Baş xəbər, Mədəniyyət, Müsahibə
15.08.2015 / 15:44

Canəli Əkbərov: “Canəli qalıb qıraqda, səslərində deformasiya olanlar meydan sulayır”

Canəli Əkbərov: “Canəli qalıb qıraqda, səslərində deformasiya olanlar meydan sulayır”Azərbaycan muğam sənətində öz dəsti-xətti olan xanəndə, xalq artisti , ADMİU-i muğam kafedrasının müdiri, professor, “Şərəf” və “Şöhrət” ordenlərinin sahibi Canəli Əkbərovun problemi ilə üz-üzə İnform.az-da.

- Canəli müəllim, necəsiniz, səhhətiniz necədir?

- Yaxşıyam. Kefim də, səhhətim də əladan bir az yuxarıdır. Özümə baxanam, kefimə korluq verən deyiləm. Ürəyim də istəyəni yeyirəm, kefim istəyəni deyirəm. Bir az Yaltada istirahət etdim, hazırda doğulduğum torpaqda, öz şəxsi villamda ailəmlə dincəlirəm.

- Canəli müəllim, siz muğam kafedrasının müdiri və professorsunuz. Dərslərin başlanmasına az qalıb. Dərs planınızı hazırlamısınızmı?

-Siz bilirsiniz ki, bir sıra dərsliklərin, proqramların müəllifiyəm. Hazırda hazırlıq işləri üzərində çalışıram. Amma tam hazıram.

- Sizin Azərbaycan mədəniyyətinin inkşafındakı xidmətlərinizi saymaqla bitməz. Amma, nədənsə sizi keçirilən muğam müsabiqələrinin heç birində münsif kimi görmədik. Bu biganəlikdir, yoxsa şəxsi qərəzlik?

- Yaralı yerimə toxundunuz. Ay bala işi iş bilməzə veriblər, mən isə iş bilənəm. Həmişə sayılmışam, öz işimlə göz qabağında olmuşam. İşimə məsuliyyətli insanam. Ömrüm boyu muğamın nüfuzunu və deformasiyaya uğramasının qarşısını almaq üçün əlimdən gələni etmişəm. Bütün ruhumla, varlığımla muğama bağlı bir insanam. Xan Şuşuniskidən təhsil alan bir ustadam. Elə -belə adam deyiləm, bir nəsildən o biri nəslə qalan bir istedadam. Mən rabitə yiyəsiyəm. Azərbaycan televiziyasının mədəniyyət kanalının olmayan Tviter müavini Nadir Axundovun mənə qarşı qısqanclığı məni bütün müsabiqələrdən uzaq salıb. Dərd burasındadırki, Canəli Əkbərovun bu müsabiqədə olmaması ilə bağlı heç kim maraqlanmır, narahat olmur. Canəli Əkbərov axı niyə yoxdur, bu müsabiqədə? Gör nə günə qalmışam ki, mənim tələbələrim orda münsif stolunda əyləşib, mən dəvət olunmuram. Özümə qarşı olan bu münasibətə görə özümü çox pis hiss edirəm. Hətta narahatlığım get-gedə artır. Etiraf edirəm, əgər belə gedərsə, muğamın nüfuzu günü-gündən aşağı düşəcək. Ona görəki, Canəli kimi sənətkarlar gündə doğulmur. Sənətkarlar azdır, özüdə pis burasıdır ki, günü-gündən də azalmağa doğru gedir. Muğam müsabiqələrində ədalətsizliyə yol verilir. Mən də, xalqda bunu açıq aydın görürük. Gərək buna göz yummayaq. Yoxsa uçuruma gedirik. Göydən danışmıram, bu sahədə təhsil almış adam kimi danışıram. İllərdir, bu sahədə saç ağartdım muğamı qorumaq üçün. Mən düzgünlüyün, əsil sənətin tərəfdarıyam. Bu haqsızlığın, özbaşınalığın qarşısı alınmalıdır. Mənim o müsabiqədə münsif olmağım çoxlarına sərf etmir.

- Niyə?

- Çünki mən düzgünlüyün tərəfdarıyam.

