Gündəm, Siyasət
22.06.2015 / 19:27

İlham Əliyev: “İslam Həmrəylik Oyunları müsəlman ölkələrini daha da birləşdirəcək”

İlham Əliyev: “İslam Həmrəylik Oyunları müsəlman ölkələrini daha da birləşdirəcək”

İnform.az APA-ya istinadən bildirir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibəti ilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır: “Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilib, bir memarlıq əsəridir. Dünyanın ən yeni tikilmiş məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilib. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasında həmrəyliyi gücləndirək”.

Prezident İlham Əliyev qeyd edib ki, 2 ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək: “Əminəm ki, 2 ildən sonra Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcək”.

Baxış sayı: 467