Gündəm, Şərhlər
15.08.2015 / 10:39

Biz daha başqa səngərlərdəyik…

Biz daha başqa səngərlərdəyik…
Aqil CAMAL / İnform.az


Ötən gün Qırğızıstanla Qazaxıstan arasındakı gömrük sərhəddinin götürüməsi haqda xəbəri bəzi dostlarımız sevinclə qarşıladılar. “İki dost-qardaş ölkə arasında sərhədlər, maneələr qaldırılır” deyə. “Bu, gələcək böyük birliyimiz üçün ilk təməl daşlarıdır” ümidi ilə…
Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev ilə Qırğızıstan prezidenti Almazbek Atambayev iki ölkə arasındakı 8 sərhəd qapısının qaldırılmasına qərar veriblər. Amma bu qərarın səbəbi, Türk Birliyi yönündə yolların açılması deyil, Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə daxil olmasıdır. Qazaxıstan Qırğızıstanın Aİİ-yə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya prezidenti təsdiqləmişdi.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Hazırda ABŞ başda olmaqla, Qərb dövlətlərinin diqqətinin Orta Şərqə yönəlməsindən maksimum istifadə edən Rusiya keçmiş koloniyalarını yenidən öz ətrafında birləşdirməyə cəhd göstərir.
Artıq MDB layihəsinin uğursuzluğa düçar olduğunu görən Moskva Avrasiya Birliyi kimi layihələri ortaya çıxarıb, onu gerçəkləşdirmək üçün hətr cür vasitəyə əl atır. Qazaxıstan və Qırğızıstan da Rusiyanın bu layihələrində hər zamankı kimi “öz yerlərini” tutmaq məcburiyyətindədirlər.
Avrasiya Biriliyinə üzv ölkələr içərisində yalnız Ermənistan və Belarus Rusiyaya cani-dildən bağlı ola bilər. Yerləşdiyi bölgədəki bütün layihələrdən kənarda qalan Ermənistan qonşuları ilə münasibətlərinin də yaxşı olmadığını nəzərə alıb, Rusiyanın onun üçün bir həyat qarantiyası olduğunu bilir. Avropa ilə üz-üzə dayanmış avtoritar Belarus hakimiyyətinin də dünyada yeganə söykənəcəyi Rusiyadır. Bu baxımdan, hər iki ölkənin Rusiya ilə müttəfiqliyi, Kremlin yeni layihələrində yer almaları təbiidir.
Digər dövlətlərin isə birgə blokda olması yalnız siyasi-iqtisadi amillərlə bağlıdır. Məsələn, Qazaxıstanın Rusiya ilə birgə layihələrə qoşulmasının ən başlıca səbəbi bu ölkə əhalisinin əhəmiyyətli hissəsinin rus millətinə mənsub vətəndaşlar olmasıdır.
Moskvanın təhriki ilə qurulan “zorən müttəfiqlik” konkret Türk dünyası üçün arzuolunmaz proseslərə yol açır. Türk dövlətləri arasında sıx inteqrasiya meyllərinin artdığı bir zamanda, bu dövlətlərin fərqli-fərqli cəbhələrdə dayanması o qədər də xoşagələn mənzərə deyil.
Diqqət yetirək. Türkiyə NATO-nun üzvüdür. Yəni, Qərb dövlətləri ilə bir hərbi alyansdadır. Quzey Kıbrıs Türk Cümhuriyyəti də Türkiyə ilə eyni hərbi siyasəti izləyir.
Azərbaycan NATO üzvü olmasa da, bu hərbi blokla Türkiyə vasitəsilə əməkdaşlıq edir. Xüsusən də, Azərbaycan hərbiyyəsi Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitindədir. Qardaş dövlətlərdən Qazaxıstan və Qırğızıstanın yuxarıda qeyd olunan səbəblərdən və başqa amillərdən dolayı Rusiyanın yanında yer alması göstərir ki, istəsək də, istəməsək də, hazırda Türk dövlətləri ayrı-ayrı (və ya qarşı duran) hərbi-siyasi-iqtisadi alyanslarda yer alıb. Və sabah qlobal bir qarşıdurmada, ayrı-ayrı səngərlərdə dayanmalı olacaq.
Proseslərin bu cür gedişi Türk Birliyi istiqamətində aparılan işlərə də kölgə salır. Çünki, daha ciddi müstəvidə başqa qüvvələrlə əməkdaşlıq edən yalnız qardaş dövlətlərin humanitar, mədəni sahədə ciddi əməkdaşlıq etməsi ciddi nəticələrə gətirib çıxara bilməz.
Təəssüf ki, bu gün həmin mənzərəni yaşamaqdayıq.

Baxış sayı: 480