Maraqlı
15.06.2015 / 11:30

İki türk əsgərinin Avstraliyaya qarşı müharibəsi

İki türk əsgərinin Avstraliyaya qarşı müharibəsi
Film kimi olay

Türk əsgərinin döyüşkənlik əzmi barədə hekayətlərə tarixin bütün qatlarında rast gəlmək mümkündür. Bu və ya digər savaşda hünər göstərmiş, bir alaya qarşı təkbaşına vuruşmuş türk bahadırları barədə də çox yazılıb, çox deyilib. Amma dövlət tərəfindən açıq ölümə göndərilmiş, sonradan taleləri ilə kimsənin maraqlanmadığı, daha dəqiq, unudulmuş iki əsgərin, illər sonra, vətəndən çox-çox uzaqlarda Vətən naminə ayağa qalxması, əsgəri şərəfinə tapınaraq bütöv bir dövlətə müharibə etməsi, sözün mütləq anlamında, insan təfəkkürünün asanlıqla həzm edə biləcəyi bir nəsnə deyil; bu, ilikləri, qanı, düşüncəni donduracaq qədər heyrətamiz bir qəhrəmanlıqdır... Hər halda Türkiyənin Hindistandakı Böyükelçiliyinin yaydığı məlumatdakı təfərrüatı başqa cür dəyərləndirmək sadəcə mümkün deyil.
1912-ci il. Artıq o zamana qədər Hindistanı iqtisadi işğala məruz qoymuş Böyük Britaniya bu ölkəyə qarşı açıq hərbi təcavüz planını gerçəkləşdirir və nizami ingilis qoşunlarına heç cür müqavimət göstərə bilməyən Hindistan kralı bir çox dövlətlərdən, o cümlədən Osmanlı imperatorluğundan yardım istəyir. Həmin dövrdə Osmalı dövlətinin özü uzun müharibələrin ağır nəticələrindən əziyyət çəksə də, hakimiyyət Hindistan müsəlmanlarına təəssübkeşlik niyyəti ilə kralın xahişini cavabsız buraxmır. Və 350 əsgərlik bir hərbi birləşmə gəmi ilə Hindistana yola salınır. Səfər müddətində əsgərlərin iyirmisi müxtəlif xəstəliklərdən vəfat etsə də, bu, türk əsgərlərinin döyüş əzmini azaltmır. Gəmi Hindistan sahillərinə yan alan kimi 330 nəfərlik Türk qoşunu ingilislərlə açıq döyüşə girir. Bir neçə günlük şiddətli toqquşmadan sonra o dövrün ən müasir silahları və hərbi sursatı ilə təchiz olunmuş ingilis donanmasının dəniz piyadaları türk alayını darmadağın edir: 290 nəfər şəhid olur, 40 nəfər əsir düşür.
Və bütün digər müharibələrdə olduğu kimi ingilislər əsir türk əsgərlərindən ucuz işçi qüvvəsi kimi yararlanmağa üstünlük verilir, 40 türk əsgəri ingilis Dəniz Donanmasına məxsus gəmilərin qulluqçu heyətinə daxil edilir. Həmin ingilis gəmilərindən biri Avstraliya sahillərində lövbər salarkən orada olan əsir türk əsgərlərindən ikisi - Qaradəniz diyarından olan Mentesoğlu Abdullah və Qarahisar diyarından olan Tarakçıoğlu Mehmet qaçmağa müvəffəq olurlar.
Avstaraliyanın “Qarlı dağlar” adlanan bölgəsində məskunlaşan bu insanlar az sonra sahibkarlıq fəaliyyətinə başlayırlar; Abdullah Mentesoğlu dədə-baba peşəsi olan dondurmaçılıqla, Mehmet Tarakçıoğlu isə qəssablıqla məşğul olurlar. Onların bu dinc həyatı 1918-ci ilə qədər davam edir.
1918-ci ildə Avstraliyanın da Çanaqqalaya qoşun çıxardığı xəbərini alan qürbətçilər məsləhətləşərək Avstraliya dövlətinə “nota” ünvanlayırlar:
“Sayın Avustraliya başkanı Eksalans hazretleri!
Biz iki Osmanlı askeri ülkenizde bulunuyoruz. Duyduk ki, devletimiz Osmanlıya Avustraliya devleti olarak savaş açmış və Çanakkaleye asker göndermişsiniz. Bundan dolayı iki Osmanlı askeri olarak biz de Avustraliya devletine savaş açmış bulunmaktayız. Bu, bir Osmanlı savaş fermanıdır: Eksalansların bilgilerine duyurulur.
Karahisar diyarından Tarakçıoğlu Mehmet, Karadeniz diyarından Mentesoğlu Abdullah”.
Təbii ki, Avstraliya baş nazirinin dəftərxanasında bu “nota”ya ciddi yanaşmırlar. Amma...
Avstraliya hökumətindən fərqli olaraq “nota veren tərəf” işə tam ciddiyyəti ilə girişir. Sidneydən 250 kilometr aralıda yerləşən “Qarlı dağlar” bölgəsindən üsəndirici xəbərlər gəlir. Hansı qrupsa dəmiryol xətlərini sıradan çıxararaq 3 qatarı aşırmış və buradan əldə etdikləri hərbi sursatla silahlanaraq sakit bir bölgənin dincliyinə qənim kəsilmişdi: 8 hərbi posta hücum olunmuş, heyətləri son nəfərinə qədər qətlə yetirilmişdi.
Baş nazir yalnız bundan sonra “nota”ın mahiyyətinə vararaq, məktubun yola salındığı poçtu müəyyənləşdirməklə həmin əraziyə 250 nəfərlik qoşun yeritdi. Avstraliya hərbçiləri bir neçə günlük axtarışlardan sonra “Osmanlı qoşunu”nun izinə düşsə də, onları ram etmək asan olmadı. Qanlı döyüşdə şəhid olan 2 türk əsgərinə qarşı döyüşlərdə Avstraliyanın xüsusi təyinatlı hərbi birləşməsi kifayət qədər ciddi itki verdi.
Hökumət bu qanlı döyüşün cəmi 2 nəfər Osmanlı əsgəri ilə aparıldığı rüsvayçılığından qaçmaq üçün belə bir informasiya yaydı ki, guya qiyamçılar hindlilərdən ibarət böyük bir dəstə imiş. Bu azmış kimi Avstraliya hökuməti ehtiyat tədbiri kimi döyüşlərin getdiyi ərazinin ziyarətinə qadağa tətbiq edən bir qərar da qəbul edib və nə qədər qəribə olsa da, həmin qadağa bu günədək öz qüvvəsində qalır. Heç bir turistə həmin əraziləri ziyarət etmək, xüsusən də fotoaparat və videokameradan istifadə etməklə çəkiliş aparmaq icazəsi verilmir. Maraqlıdır, görəsən niyə? Avstraliya hökuməti iki türk əsgərinin heyrətamiz qəhrəmanlığınımı etiraf etmək istəmir, yoxsa 93 il öncə onları “hindli” kimi qələmə verməsinin arxasındakı mənfur niyyəti açılmasındanmı xoflanır?!.
Hər halda səbəbin necə olmasından asılı olmayaraq TÜRK ƏSGƏRİnin öz əsgəri şərəfinə sədaqəti, ölməz vətən sevgisi dəfələrlə təsdiqini tapmış tarixi həqiqətdir ki, 97 il öncə uzaq Avstraliyada baş vermiş bu olay da o mütləq həqiqətin bir zərrəsiydi.

Rəşad Sahil

Baxış sayı: 1007