İqtisadiyyat
14.08.2015 / 14:04

“Çin, mallarının Azərbaycana gətirilməsini stimullaşdıracaq”

“Çin, mallarının Azərbaycana gətirilməsini stimullaşdıracaq” «Devalvasiya Çin mallarının Azərbaycana idxalını artıracaq». Bunu iqtisadçı ekspert Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, “Dünya fabrikı" rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb. Hətta, Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib.
Ekspert bildirib ki, Çinin ixracat göstəricilərində müşahidə olunan azalmanın səbəblərindən biri yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur. “Belə ki, devalvasiyaya qədər olan son 18 ayda Çin yuanı dəyərini Avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və yapon ieni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırmışdı. Bu isə kifayət qədər rəqabətli regionda onun iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Ona görə də Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Odur ki, Çin valyutasının devalvasiyası zərurətdən irəli gəlirdi. Çox güman ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik tepmlərlə olsa da davam etməsi ehtimalı indi də qalır. Yuanın devalvasiyası dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək”.


Q.İbadoğlu bildirib ki, son günlər dünya bazarlarında neftin və digər xammalların qiymətlərinin ucuzlaşması səbəblərindən biri də Cindəki devalvasiyadır. Onun sözlərinə görə, Çinin milli valyutasının devalvasiyaları ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək. Bu, həmçinin Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq.

Tahirə QAFARLI/ İnform.az

Baxış sayı: 331