Şərhlər
17.08.2015 / 14:41

Qızıl qumdan saray və ya Platon və Aristotel

Qızıl qumdan saray və ya Platon və Aristotel
("Müdriklər və korifeylər" silsiləsindən)


Əlisa NİCAT / İnform.az


Əvvəli burada

Hazırda Platonun Fedon dialoqunun tərcüməsi ilə məşğulam. Hissə-hissə “İnform.az”da çap olunan bu əsər yəqin ki, 2016-cı ilə qədər davam edəcək. Əsər əlbəttə rus dilindən tərcümə olunur. Amma oxucularımıza bildirim ki, Homer “Odisseyası”nı ingiliscədən çevirən Jukovskinin və eləcə “Quran”ı həmin dildən çevirən tərcüməçinin tərcümələri orijinaldan edilən tərcümələrdən üstün sayılır. Eləcə Cəfər Cabbarlının tərcüməsində Şekspirin “Hamlet” pyesi də. Çünki mən bilən böyük dramaturq da bu əsəri ingilis dilində tərcüməsindən çevirmişdir.
Bəs niyə bu tərcümələr üstün sayılır? Çünki tərcümədə əsas məsələ müəllifin yaradıcılığına və tərcümə edilən əsərin ruhuna dərindən bələd olmaqdır. Çünki nə qədər dəqiq olsa da müəllifin ruhuna ideyalarına dünyagörüşünə bələd olmadan edilən tərcümələr bir növ sətri tərcüməyə bənzəyəcək.
Tərcümədə daha bir əsas məsələ tərcüməçinin kimliyidir. Platonu xüsusilə onun “Fedon”unu anlamaq, dərk etmək, qavramaq çox çətindir. Ona görədir ki, indiyə kimi onun heç bir dialoqu dilimizə çevrilməmişdir. İndi mən günahkar deyiləm ki, çətinliklə olsa da Platonun ən mürəkkəb dialoqlarını anlamağa, qavramağa qadirəm.
Elə ona görə də bu işə girişmişəm. Əlbəttə hələ əsərin əvvəlindəyəm. Sonra necə olacağını da bilmirəm. Hər halda sona çatdırmağa çalışacağam.
Antik dünyanın iki böyük filosofundan biri olan Aristotel Platon Akademiyasına gələndə hələ cavan bir adam idi. Platon isə ondan yaşca xeyli böyük idi. Amma, ağıl yaşda deyil, başdadır deyirlər. Ona görə müəllimlə tələbə arasında çox mübahisələr gedirdi. Aristotel təxminən 20 il Platonun tələbəsi olmuşdur. Lakin onlar daim mübahisə edərmişlər.
Akademiya Afinanın kənarında kölgəli bir yer idi. Burada nəhəng ağacların altında Platon öz şagirdləri ilə oturub söhbət edər, dünyanın, kainatın müxtəlif məsələlərini hərtərəfli müzakirə edərdilər. Çox zaman Platon öz əsərlərini oxuyar sonra birlikdə bu barədə fikir yürüdərdilər.
Bir dəfə hətta belə olmuşdur ki, Platon “Can” haqqında(və ya ruh haqqında) dialoqunu oxumağa başlayanda hiss olunmadan axşam düşmüş və Platon bir də başını qaldıranda artıq Aristoteldən başqa hamının çıxıb getdiyini görmüşdü.
Beləcə bir-biriləri ilə daim mübahisədə olan amma eyni zamanda hörmətlə davranan müəllimlə şagirdin mübahisələri uzun çəkmişdir. Təsadüfü deyil ki, Platon Aristotelin onunla bu çəkişmələrini və fəlsəfi mübahisələrini nəzərdə tutaraq şagirdini anasını əmərkən kəllələyən buzova bənzətmişdir.
Mən əvvəllər gəncliyimdə Aristotelin bu hərəkətlərinə görə ondan acığım gəlirdi. Sonralar hər iki dahinin əsərlərini oxuyandan sonra xüsusilə indi bu yaşımda Aristotelin tərəfinə keçmişəm. Bu özünü indi “Fedon”unun tərcüməsi zamanı özünü göstərir.
Niyə? İndi deyəcəyəm.
Əsərdə Platon Sokratın diliylə deyir ki, ƏDALƏT, GÖZƏLLİK, SAĞLAMLIQ, ƏZƏMƏT və s. BU ŞEYLƏR ÖZ ÖZLÜKLƏRİNDƏ MÖVCUDDURLAR.