- Bəyəm, o müsabiqədə hər şey yalandır, saxtadır?

- Bəli, bəli. Hamı öz qohumunu, tələbəsini birinci etmək uğrunda davadadır.

- Deyirsiniz, Nadir Axundov məni qısqanır, dəvət etmir münsiflərin sırasına. Nədir bu şəxsi qərəzliyin kökündə dayanan problem?

- Gedin Azərbaycan televiziyasının olmayan mədəniyyət şöbəsinin olmayan müdirinin müavini Nadir Axundovdan soruşun ki, bu muğam müsabiqələrində niyə muğamın ustadı Canəli Əkbərov yoxdur. Necə olur muğamdan xəbəri olmayanlar, uşaq-muşaqlar oturur, Canəlinin tələbələri oturur, amma ustad Canəli yoxdur? Niyə, səbəbini desin Nadir Axundov.

- Canəli müəllim, Nadir Axundovla aranızda üz-üzə münaqişəniz olub?

- Üz-üzə gəlməmişik. Səbəbini də bilmirəm.

- İndi sənətkar dediyimiz insanların sayı get-gedə azalır. Siz necə düşünürsünüz. Bəlkə mən yanılıram?

- Yox-yox, canım, yanılmırsınız. Siz düz deyirsiniz, bir azda istiotlu desək, azalmır, kökü kəsilir. Bu müsabiqədə o kökün kəsilməsinə ilk addımdır. Müsabiqədə məsuliyyət yoxdur, özbaşınalıq baş alıb gedir. Məzmunsuz oxumaq, məzmunsuz inşaya bənzəyir. Öz təcrübəmdən istifadə edib, tələbələrimə sənətə məsuliyyətsiz yanaşmamalarını aşılayıram. Bu gün o müsabiqələrdə qalib olan tələbələrə bir irad tut gör, nə oyun çıxardırlar. Çünki özlərindən razıdılar ki, mən muğam müsabiqəsinin qalibiyəm. Ə, sən kimsən ki, mənə irad tutasan. Muğam müsabiqəsinin qalibiyəmsə, deməli, hər qoltuğumun altında bir qarpız var.

- Yəni, muğam müsabiqələrində qalib olanlar saxtakarlıqla yer alırlar?

- Çoxluq bəli, orda hər şey saxta gedir. Çünki orada hamı öz tələbəsini, yerlisini birinci etmək istəyir. Orada əyləşən münsiflər öz savadsız tələbələri haqqında elə böyük ifadələr deyirki, elə bil ustadı haqında danışır. Müsabiqədə üç qarabağlı oturur, üç bakılı. Biri deyir muğamın vətəni Qarabağdır, yarısı deyir muğamın vətəni Bakıdır. Yəni, ay savadsız insanlar, Azərbaycan Qarabağ və Bakıdan ibarətdir? Azərbaycan bir üzükdür, qaşları isə bölgələridir. Bunların hamısı birləşib muğam sarayını yaradıb. Azərbaycan muğam məktəbi var.

- Canəli müəllim, siz orada otursanız, yerlipərəstlik etməyəcəksiniz?

