Gündəm, Şərhlər
12.08.2015 / 10:13

Bəşəriyyətin dini dünyagörüşü və din anlayışı

Bəşəriyyətin  dini dünyagörüşü və din anlayışı
Aydın MƏDƏTOĞLU / İnform.az


(2-Cİ YAZI)


Ayrı-ayrı ölkələrdə ilkin müqəddəs dini çamura bulayanlar o ölkələrdəki rahiblər, özlərini “din xadimi və ruhani” adlandıranlar olmuşlar. Onlar qədim dində ciddi şəkildə yasaqlanmış olan simvollara tapınmağı oyrətməyə başlamış və bununla da “Bütpərəstliyin” əsası qoyulmuşdu.
Bu gün belə bizlər əqli olaraq özümüzü ulu babalarımızın yerinə qoymadığımızdan onların düşüncələrinin çoxu bizə gülünc görünür. Bizlər ulu babalarımızın Günəşi, odu, qurdu, ilanı, maralı və s. Kimi ayrı-ayrı heyvanları Tanrının simvolları olaraq qəbul etdiklərini anlamadığımızdan onların bu simvolları Tanrı qəbul etdiklərini və onlara sitayiş və ibadət etdiklərini sanırıq. Bu düşüncələr tamamilə yanlışdır. Ulu babalarımız heç bir zaman Günəşi, odu, ayrı-ayrı heyvanları tanrı sanmamış və onlara ibadət etməmişlər. Ona görə də heç kim görünüşə görə antik dinləri və qarşılıqlı olaraq o dinləri işlədən ulu babalarımızı yarqılamaq, ittiham etmək haqqına sahib deyilik.
Qədim zamanlarda simvollar və heroqliflər yazının əsası idi. Hər bir simvol və heroqlif hər hansı bir şeyin simvolik işarəsi idi. Ona görə də onları bir şeyin özü deyil, onun təmsilçisi kimi qəbul etmək lazımdır. O cümlədən də Günəş simvolu Azərbaycan, Türkistan, Misir, Babil, Meksika, Peru və s. kimi ölkə mədəniyyətlərinin ən qədim dövrlərində “Günəş” ilk və ən böyük Tanrı simvolu halına gələrək digərlərinə qarşı bir üstünlük qazanmışdı. Lakin Günəş qədim insanlar tərəfindən əsla “Tanrı” olaraq qəbul edilməmişdir. O, sadəcə ilahi bir simvol idi və bu üzdən ona əsla ibadət edilməmişdir.
İlk insanlara nə qədər müqəddəs olsalar da simvollara tapınmamaları öyrədilmişdi. Çünki bu simvolların mövcudluğunun tək səbəbi sadəcə onun düşüncəsinin digər məsələlərdən təcrid olunaraq Tanrıya yönəlməsi ilə bağlı idi. Ən qədim dövrlərdə din insanlara mərhələli şəkildə öyrədilmişdi. Belə ki, birinci mərhələdə insanlığa üstün, sonsuz və hər şeyə gücü çatan bir Varlığın-Tanrının olduğu öyrədilirdi. Bu Varlıq Yaradıcı idi. Göydə və Yerdə olan hər şeyi O, yaratmışdı.
İnsan da bu Qüdrətli Varlıq tərəfindən yaradılmışdı, yaradılır və gələcəkdə də yaradılacaq. İnsan o Varlığın Yerdəki təmsilçisi, o Varlıq da insanın Göydəki Babası idi.
Ikinci mərhələdə verilən bilgilərə görə, insan yaradıldığında Yaradıcı olan onun içinə əsla ölməyən, əbədiyyətə qədər yaşayacaq bir mənəviyyat olan Ruh qoymuşdu.
Üçüncü mərhələdəki bilgilər insanın yaradılışı ilə birlikdə maddi bədənin dünyada bulunması gərəkliliyinin ortaya çıxdığından bəhs edirdi. Maddi bədən dünyaya aid idi və oradan alınmışdı. Bu maddi bədən öldüyündə içindəki Ruh azad qalır və yenidən bir maddi bədənə yerləşməyə çağrılacağı zamana qədər o biri dünyaya gedib orada gözləyir. Elə anlaşılır ki, öyrənən tələbənin ağlı bu gerçəkləri qavrar-qavramaz Ruha verilmiş görəvlərin öyrədilməsi mərhələsinə keçilirdi. Ruhun bu vəzifəsi də bədəni istəkləri tənzimləmək maddi bədən üzərində hökmranlıq yaratmaqdı. Bu gerçəkləşdikdə Ruh azad qalacaq və Böyük qaynağa-Tanrıya yenidən çağrılacaq, beləliklə, sonsuza qədər coşqu və xoşbəxtlik içərisində yaşaya biləcəkdi. Bu mərhələdə öyrəncilərə maddi həyatın çox qısa olduğu, Ruhun bütün insan bədəninin istəklərini tənzimləyə biləcəyi qədər zamanı olmadığı və bu üzdən də vəzifəsini tamamlayana qədər bir çox bədəndən istifadə edəcəyi də öyrədilməkdəydi. Yaşanan bütün məsələlər ruhun qurtulması üçün idi.
Dördüncü mərhələdə insanlara “Göydəki Baba”nın böyük sevgidən ibarət olduğu, bütün kainatın bu “Böyük Sevgi” tərəfindən idarə edildiyi və bu sevginin əsla ölmədiyi fikri insanların ağlına layiqincə yerləşdirildi. Bununla da insan heç bir qorxu və yanlışlığa düşmədən qüsursuz bir yönəlişlə Tanrıya yaxınlaşma düşüncəsinə vardıqda Tanrının sevgi dolu əlləri ona ulaşan insana uzanacaqdı.
Beşinci mərhələdə bütün bunlarla yanaşı, insanlara həm də bütün insanların bir-biri ilə qardaş olduğu və həyatın hər yönündə bir-biri ilə qardaş kimi davranmaları təlqin edilirdi.
Altıncı mərhələdə insanlara dünyadakı vəzifələri öyrədilirdi. Bu mərhələdə insanlar dünyada necə yaşamaları, ölümdən sonrakı dünyaya getməyə necə hazırlanmaları haqqında anlayışa sahib olurdular. Xüsusilə insanlara doğruluğun, sevginin, xeyirsevərliyin vı ismətin yolunu Tanrıya qarşı qüsursuz bir sevgi və güvən duyması xatırladılırdı.(Seçmələr bizimdir-A.M. Bax: James Churchward, Kayıp Kıta Munun Kutsal Sembolleri, İngilizcədən çeviren Emre özdal, İstanbul 2011, səh.28,29,30).
Bütün bunlar sonrakı təktanrılı dinlərin hamısında bu və ya digər dərəcədə özünü göstərmişdir.

Baxış sayı: 730