Sosial, Şərhlər
12.08.2015 / 10:32

Ailə faciəsinin on iki əsas səbəbi

Ailə faciəsinin on iki əsas səbəbi
Mədinə Abbasova / İnform.az

Son zamanlar cəmiyyətimizin ən aktual mövzularından olan boşanma ilə tez-tez rastlaşırıq. Günümüzdə müasir gənclərin əksəriyyəti hər nə qədər həyatlarını birlikdə planlasalar da, sonradan bir sıra səbəblərə görə evliliyə son qoymağa qərar verirlər. Təəssüf ki, ölkəmizdə də boşanma halları sürətlə artmaqdadır. Boşanma halları ilə bağlı statistikalara nəzər salsaq, başlıca olaraq aşağıdakı səbəblər sıralana bilər:

- Sosial-iqtisadi problemlər (kişinin işsiz qalması)

İşsizlik, az qazanc və bunların fonunda ailə dolandırmağın çətinliyi konfliktlərə yol açır. İşsiz olan ailə başçısı, tədricən stresə girir ki, bu da həyat yoldaşı ilə əvvəl xırda, daha sonra böyük mübahisələrin yaranmasına səbəb olur. Belə bir hal uşaqların yanında təkrarlanmağa başlayır və ailə uçuruma gedir.

- Sonsuzluq

Müşahidələr göstərir ki, Azərbaycanda övladın olmaması üzündən ailədə ciddi münaqişələr yaranır. Nəzərə alsaq ki, hər bir azərbaycanlı övladının olmasını istəyir. Bu kimi hallardan uzaq qalmaq üçün ən yaxşı yol, evlənmədən öncə hər iki gəncin qan analizlərini verməliridir. Bəzən qohumlararası evlilikdən dolayı da ailədə övlad dünyaya gəlmir. Bunun da yeganə çıxış yolu yenə də evlənmədən öncə həkimə müraciət etməkdir.

- Qaynana, qaynata ilə eyni evdə yaşama

Gəlin qaynana qarşıdurması, qazananı olmayan amma itirəni hər vaxt çox olan bir qarşıdurmadır. Evlənmədən əvvəl oğlunun evlənəcəyi insanı bağrına basan ana və qaynanasını öz anası kimi görən gəlinlərin arasına bir müddət sonra “qara pişik” girir sanki...
Gəlin qaynana arasında yaşanan çətinliyin təməlində evi hansının idarə edəcəyi mövzusunda qarşıdurma yaranır. Tərəflərin birinin sözünün digəri tərəfindən həzm edilməməsi, iki qadın arasında ciddi mübahisələrə gətirib çıxarır. Bu zaman isə arada qalan birinin oğlu, digərinin həyat yoldaşı olan kişi olur. Yaranmış vəziyyətin qarşısını ala bilməyəndə isə tərəflər “ən asan yol” olan boşanmaya gedirlər.

- Ailə böyüklərinin və ya həyat yoldaşının qadına qulluqçu gözü ilə baxılması

Burada bir deyim yadımıza düşür: “Gəlin evin süpürgəsidir, harda qoydum, orada da durmalıdır”. Bəzən gəlinə nökər kimi də baxırlar.

- Erkən yaşda evlənmək (xüsusən də qızlar arasında)

Erkən yaşda evlilik ağır travmalara və qalıcı psixoloji rahatsızlıqlara səbəb olur. Bu addımı atmaqla onlar öz həyatlarını oğurlamış olurlar. Ruhən və cismən buna hazır olmayan, yaşamının zəncirini əlini almayan yüzlərcə gənc qız ya ailələrinin istəyi ya da öz istəyiylə evlənirlər. Toplumun erkən yaşda evlənmələrinə səbəb çox olur. Bəzən məktəbi bitirmiş və universitetə qəbul olmamış bir qız “el qınağı”ndan qurtulmaq üçün çıxış yolunu məhz bunda görür. Bəzənsə, “evdə qalacaqsan, yaşın keçərsə səni kim alar?” kimi yüz il öncədən qalmış fikirlər səbəbiylə bu addımı atarlar. Beləliklə də, bioloji, psixoloji, sosioloji buna hazır olmayan şəxslər zaman keçdikcə boşanma həddinə çatırlar.

- Cinsi səbəblər

Hərdən elə olur ki, cütlüklər arasında yataqda da problemlər olur. Məsələn, birinin cinsi istəkləri qarşı tərəfi qane etmir və bu istəkləri yerinə yetirməkdən boyun qaçırır. Nəticədə tərəflərdən biri istəklərinin ödənilməsi üçün kənara meyl edir ki, bunun da sonunda xəyanət halları yaranır və boşanmaya gətirib çıxarır.