- Mən neytral insanam. Yalansız insanam. Canəli Əkbərov həmişə ədalətin tərəfində durub. “Ədalət nazilər, üzülməz”. “Mən Mehriban Əliyevadan umuram”. Niyə, Mehriban Əliyeva bu boyda uzun zamanda gedən muğam müsabiqələrində məni görməyib, maraqlanmır ki, niyə yoxdur, Canəli Əkbərov hanı? Mən Ulu Öndər Heydər Əliyevdən “Şöhrət” ordeni alan, Prezident İlham Əliyevdən “Şərəf” ordeni alan bir ustadam. Məndən gündə beş dənə doğulmur. Mən muğamın canıyam. Muğam ifaçılığında bütün nüfuzumu qazanmışam. Əgər mən yararsız bir insan idimsə, niyə bu fəxri adlar bu ordenlər mənə verilirdi? Orden aldım ki, Nadir kimi nadanların qınağına gəlim? Orden almamışam ki, mənə biganəlik yaransı. Bu günə qədər deməmişəm, amma indi deyirəm. 75 illik yubileyim qeyd olundu, laqeyid olmasaydım, edərdilər? O yubileydə də Nadir Axundov kimi adamlara sözümü dedim. Lentdən siliblər. Niyə? Silin. O sözləri yeddi yüz insanın içində dedim. Onların yaddaşından necə siləcəksiniz? Nadir kimdir? Niyə maraqlanmırlar ki, Canəli kimi ustadların müqqəttəratını Nadir kimilərinin əlinə veriblər axı? Məni başa salın, kimdir Nadir Axundov? Nadir münsifdə elə adam otuzdurub ki, o muğamda bir not bilmir. Orada oturanlar mənim dostumdur. Amma düzünü deməliyəm. Tar çalansan get tarını çal da. Mən susuram deyə, haqqımı yeməlidirlər. Mən dövlətimdən umuram. Çünki dövlət mənə bu boyda fəxri ad verib. Qara gözümə aşiq olub verməyib. İşimə, sənətimə intizamıma görə verib. Mən on üç nəticə babasıyam.
Bu Nadir mənə, sənətimə qəddarlıqla yanaşır. Günümə bax e, gör kimin əlində qalmışam. Səsi olmayan şou göstərir. Bu müsabiqə xanəndəlik müsabiqəsidir. Muğamı UNESCO səviyyəsinə ucaltdıq ki, belələrinin əlində qalsın?

- Münsiflərdə oturanlar arasında dost dedikləriniz də var. Onlar nəsə deyir bu münasibətə?

-Mənim onlara yazığım gəlir. Onlar öz yerlərindən qovulmasın deyə, səs çıxartmırlar, haqsızlığa susurlar. Nadirin qorxusundan adımı da çəkmirlər.

- Canəli müəllim, Nadir Axundovun muğamla əlaqəsi var, rəhbərliyi ona veriblər? Bir söz var, deyirlər işi iş bilənə ver.

- O muğamın başına pislik gətirən adamlardan biri olub həmişə. Muğam ifaçılarına qənim kəsilib Nadir Axundov. Yaranan münbit şəraitdən istifadə edən Nadir belə hoqqalar çıxardır. Bir dəfə dedim gəlsin, oturaq Nadirlə üz-üzə, bir muğam oxuyum, oxuduğum muğamın bədii tərtibatı haqqında beş-altı cümlə desin. Dedi, hay-hay. O muğam bilir? Mən ac deyiləm, pulum var. Dövlətim məni dolandırır. İşliyərəm, aciz dam deyiləm. Yemirəm gündə yüz manatlıq , yeyirəm doxsan manatlıq. Onun bunun qapısına çörək pulu üçün getmirəm.
-Bəlkə sizi münsiflərə dəvət etmirlər ki, qocalmısınız 75 yaşınız var?

- (Gülür) Əlibabanın 90 yaşı var, nə gəzir bəs orda? Meyxana oxuyur, deyir muğam oxuyuram. Muğam başqa şeydi e. Mən ora muğamın fəlsəfəsini anlamayanı qoymaram.

- Bizim vasitəmizlə, kiməsə mesajınız var?

- Mehriban xanım Əliyeva belə müqəddəs işin qulpundan yapışdı ki, Nadir Axundov öz bildiyini eləsin? İş bilməzlər oyun açsın muğamın başına? Mehriban Əliyeva mənim balam yaşındadı. Gərək maraqlansın Mehriban xanım, belə özbaşnalıq olmaz. Çağırsınlar Əlibabanı görək ifasında bir xalq mahnısı var. Görək ifasında birdənə zərb muğam, muğam dəsgahı var? Ola da bilməz, onun səsi muğam səsi deyil axı. Niyə əsəbləşdirirlər məni. Mən varam yaşayıram. Günümə bax da. Canəli qalıb qıraqda, səslərində deformasiya olanlar meydan sulayırlar. Sən surətlə avazın vəhdətini bilmirsən dərs verirsən? Allah mənə ömür verdiyi qədər varam və sözümü, səsimi eşidəcəksiniz.

P.S. Saytımızı izləyin, ittiham olan tərəflərin fikirlərini də sizə catdıracağıq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1158