibə
17.08.2015 / 18:04

Şahbaz Xuduoğlu: “Kimlərsə “Qanun Nəşrlər evi”ni almaq istəyir”

Şahbaz Xuduoğlu: “Kimlərsə “Qanun Nəşrlər evi”ni almaq istəyir”
Şahbaz Xuduoğlu ilə “Nərimanov” parkının qarşısında keçirdikləri kitab aksiyasında görüşdük... Bir az sohbət etmək imkanımız oldu.


- Salam, Şahbaz müəllim, yorğun deyilsiz? Saat 8-dən axşam 9-a kimi aksiya davam edir. Siz də öz ailə üzvləriniz - övladlarınızla birgə bütün günü ayaq üstə dayanırsınız (qızı Sevinc, oğlu Tengiz də orda iştirak edir).

- Hə, düzü bir az çətindir, uşaqlar da yorulurlar. Amma biz kitabla bağlı hər addımı sevərək atırıq. Həm də “Qanun” nəşrlər evini ayaqda tutmaq üçün bu çətinliklərə dözümlü olmalıyıq.

- “Qanun” nəşriyyatı külli miqdarda vergi cəriməsi edildikdən sonra bir cox qurumlara müraciət etmisiniz... Hal-hazırda müraciətlərinizlə bağlı cavab almısınız?

- Vergi güzəştlərinin tətbiq olunması ilə bağlı bir neçə müraciətlərimiz oldu. Yazıçılar Birliyi ilə “Vergini kitabdan necə götürmək olar ?”- qanun layihəsini hazırlayıb aidiyyatı qurumlara təqdim etdik.

- Hansı cavabı aldınız?

- Dedilər maraqlıdır. Amma gələcək üçün bunu nəzərə ala bilərik. Hələ ki, elə bir qanun nəzərdə tutulmayıb. Bəlkə də gələcəkdə baxıldı.

- Neçə müddət keçib həmin müraciətlərinizdən?

- Artıq iki ildən sonra qapadıq hüquqi liberallaşmaya yönəltdiyimiz enerjimizi. O qədər qapıları döydük ki... Düşündük qapı döyməyə sərf etdiyimiz vaxtı onsuz da nəticəsiz qalır, bunu kitab satmağa sərf edərik. Vergidən azad olunmaq üçün qanun qəbul olunmalıdır, parlamentdə bu müzakirə edilməlidir, uzun prosesdir.

- Neçə ildir artıq kitab aksıyaları keçirirsiniz?

- Elə müraciətlərimiz nəticəsiz qaldığı ildən özümüz “Qanun” nəşriyyatı üçün start verdik bu aksiyalara.
Nəyəsə nail olmaq üçün gərək illərlə qapı döyəsən bəlkə ondan sonra baxdılar. Buna da həddən artıq vaxt gedir.

- “Qanun” nəşriyyatı ilə təxmini nə qədər əməkdaşlıq edən yazarlar, redaktorlar, tərcüməçilər var?

- Vergi yoxlaması gəldikdən sonra həm də cinayət işi açıldı. 100-ə qədər insan istintaqa cəlb edildi, çağırılıb dindirildi. Onların arasında tərcuməçilər, redaktorlar, yazarlar, çapçılar var idi.
Hətta o dindirilmədən sonra çapçılardan biri dünyasını dəyişdi.
Həmin adamları istintaqa müxtəlif adlarla bağlı çağırırdılar.Səkkiz saat dindirilmələrin sonunda da bildirirdilər ki, “Qanun Nəşrlər evi”ylə iş birliyiniz var, cinayət işi açılıb, siz də ifadə verməlisiniz.

- “Qanun” nəşriyyatı həqiqətən də vergidən yayınıb? Problemin kökündə nə dayanır, burda şəxsi münasibətlərdən söhbət gedir?

- Buna müxtəlif donlar geyindirirlər. Burda çox məsələlər var... Elə həmin vaxtlar qəzetlərin yazdığına görə burada variantlardan biri də mənə ən inandırıcı görünən isə elə Elnur Aslanovun “Qanun” nəşriyyatının bağlanmasında maraqlı olması idi.

- Onun sizinlə nə qərəzi? Şəxsi münasibətiniz var? Gedib onunla bu barədə danışmısınız?

- Bilmirəm. Xeyr mən onunla görüşməmişəm. Mənim şəxsi münasibətim olmayıb.

- Danışdıqlarınızdan belə başa düşülür ki, “Qanun nəşrlər evin”in ətrafında oyunlar qurulub, konkret məqsəd var, bəlkə kimsə göz dikib...nəşriyyatla bağlı xəyalları var?..

- Əslində kimlərsə “Qanun Nəşrlər evi”ni almaq istəyir. Bunu da müxtəlif vasitələrlə etmək istəyirlər.Onlardan ən güclüsü də vergi xətti ilə bizi çokdürmək idi. Deyərdim ki, buna nail oldular. Çalışdılar ki, məni elə həddə gətirsinlər ki, bezim, deyim götürün... Faktiki elə həmin mərhələdəyik. Bizə ən müxtəlif yerlərdən hesablanmış təzyiqlər olur.

- Şahbaz müəllim, bir az da gözəl xatirələri canlandıraq. “Qanun” nəşriyyat evini sıfırdan qurmağınızdan danışaq.

