Gündəm, Şərhlər
17.08.2015 / 13:45

Avropalıların bizdə tapılan ən yeni əlyazmaları

Avropalıların bizdə tapılan ən yeni əlyazmaları

Xanəmir TELMANOĞLU / İnform.az




Bu ingilislər, fransızlar, almanlar tez -tez şərq və türk xalqlarının mədəniyyəti ilə bağlı qədim əlyazmalar üzərində oyun oynamağı hələ də unutmurlar. Bir də gördün, xəbər yayıldı ki, Azərbaycana məxsus hansısa orta əsrlərin bir əlyazması Avropanın hansısa muzeyində tapıldı. Ya minyətür sənəti, ya xalçası, ya daş kitabəsi....
Məni düşündürən gerçək odur ki, bu itmiş məxəzlərin oralarda nə işi var axı? Bu materiallar nədən, niyə itə bilirlər, nə üçün itməlidirlər ki, indi də tapılsınlar. Nədən özünü digər millətlər yanında hegomon sayan bu xalqlar, ölkələr millətlərin, xalqların mədəniyyətləri üzərində bu şəkildə manipuliasiya edirlər?

Bizim Kitabi- Dədəm Qorqud dastanlarını, eposunu boş verin.
Orhun-yenisey əlifbasının başını buraxın.
Nizaminin, Füzulinin, Xəqaninin, Mir Həmzə Seyid Nigarinin əlyazmalarını heç düşünməyin.
Sizə başqa bir mətləbdən söhbət açmaq fikrindəyəm. İndiyə kimi Avropanın saysız- hesabsız muzeylərini bizim qədim və ortaçağ mədəniyyət nümunələrimizin bəzəməsi, doldurması haqqında xəbərlərin əksi olaraq, Avropanın bir çox xalqlarının qədim və orta əsr mədəniyyət nümunələrinin Azərbaycanın muzeylərində tapılması barədə xəbərlər gizli şəkildə yayılaraq, anlayanların qanını damarlarında dondurdu. Bu qədər qəddarlıq olarmı? Lütfən, etməyin, azərbaycanlıların düşünən beyinləri üçün yazıq olar, bədbəxtçiliklər üz verər. Qoyun, oturmuşuq öldüyümüz yerdə. Bu qədər torpaqları ermənilər zəbt elədi, inan heç o qədər də təşviş keçirməmişdim. Ancaq bu əlyazmalar, kitablar və digər mədəniyyət nümunələrinin bizdə peyda olması məsələsində az qaldı ağlım başımdan fırlasın. Gələk mətləbə.
Mən bilirdim ki, bizim xalq, bu xalqın övladları əsl insanlardır. Onlar heç zaman bedəsil ola bilməzdi. Heç ola bilməzdi ki, Kitabi-Dədə Qorqud dastanlarını Vatikandan, Drezdendən əldə eləyən və bu günə kimi minlərlə əlyazmalara, əsərlərə, məxəzlərə Avropadakların sayəsində yenidən sahib olan bu milllətin ovladları namərt çıxardıYox, bu ola bilməzdi.... Mən bilirdim ki, ingilislərin, fransızların almanların dastanları, eposları nə vaxtsa bizim Bakıdakı, ya elə rayonlarda yeni yaradılmış H.Əliyev adına muzeylərdə tapılacaqdı. Bu gün Avropa xalqlarının istifadə elədiyi latın əlifbasını da üzə çıxaran, onların istifadəsinə sunan əslən Azərbaycandan, Naxçıvanın Ordubad mahalının Göyəmli kəndində yetişmiş Həci Murtuz Şirvani həzrətləri olmuşdur. Elə bildiklərim, şükür ki, çin çıxdı.
İngilislərin Beowulf dastanını da bizim muzeylər nə vaxtsa ingilislərin özlərinə geri qaytarıb. Ondan sonra ingilis folklor institutunda dəhşətli bir dönüşüm başlayır. Minlərlə gənc-qoca ingilis alim çoxdan izinə düşdükləri bu dastnın gerçək, orjinal variantını Bakıdan əldə elədiklərinin sevinci bir yana, saysız-hesabsız dissertasiyalar yazdılar, kitablar ərsəyə gətirdilər, çıxışlar hazırlanmağa, aspirantlar yetişdirilməyə başladılar. Sonra da dastanın 1300 illik yubileyi də Londonda bütün dünya ölkələrinin başçılarının iştirakıyla qeyd edildi.Təcili Londonun ən gözəgəlimli yerlərindən birində dastanın halal qəhrəmanı elə dastanın adını daşıyan Beoüulfa möhtəşəm bir abidə ucaldırlar. Bu igid dastan qəhrəmanı haqqında ən sanballı əsərləri ingilis ədəbiyyatı tarixi üzrə profesor J. R.R.Tolkien araşdırıb üzə çıxardır, yazır. Eləcə də ingilislərin digər dastanı olan Tristan və İsoldə dastanının da taleyini Azərbaycanın muzeyləri həll etmişdir. Görün də, indi bu qiymətli məxəzlər ingilislərin umuduna qalsaydı, heç vaxt dünyaya bu dastanların varlığı barədə xəbər yayılmayacaqdı. Ancaq nə vaxtsa Kərbalayi Şirməmməd Xorasani Bakıdan vurub da Avropadan çıxmasaydı və o dastanı kimdənsə od qiymətinə alıb gətirməsəydi buralara, kim idi bu dastandan xəbər tutan. Avropalılar bizə minnətdar olmalıdırlar ki, onların qədim əlyazmaları, dastanları, İtalyanların Dantesinin İlahi komediyasının ən orjinal variantı, Alman Hötenin Faustunun orjinal varinatı, əslən kimmer olan yunan Homerin müəlliflik elədiyi yunan dastanı Odisseyası, fransızların Rolan dastanı, romalıların Eneidası, skandinavların Eddası, portuqalların Luziadları, Almanların Kudrun dastanı, hətta necə olubsa, Ceymis Coysun Ullis romanının müəllifin əlyazısıyla olan nüsxəsi bizlərdən çıxdı.
Mən inanıram ki, tarixin gedişatından çox geri qalmış bu xalqların hələ neçə - neçə məxəzləri, əlyazmları, əsərləri yenə də neft qoxuyan Bakımızın muzeylərindən, ola bilsin ki, AYB-dən pırtlayıb çıxısın. Bu işdə Mədəniyyət Nazirliyimizə, özəlliklə cənab Əbülfəz Qarayevə olduqca çox iş düşür.
Görəsən nə vaxatsa bir ingilis yazarı yerindən qalxıb da belə bir sual verəcəkmi tarixin o iyrənc üzünə: -əşşi, bu dastanlarımız, xalılarınız, əlifbalarımız bu Azərbaycanın muzeylərində nə gəzir?

Baxış sayı: 675