BİZ, Baş xəbər, Sosial
13.08.2015 / 12:19

Bizmi günahkarıq, bankmı günahkar?

Bizmi günahkarıq, bankmı günahkar?
Xalidə Xalid / İnform.az

Dəyərli oxucularımız!
İnform.az ailəsi olaraq sizə hər birinizin maraq dairəsinə uyğun olan, rəngarəng, bir-birindən maraqlı layihələr təqdim etməyi nəzərdə tutmuşuq. İki aylıq fəaliyyətimiz dövründə bir neçə layihəmizlə artıq tanış olmusunuz. İndi isə növbəti “BİZ” layihəsini sizlərin ixtiyarına veririk.
Digər layihələrimiz kimi bu işimizin də sizin diqqətinizi çəkəcəyinə əminik. Sizləri narahat edən hər hansı problem varsa, bizə yazın və həmin problemin həllində birbaşa cavabdeh olan qurumlarla bərabər gücümüz yetdiyi qədər sizlərə yardım etməyə çalışacayıq.

“Azərbaycan vətəndaşının rifahı bankomatların qarşısından başlanır...” Bu fikri illər öncə yaxın qohumlardan biri demişdi. Gülmüşdüm o zaman. Hətta irad da bildirmişdım: “Nəyi pisdi ki, hamının kredit kartları var, əldə pul olmayan vaxtı adamın köməyinə yetir, niyə narazılıq edirsən?”
İllər ötdü, zaman keçdi...
Mənim müdafiə etdiyim kartlar və banklar bizim bu sistemə uyğunlaşmağı bacarmayan insanlarımızı hətta intihara çatdıracaq hala gətirdi.
Dünya dövlətlərinin təcrübəsinə nəzər saldıqda bank kreditlərinin hansı işlərdə önəm daşıdığını görürük. Biznes qurmaq, təhsil almaq, ev almaq və s. məqsədlər üçün istifafə olunan bir vasitə olduğunu görürük. Çox vacib olan məsələlər zamanı bank kreditlərindən istifadə olunur.
Qaldı ki, kiçik alış-veriş zamanı və yaxud restoran, kafe, alış-veriş mərkəzləri və digər ictimai məkanlarda istifadə edilən kredit kartlarına. Aldıqları əmək haqqının və yaxud əlavə qazanclarının müqabilində bu kartlardan istifadə edirlər. Elə istifadə edirlər ki, yeyib-içib, geyinib-keçinib sonra kredit ödəmək üçün dərd çəkmirlər.
Amma BİZ... BİZ fərqliyiq əzizlərim, çox fərqliyik... BİZ ayağımızı yorğanımıza görə uzatmaqdan utanan, BİZ “Qonşudan qalma dala” devizi ilə yaşayan insanlarıq. BİZ gününə minlər, on minlər gəliri olan insanlarla, aldığımız 200-300 manat maaşı müqayisə etmədən, bahalı maşınlar, villalar, yeni tikililərdə evlər almaq üçün kreditə girən azərbaycanlılarıq.
Biz girdiyimiz bataqlığın necə dərin olduğunun və KREDİT adlı məvhumun başımıza aça biləcəyi müsibətin nə demək olduğunun fərqinə varmağı bacarmayanlarıq.
BİZ, BİZ, BİZ...Sonunda bu BİZik! Gəliriylə çıxarını bilməyən BİZ...
“İş yoxdu, maaş azdı, problemlər çoxdu və s. və ilaxır” səbəblər ucbatından kreditlərə giririk. İlkin vaxtlarda problemlərimiz həll olundu deyə sevinirik, hətta qonaqlıq da veririk ki, “şükür sənə İlahi, problemdən məni qurtardın” deyə.
Qurban olduğum da, baxır ki, “mənim bu bəh-bəhlə yaratdığım, təkrarsız möcüzəm olan İNSAN ona verdiyim ağıla yox, hisslərinə qul olub düşüb meydana. Mən faizi müsəlman üçün günah yazdım, onunsa dünya- aləm vecinə deyil, budu ha, faizlə həll etdiyi problemin şərəfinə qonaqlıq verir. Onun üçün Mən yox, şeytan qardaş daha önəmlidir...”
Odur ki, başlayır ağlımızı yavaş-yavaş başımızdan çıxarmağa və əlimizdə ovcumuzda olanları almağa. Və bu dünyada verəcəyi imtahanların qapısını açır üzümüzə. Deyir: “Di gəlin görüm, cavab verin...”
Hə...Gəlin görək necə və nə cavab veririk...Hm, cavab varmı ki, verək də...