- Hər bir addımı sevgiylə atıram. “Qanun Nəşrlər evi”ni də sevgiylə qurmuşuq. 1992 ci ildə məşhur tərcüməçi Natiq Səfərovla tanış olmuşduq. Bir günün içində məni dəvət elədi “Qanun” jurnalında işləməyə. Həmin vaxt da “Qanun” jurnalında Simran Seyfəddinoğlu və Aydın Kərimov var idi.
Mənə sual versəniz ki, “həyatınızda ən çox sevdiyin adam kimdir?” deyərdim ki, Natiqdir. Onu itirəndən sonra özümü yetim kimi hiss edirəm. Natiqə hamı çox böyük hörmət edirdi. Mənim atam öləndə yetim qaldım, amma bu bioloji yetimlik idi. Natiq öləndə isə mən kimsəsiz qaldım. Natıq hər şey haqqında bilirdi danışırdı. Hər şeyi Natiqdən öyrənirdik. Natiqin qoyduğu ideya qalib gəldi. “Qanun Nəşrlər evi” inkişaf etdi.

- Kişi qadından yetim qalır? Əgər suala cavab vermək ağırdısa cavab verməyə bilərsiniz...

- Kişi kişi olduğu andan yetim olur. Deyərdim ki, uşaqlar yetim qalır, qadının itkisi səni qoyub getməyi - burada yetimlik yox başqa bir şeydir...Sən daha ikiləşirsən böyüyürsən.

- Bəlkə kişi övladlarının yetimliyini də özü daşıyır?

- “Kişi övladlarının yetimliyini də özü daşıyır” ifadə olaraq gözəl ifadədir... Əslində mən daxilimdə olan hissləri paylaşmaq istəmirəm.

- Yaxşı, bu barədə danışmayaq...

- İnanıram kı, buradakı bəzi söhbətlər getməyəcək, çünki mən sizinlə dost kimi söhbət edirəm.

- Arxayın olun. Sizə toxunacaq məsələləri qeyd etməyəcəm. İnanclı insansınız?

- Stiven Hokinqin nəzəriyyəsinə görə biz hansısa dünyadakı insanların əksiyik. Mənim ən az düşündüyüm odur ki, nədən yaranmışıq, nəyə inanırıq yaradıcı insana daha çox inanıram nəinki başqa bir varlığa, mən inanclı insanam, amma hər gördüyümə də baş əymirəm.

- Sonuncu dəfə Allaha ehtiyacınız nə zaman yaranıb?

- Mənim ehtiyac duyduğum adətən yaxın adamlar olur. Onu da qeyd edim ki, mən bir neçə dəfə Allahın evində olmuşam. Qüdsdə də, Yerusəlim də. Hətta orada ağlayan divar var, hamı üzünü çevirib dua edir, mən də dua etmişdim...

- Nədən ibarət idi bu duanız?

- Səmimi deyim, o an ağlıma gələn ilk duam “İlahi, mənim xalqımı xoşbəxt et” –oldu.

- Səsiniz eşidildi?

- Göz qabağında deyil? (Gülür)

- Nitşe haqlı idi? “Zərdüşt belə deyirdi” bir ifadə var Allah öldü...

- Heç bir peşəkar idmançı gücünü özündən zəif insanlar üzərində sınamır.

- Bu müqayisədən belə başa düşülür ki, yəni Allah niyə özünün yaratdığını ondan zəif olan “bizi” sınağa çəkir?

- Burada Allahlıq məsələ yoxdur. Bu artıq ədəbiyyat yox, riyaziyyatdır. Bu artıq cəmiyyətin problemidir... Bizdə toplum yoxdur və hər kəs gərək özünü toplumun bir hissəsi kimi hiss etsin. Məsələn, bizə hər mənada ən yaxın olan Türkiyədə toplumun gücü var və bunu hiss etmək olur. Bizdə tam əksidir. Fərdlərin toplumla bağlılığı olmalıdır. İndi bizim cəmiyyətdə də gərək topluma uysunlar . Allahın heç bir aidiyyatı yoxdur.
Əslində Freyd, Sarp, bunlar haqlı olmasalar da alternativ fikir yaradıblar...Toplumun, insanların alternativliyə ehtiyacı var. Alternaitvlər toplumu dirildir.

- Bizdə çox az alternativ olur. Diri bir toplum üçün bizim Freydlərə Nitşelərə siz qeyd etdiyiniz kimi Sarplara ehtiyacımız var... Onlar da bu yaxın yüzillikdə imkansız kimi görünür.

- Bilirsiniz, möhkəm toplum olanda hamı özü üçün yox, toplum üçün çalışır o məsuliyyəti özündə dərk edir. Məmur toplum üçün, toplum da məmurlar üçün, hamı hamı üçün çalışanda yalnız o halda möhkəm toplum yaranar...

-Kitab müqəddəsdir, müqəddəslər uğrunda mübarizə həmişə qalibiyyətlə nəticələnir. Arzu edirəm ki, “Qanun Nəşriyyat” evinin üzərindəki qara buludlar çəkilsin...

- Çox sağ olun, xoş arzular üçün. Biz də buna çalışırıq.

Xəyalə Əliyeva/ İnform.az

Baxış sayı: 755