Gündəm, Şərhlər
17.08.2015 / 14:09

Bəşəriyyətin dini dünyagörüşü və din anlayışı

Bəşəriyyətin dini dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az


Əslində bütün dinlər ortaq bir kökə malikdir. Tədqiqatçıların fikrincə, dinə dair ilk qeydlərin ən azı 70 (yetmiş) min illik bir tarixi vardır. Bu tarixi onlar insanlığın Anayurdu saydıqları Mu qitəsinin adı ilə bağlayır və göstərirlər ki, Mudan gələn və “Naacal”lar olaraq bilinən bir qrup təhsil görmüş ustadlar Anayurd Munun “Müqəddəs İlham Dini”ni Günəş imperatorluğunun müstəmləkələrinə aparmışlar. Onlar bu ölkələrdəki məktəblərdə rahiblik edərək elm təhsili vermişdilər. Sonralar bu məktəblərdən yetişən rahiblər digər insanların təhsil alması üçün görəvləndirilmişdilər (seçmələr bizimdir-A.M. Bax: James Churchward, Kayıp Kıta Munun Kutsal Sembolleri, ingilizceden çeviren Emre Özdal, İstanbul 2011, səh.27)
Müəllif göstərir ki, bunlardan Babildə bulunan və “Chaldis” adı ilə bilinən məktəblər ilə əlaqəli olduqca maraqlı bir kitabə əldə edilmişdir. Bu kitabədə aşağıdakılar yazılmışdır: “Hər kəs məktəbə qəbul edilirdi. Şahzadə və ya kölə olmanın heç bir fərqi yox idi. Hamısı tapınaqda “Göydəki Baba”nın (Tanrının-A.M) hüzurunda bərabər halda durur və orada hamısı gerçəkdən də bir-birilərinin qardaşları halına gəlirdilər. Heç bir şey üçün para alınmazdı. Hər şey müftə idi.”(Bax: James Churchward, göstərilən əsəri, səh.27)
Mu qitəsinin Günəş imperatorluğunun müstəmləkələrində bu tədrislər “Müqəddəs Sirlər” olaraq bilinirdi. Bu ad günümüzə qədər işlədilməkdə davam etməkdədir. Şərqdə bu öyrətmələrə xüsusi olaraq “Altun Çağın Kitabları” da deyilməkdədir. Misir və Mayya kitabələrində anladıldığına görə, bu “Müqəddəs Sirlər” sonrakı dövrlərdə yalnız rahiblərə, kahinlərə, taxt-tacın varislərinə öyrədilməyə başlanmışdı. İskəndəriyyəli Klementin: “Müqəddəs sirlər yalnız yüksək rütbəli rahiblərə və taxt-tac varislərinə öyrədilirdi.” Fikrinə qarşı çıxan Churchward göstərir ki, bu məlumatlar doğru olsa da, gerçəyi tam əks etdirmir. Belə ki, qədim dövrlərdə Misirə getmiş olan bir çox yunan filosofu “Müqəddəs Sirlər”i öyrənmişdilər ki, bunların arasında Solonu, Pifaqoru və Falesi(Thalesi) göstərmək olar. (seçmələr bizimdir-A.M. Bax: James Churchward, göstərilən əsəri, səh.27,28).
Churchward göstərir ki, ilk din olan Mu qitəsindəki din teologiyası və doqmalara sahib deyildi. Hər şey ən bəsit ifadələrlə işlədilərək heç bir təhsilə sahib olmayanların belə anlaya biləcəyi şəkildə öyrədilirdi. Teologiya və doqma bu ilk dinin içinə mu qitəsinin batmasından və Günəş imperatorluğunun çöküşündən sonra sızmışdı. Munun batması və günəş imperatorluğunun çökməsi ilə birlikdə onun idarəedici təsirləri də sona çatmışdı. Bundan sonra getdikcə dinə dair məsələlərdə qafa qarışıqlıqları baş verməyə başlamışdı.(Bax: James Churchward, göstərilən əsəri, səh.32).
Dinlərin bu gün içərisində bulunduğu vəziyyətlər yeni deyildir. Daha əvvəllər iki dəfə dinin bütün teoloji çöküşü baş vermiş və bu çöküşlərdən yeni dinlər meydana gəlmişdi. Bu dinin çöküş səbəblərini şərh edən Churchward göstərir ki, bəzi dövrlərdə prinsipsiz hərəkət edən rahiblər və özlərini “din xadimi” adlandıranlar dinin içinə gərəksiz icadlar, əxlaqsızlıqlarla dolu din adına yeni-yeni qaydalar soxaraq dinlərin çöküşünə səbəb olmuşdular. Bu rahib və din xadimləri yeni sistemlər icad edib insanların qəlbinə batil inanclar yerləşdirərək insanlarda qorxu yaratmış, onları öz torlarına salaraq özlərinin köləsinə çevirmişdilər. Bununla da rahiblər və din xadimləri zənginləşərək təkcə bütün gücü öz əllərində toplamaqla qalmamış, həm də hakimiyyəti öz əllərinə keçirmişdilər.
Bütün dinlərin mənbəyi sayılan ilkin dinin yanlış və yarımçıq tərcümələri də bu işdə mühüm rol oynamışdı.
Qədim misirlilərin, babillərin, assurların, aramilərin və daha sonra da ibranilərin və perslərin ilkin müqəddəs dinə əlavə etdikləri ən böyük anlayış şeytan və cəhənnəmlə bağlıdır. Rahiblər sonradan dində “Şeytan” adlandırılan bir varlıq icad etmiş və bu pis yaratıq üçün də “Cəhənnəm” adı verilən ucsuz-bucaqsız, yanan kükürddən yapılmış əbədi yanan atəşlərin bulunduğu bir məkan uydurmuşdular ki, bu əlavələr sonrakı ilahi sayılan dinlərdə belə özünə yer qazanmışdır.

Baxış sayı: 553