Şərhlər
14.08.2015 / 16:30

Paxlava və kababımız da olmasaydı

Paxlava və kababımız da olmasaydı
Əlisa NİCAT / İnform.az


Bir müddət qabaq Rusiyanın NTV kanalında məşhur rus aktyoru Kalyaqinin 70 illiyi münasibətilə müsahibəsi verilirdi. Müxbir aktyorun keçən əsrin 70-ci illərində bir neçə ay Bakıda yaşayıb filmdə çəkildiyinin səbəbini soruşanda Kalyaqin belə dedi: - Ooo..., nə danışırsınız! Bəs paxlava, quzu ətindən dadlı şaşlıq?! Başqa ləzzətli yeməklər...
Məlum oldu ki, şöhrətli aktyor məhz bunların xatirinə Bakıda qalıb filmdə çəkilmişdir.
Pah, atonnan! Gör bizim içimizdə yaşamaq nə qədər çətin və darıxdırıcı bir işmiş. Gör bu idarələri, müəssisələri məktəb, küçə və bazarları dolduran xalq nə qədər maraqsız və dözülməz imiş.
Nəyə görə? Birincisi adamlarımızın qulluq hərislikləri, yaltaqlıq və qulluq göstərmək ehtiraslarına görə. Təsadüfi deyil ki, xaricdən bizə kim gəlirsə, xüsusilə hörmətli və tanınmış şəxs olanda dərhal yemək-içməyə aparırıq. Axı başqa nəyimiz var? Qonaqları gəzdirən adam alabəzək şar kimi tamamilə içi boş olanda, yalnız alver və qazanc işlərində məharət sahibi olanda qonaqları dərhal yeməyə aparmayıb, bəs neyləsin?
Gör həmin 5-6 ay ərzində yazıq Kalyaqin bu insan dəstələrinin əməllərindən, rəftarından, hərəkətlərindən, təmaslarından nə çəkib ki, Bakıda olduğunu və bir müddət yaşadığını əsaslandırmaq üçün paxlava və kababdan başqa heç nə tapa bilməyib.
Bu səbəbdəndir ki, dünya şöhrətli, Nobel Mükafatı laureatı fizik Landau Bakıda doğulub boya-başa çatdığı halda sonralar ömrü boyu heç yerdə nə Bakının, nə 10 il oxuduğu orta məktəbin, nə də ümumiyyətlə 1 nəfər azərbaycanlı dostunun adını çəkə bilmir. Çünki belə bir dost, belə bir həmsöhbət olmayıb. Olsaydı, əlbəttə xatırlayardı.
Mən Mandelştam, Pasternak kimi poeziya nəhənglərinin pis günlərində erməni və gürcü poeziyasından tərcümələr edib onların hesabına yaşadığını oxuyanda təəccüb etmədim. Çünki məhz sovet dövləti tərəfindən təqib olunan bu böyük şairlərdən erməni və gürcülər cəsarətə gəlib istifadə etmişdilər. Əgər bu şairlər eyni işlə məşğul olmaq üçün yəni bizim poeziyamızdan tərcümələr etmək üçün məşhur və şöhrətli şairlərimizə və Yazıçılar Birliyinin rəhbərlərinə müraciət etsəydilər, heç şübhəsiz onları söyüb qovardılar. Çünki bizdə öz vəzifəsini şan-şöhrətini riskə qoyub heç bir Səməd Vurğun və Mirzə İbrahimovlar Pasternaka tərcümə üçün müraciət etməzdilər.
Bəli, bizdə əksəriyyət bu cür işbaz, mahir və raşşotla yaşayanlardır. Ona görə Mandelştam və Pasternakın tərcüməsində gürcü poeziyası bütün dünyada nəşr olunur. Bizdən isə heç nə.
Təsəvvür edin ki, görkəmli ingilis yazıçısı Ceyms Oldric Azərbaycan haqqında,1945-46-cı illərdə Cənubi Azərbaycan hadisələri haqqında parlaq bir roman yazır və bu roman da bütün dünyada nəşr olunub. Amma gör bu yazıçıya bir nəfər “sağ ol” deyən oldumu? Yox! Adına bir küçə qoyuldumu? Yox!
Özləri şəxsiyyət olmayanlar başqa şəxsiyyətlərin dəyərini və qiymətini necə anlaya bilərlər? Allah bizi ona görə yaradıb ki, Bakının ən böyük küçələrindən biri bizi sevməyən, bizi adam yerinə saymayam gürcülərin paytaxtlarının adınadır. Gəlin görək, Tiflisdə “Bakı” adlı küçə varmı ki, biz də burada bu qədər böyük bir prospektin adını “Tbilisi” qoymuşuq.

Baxış sayı: 364