- İçki, qumar, narkotik və bu kimi zərərli vərdişlərə qurşanma

Ailə başçısının bağışlanılmaz, zərərli vərdişləri həyat yoldaşını və ətrafındakıları təngə gətirir. İlk başlarda qadın bəlkədə özünə ziyan dəymədiyi müddətcə göz yumur. Zaman keçdikcə isə, bəzən içkili kişi qadınına, uşaqlarına əl qaldırır. Narkotik qumar kimi digər vasitələrdən istifadəyə görə evini belə satmağa hazır olur və bu təqdirdə qadın çarəsizlikdən boşanma haqqında ilk addımı atır.

- Hədsiz dərəcədə qısqanclıq


Ən əvvəl kişinin qısqanmasına nəzər salaq. İlk başlarda bu qadının xoşuna gəlir. Qısqanclıq gücləndikdə isə artıq dözülməz hallar yaranır. Heç nəyin üstündə mübahisələr baş verir. Bəzən ata evində sərbəst böyüyən qız bunlara ümumiyyətlə, dözə bilmir. Azad həyatdan sanki “qəfəs”ə düşdükdə isə münasibətlər soyuyur və ayrılma halları baş verir. Qadının öz həyat yoldaşını qısqanması isə, bezdirici hallar yaradır. Qadın qədər kişi bu cür münasibəti heç sevmir. Şübhəli suallar, davranışlar kişini usandırır. Evdə hüzur tapmağa çalışan ailə başçısı bu cür davranışa görə ailəsindən soyuyur. Bunların başında isə inamsızlıq durur.

- Xəyanət

Xəyanət boşanmanın başlıca səbəbidir. Bəzən azərbaycan qadınları öz ailəsi, uşağı xətrinə aldanılmağa dözür. Vəziyyət pik nöqtəyə çatdıqda isə artıq heçnə gözünə görünmür. Qürur onu boşanmaya sövq edir.

- Həyat yoldaşının hər bir hərəkətinə, davranışına tez-tez müdaxilə etmək, onun əsəblərinə toxunan davranışlar nümayiş etdirmək

Bu hallar xarakteri, xasiyyəti uyğunlaşmayan insanlarda olur. Bəzən sevginin güdazına düşüb, evlənirlər. Ailə qurduqdan sonra isə, bu cür situasiyalar baş verir. Bir- birinin hərəkətini, davranışını uda bilməyən cütlüklər arasında ciddi mübahisələr baş verir.

- Ailə sirlərini paylaşmaq


Bu səbəb qadınlar arasında daha çox olur. Yaxınımdır deyib, rəfiqəsinə, tanışlarına ailəsindəki sirləri paylaşan qadın bunun onu uçuruma apardığını ağlına belə gətirmir. Zaman keçir, sirlərinin kimlərinsə dilindən eşitdikdə isə faciə o vaxt baş verir. Bundan xəbər tutan həyat yoldaşı ilə aralarında ciddi söz-söhbət yaranır.

- Tez-tez həyat yoldaşının qohumları və dostları mövzusunda təhqir dolu ifadələr işlətmək

Ola bilməzki, hərkəs hamının xoşuna gəlsin. Kişi ya qadın bir- birinin tanışlarına hörmət etmir, sevmədikləri üçün və ya digər səbəblərdən tənqid və bəzən təhqirlər yağdırırlar. Qohumlarının müdafiəsinə qalxan tərəflər arasında söz ayrılığı, mübahisələr baş verir. Soraq ailə böyüklərinə çatdıqda isə daha dəhşətli mübahisələr yaranır və boşanma halları müşahidə olunur.

Bu sadaladıqlarımız da özlüyündə müxtəlif səbəblərdən doğurlar. Övladlarına təhsil verərək, dünya görüşlərini artırmaqlarına şərait yaratmaqdansa, onları uşaq yaşlarında “ailə ocağına” atırlar. Beləliklə, əksər ailələr, müəyyən müddətdən sonra evliliyi yürüdə bilməyib, boşanmağa qərar verirlər. Digər bir misal. Buna el arasında “görücü” üsulu ilə evlənmək də deyilir. Valideynlər və ya onların tanışları, bəlkə də heç cütlüklərin xəbəri olmadan onların əvəzinə qərar verirlər. Qız və ya oğlan olmasından asılı olmayaraq, xasiyyətini, xarakterini tam bilmədən, sırf maddi durumunun yaxşı olduğuna görə evlənirlər. Təbii ki, maddiyyat hər məsələni həll etmir və bunu anladıqda artıq gec olur və boşanma halları baş verir.
Bəziləri evliliyi sevginin bitdiyi gün kimi hesab etsə də, psixoloqların sözlərinə görə, cütlüklər arasında əsl sevgi evləndikdən sonra başlayır. Gənclərimizə məsləhətimiz odur ki, ağıl və sevgi ilə ailə həyatı qursunlar və öz yarını tapıb tam olsunlar.

Baxış sayı: 1013