Aristotelin də onunla mübahisələri əsasən bu fikrin üstündə idi. Bu cəhətdən onlar antoqonist qənaət sahibləri idilər.
Yeri gəlmişkən qeyd edək ki, “idealist” və “materialist” anlayışları da Platon və Aristotelin mübahisələrindən dünyagörüş və əsərlərindən əmələ gəlmişdir. Xüsusilə sovet dövründə Platon ideyalarının təbliği qadağan idi. Komminizm dünyagörüşünə malik olan ideoloqlar onu mürtəce, az qala insana nifrət edən bir dünyagörüşünün atası hesab edirdilər.
Buna baxmayaraq Platon Sovet dövründə iki dəfə nəşr olunmuşdur. Mən də hələ o vaxt bu əsərləri əldə etmişdim.
Ona görə hər iki mütəfəkkirin təfəkkür aləmi bir-birini inkar edən iki dünyagörüş üzərində qurulmuşdur.
Aristotel öz kitabında şah əsəri olan “Metafizika”-nı Platonla öz dünyagörüşü arasındakı bu ziddiyətlərin səbəblərini açıb-göstərir. Amma əlbəttə özünəməxsus olan çox mürəkkəb və qəliz bir üslubda. Ona görə demək olar ki, onu, yəni “Metafizika”nı oxuyub dərk etmək çox çətindir.
“Metafizika”da Aristotel Platonu “Şeylərin ideya şəklində mövcud olmaları” barədə fikirlərini misdən olan şar şəklində misalı ilə ifadə edir. Və yazır ki, əgər bu şar yoxdursa, onun ideyası necə mümkün ola bilər?
Bu gün antik dünyanın bu iki ən böyük zəkasının təfəkkür dünyasına səyahət edərkən mən də mübahisəyə qoşulub Stagirlli filosofu müdafiə edirəm. Niyə?
Çünki əminəm ki, ƏDALƏT, ƏZƏMƏT, SAĞLAMLIQ və başqa şeylər öz özlüklərində qətiyyən mövcud ola bilməzlər. Çünki bunlar cisim deyil, anlayışlardır.
Ümumiyyətlə tərkibində antomlar olmayan heç nə yoxdur.
Məsələn, yuxu nədir? Beynin neyronlarının aksonlarının xəyaldan toxuduqları obrazlar və hadisələr. Onlara demək olarmı ki, onlar var və ya mövcuddurlar? Əlbəttə yox. Eləcə Platonun hardasa mövcud olduqlarını iddia edən sağlamlıq və ya əzəmət anlayışları kimi. Bu anlayışlar eləcə yuxu kimi yalnız hər hansı bir cismin vasitəsi ilə özünü göstərə bilər. Məsələn heç kim deyə bilməz ki, mən “BƏRK”i görürəm. “BƏRK”, “BƏRKLİK” yalnız hansı bir cismin,-məsələn dəmirin, daşın, ağacın timsalında özünü göstərə bilər. Eləcə Platonun “ƏDALƏT”, “SAĞLAMLIQ”, “ƏZƏMƏT”i kimi. Doğurdan da axı, cisimsiz “BƏRK” və ya “SAĞLAMLIQ” necə ola bilər? Hərçənd ki, gözəl “Min bir gecə” nağıllarında ərəb qızı Sit əl Hüsn haqqında yazılıb ki:
Gözəlliyi o qızın yanına gətirdilər,
Gözəllik xəcalətdən yerə dikdi gözünü.
əlbəttə, bu çox həddindən çox poetik bir metaforadan başqa bir şey deyildir.
Bütün bunlara görə tərcümə etməklə məşğul olduğum “Fedon” əsəri nə qədər dahiyanə, dərin, maraqlı bir dialoq olsa da, mahiyyətcə əsassızdır. Yəni tamamilə Aristotel deyən mənada. Çünki o qızıl qumlardan hörülən bir cazibədar saray kimidir. Doğrudur, onu heç kim heç bir oxucu yıxıb uçura bilməz, amma Aristotel kimi bir şəxs bir balaca toxunsa uçub-dağılacaqdır.
Yaxşı ki, Siseronun “filosofların kralı” adlandırdığı Platonun “Fedon”dan başqa əsərləri də var ki, tamam başqa şeylərdən danışır.

Baxış sayı: 518