Müsibət müsibət dalınca çuğlayır BİZi...Qohum-əqraba, dost-tanış qalmır ki, ağız açmayaq, bu KREDİT adlı şeytanın caynağından qurtulmaq üçün. Eh, kimdi sənə hay verən. Lap elə tutaq ki, hay verdilər, kömək elədilər ödədin bu zəhrimara qalmışı...Bəs sonra? Sonra aldıqlarımızı nə ilə, necə qaytarmağı düşünürükmü? Düşünürük, amma, əfsuslar olsun ki, artıq düşünəndə çox gec olur.
İnsanlar bu kreditin ucbatından intihara belə qalxırlar. Gücləri dost-tanış töhmətini, ailə xəcalətini çəkməyə çatmır. Zəif iradəli insanlar bu yolu daha tez seçirlər.
Bəzən həqiqətən də məcburiyyərt qarşısında qalıb kerditə girməli oluruq. Ən aşağı faizlə kredit verən bankları axtarırıq, azca asağı faizi görən kimi üz alırıq özümüzə ümüd yeri sandığımız həmin banka. Xoş qarşılanırıq, halımıza yana-yana sual-cavablar başlanır, BİZim də ki, maşallahımız var. Sevinirik, hətta ürəyimizdə dua-sana da edirik bu kredit məsələsini düşünənlərə...Amin deyək. Məgər bankın günahıdır ki, BİZ ayağımızı yorğanımıza görə uzatmırıq?
Məgər banklarmı deyir 200 manat maaş alıb, 1000 manatlıq telefon, ən ucuzu 20-30 min manatlıq maşın, 50-60 min manatlıq ev sevdasına düşüb kreditə gir. Sonra da başla ah-fəğana və bu bankları açanın, kredit düşünənin yeddi arxa dönəninə söyməyə.
Ümumiyyətlə, BİZim digər “özəllik”lərimizlə yanaşı daha bir özəlliyimiz var-günahı başqasında axtarmaq özəlliyi.
İnsanın başına nə gəlirsə öz səhvləri və düşünmədən atdığı addımlar səbəbindən gəlir. Və etiraf etməyi də hər kəs bacarmır. Bataqlığa düşür, deyir ki, ay aman məni arxadan itələdilər düşdüm bataqlığa.
Adama deyən gərək, bəs sən yeriyəndə arxanca kiminsə gəldiyini niyə hiss etmədin ki, səni itələdilər?
Ona da cavab tapacaq, deyəcək ki, mən düz yolumla gedirdim də, mən nə bilim arxada kim gəlir...
Bəli, bizim ən böyük bəlamız arxamızca kimin gəldiyini görə bilməməyimiz, eləcə də ağlımıza yox, hislərimizə qul olmağımızdır.
Toy edirik,qız köçürüb, gəlin gətiririk kreditlə. Bəhskarlıqdan, varlı-karlı adam obrazı yaratmağın dərdindən qızımızın cehizini, gəlinimizə apardığımız pal-paltarı belə kredit kartları ilə almaqdan çəkinmirik. Guya bu tifillərə toy edirik. Toy bitdimi, elə toy axşamından başlanır yığılan pulun qədərinə baxmaq. Vay o gündən ki, xərc borcu ödəməyə. Hə, gəl görüm gününü...Bəy bir tərəfdə, gəlin o biri tərəfdə qəm dəryasına qərq olurlar. Bu tifil usaqlar bilmirlər toyun sevincini yaşasınlar, yoxsa, sabah qapıya dayanacaq bank işçilərinin təzyiqlərini düşünsünlər.
Və yaxud da ki, ölümüz ölür cah-cəlallı məclis vermək lazımdır dost-düşmən var, ayıbdı nə düşünərlər? Yenə üz tuturuq banklara. Sonra da başlayırıq ki, “ay rəhmətlik sən də ölməyə vaxt tapdın, imkan verəydin maddi vəziyyətim bir qaydasına düşəydi, sonra öləydin də...” deyib mərhumu da yerində narahat etməyə...
Kredit, kredit yenə də kredit...
Beləcə, yuxarıda qeyd etdiyim kimi Azərbaycan xalqının rifahı bankomatların qarşısından başlanır. Gəlin, atdığımız hər addımı yaxşıca düşünək və siz Allah,öz günahımızı bankların boynuna atmayaq... Hər atdığımız addımın sabah bizi hansı bəlalara məruz qoyacağını ağılla, səbrlə, təmkinlə düşünək . Əgər bunu etsək heç vaxt bu sual qarşısında acız qalmarıq:
“BİZMİ GÜNAHKARIQ, BANKMI GÜNAHKAR???”

Baxış sayı: 803