Mədəniyyət
13.08.2015 / 11:54

"Bədo"

"Bədo" Turizm potensialı yüksək olan İsmayıllı rayonunda Turizm İnformasiya Mərkəzi yaradılıb. Mərkəz, habelə informasiya texnologiyaları vasitəsilə bölgənin turizm potensialı barədə dünyanın hər yerinə ətraflı məlumatlar göndərəcək, sorğuları cavablandıracaq.
İsmayıllı zəngin flora və faunası, habelə turistlər üçün çox maraqlı olan tarixi abidələri ilə məşhurdur. Baş Qafqaz dağ silsiləsinin cənub yamacında yerləşən İsmayıllının ərazisi dağlıqdır. Ərazidən Girdiman, Ax-Ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, habelə rayon ərazisində təbii göllər, irihəcmli sututarlar mövcuddur. Tircan kəndində "Bədo" adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular vardır.
Hazırda İsmayıllıda 22 otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Yaradılan şərait son illər turistlərin sayının artmasına səbəb olub. Təkcə 2015-ci ilin birinci yarısında bölgəyə 21000 turist gəlib. Rayon ərazisində istirahət edənlərin 25-30 faizi xarici turistlərdir. Onların arasında almanlar, ruslar, ingilisdilli əcnəbilər üstünlük təşkil edir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 643