Ötən günə gün çatmaz..., Baş xəbər, Mədəniyyət, Müsahibə
11.08.2015 / 14:29

Yalçın Rzazadə: “Mənim sənətim "Şərəf" ordeninə layiq deyilmi?”

Yalçın Rzazadə: “Mənim sənətim "Şərəf" ordeninə layiq deyilmi?” İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsində Azərbaycanın xalq artisti Yalçın Rzazadə və problemləri ilə üz-üzə

- Necəsiniz, səhhətiniz necədir?

- Hər vaxtınız xeyir olsun, yaxşı deyim, səhhətim də, özüm də yaxşı olum. Cünki səhhətim tək sağlamlığıma təsir etmir, həm də işlərimin ləngiməsinə də gətirib çıxarır. Mən sevənlərimi intizarda qoymaq istəmirəm, həmişə öz üzərimdə işləyirəm. Çalışıram ki, daim tamaşaçıların qarşısına yeniliklərimlə çıxım. Hər bir sənətkar özünü xəstəlikdən sığortalamalıdır ki, zirvədə qalmağı bacarsın. Özümə borc bilirəm ki, yaşayım,yaradım. Məni həmişə qınayırlar ki, niyə bu qədər dəridən-qabıqdan çıxırsan? Amma bu mənim işimə olan məsuliyyətimdir, sevgimdir.Hər incə məsələni ürəyimə salıb özümü incidən insanam. İllərdir mübarizə aparıram ki, mən də başqaları kimi laqeyd olum, ancaq bacarmıram. Nə edim, Allah məni belə yaradıb. Bundan sonra daha gecdi, mən düzəlmərəm.

- Hər il müalicə üçün Türkiyəyə gedirsiniz. Bakıda həkim yoxdur?

- Bakıda həkim çoxdur, mənim həkimlərə verməyə pulum yoxdur. Türkiyədə mənim xərclərimi boynuna götürən iş adamları var. İki qardaşlar. Onlar mənim pərəstişkarımdır. Hər il məni Türkiyəyə aparıb muayinə etdirirlər, geyimlərimi alırlar, istirahətimi təmin edirlər. Minnətdaram onlara, verdikləri dəyər üçün.

- Yalçın müəllim, bu nə qədər belə gedəcək? Niyə sizə dövlətimiz dəstək olmur. Azərbaycanın səhəri sizin səsiniz ilə açılır. Sizin Azərbaycan mədəniyyəti üçün gördüyünüz işlər əvəzsizdir. Bəlkə özünüz müraciət edəsiniz?

- Baxın problemdə ondadır ki, dövlətə müraicət etməyə mənim xasiyyətim mane olur.Həyatda bir tablom olub: “Dahi olmaq olar, şəxsiyyət olmaq cətindir”. Mənim həyat meyarım, şəxsiyyət olmaqdır. Şəxsiyyət qapı döymür, hər zaman qapısı döyülür. Heyf ki, bu gün sənət həqiqətdən uzaqlaşıb. Hansı tədbir olursa olsun, canlı oxumağa daim hazır olmuşam. Tədbirlərdə yaxınlaşıb soruşurlar ki, Yalçın müəllim, bu yaşda səhhətinizdə problemlər ola-ola necə canlı oxuyursunuz. Səsinizi qorumağın bir sirri varmı? Deyirəm yox, nə danışırsınız, nə sirr. Səs Allah vergisidir. Əksinə mən səsimi heç qorumuram. Dondurma da yeyirəm, soyuq su da içirəm. Səsimi qorumaq üçün özümə heç bir qadağa qoymuram. Bir az əsəbiləşəndə, ürəyimdəkiləri mahnıya qoya bilmirəm. Onda da özümü cilovlayıram. Planlarım, arzularım çoxdur. Allah verən əmanəti qorumaq borcumuzdur.

- Yalçın müəllim, dünən səhnəyə çıxıb bu gün villası, maşını, bahalı bağları olan müğənnilər hansı pillədərir, siz hansı zirvədəsiniz. Bəs niyə bü gün siz bu qədər maddi sıxıntı yaşayırsınız?

- Hər zaman sənəti birinci düşünümüşəm. Adım ziyallılar, sənətkarlar sırasında çəkilir. Kim bahalı toya gedir, kimin bahalı maşını var, kimin neçə villası var – mənim marağım çərçivəsində deyil axı. Bütün bunlar mənim amalıma uyğun deyil. Mənim üçün pul gündəlik tələbatı ödəmək üçün bir vasitədir vəssalam. Mənim üçün sərvət, xalqmın sevgisdir. Pulu çox olanları Biləcəridən o yana tanıyan var? Amma mən xaricə konsertlərə gedirəm, küçədə arxamca qaçıb imza istəyirlər, şəkil çəkdirib xoş sözlər deyirlər. Mənim üçün milyonlar səhnəni əvəz edə bilməz. Kimə isə pul verib, əvəzində sevgi almaq olarmı? Şikayət etməyə ixtiyarım yoxdur. Amma acından da ölməyə ixtiyarım yoxdur.

- “Mən Azərbaycan mədəniyyətinə, incəsənətinə, səhnəsinə yeni nəfəs, yeni imic gətirdim” deyirsiniz. Bəs qarşılığında hansı mükafatı aldınız?

- Xalqın sevgisini. Həyatın problemləri hər zaman ağır olub. Sənətkar dediyimiz öz dövründə bir dəfə gəlir və unudulmaz iz salıb gedir. Mənə həmişə deyirlər: “Yalçın müəllim, min müğənni düzülsə sıraya, siz də daxil olmaqla, siz ilk gözə dəyən olarsınız.” Bu söz kifayət deyilmi qanad acıb ucmağım üçün? Bu gün çox az müğənninin ifası və özü səmimidir. Bu gün komputer hər şeyi həll edir. Məni dərd götürüb ki, bu gün hansı müğənnini göndərək ki, get üç saat canlı ifa et, Azərbaycanı təmsil et. Bəlkə siz bilirsiniz, belə bir müğənni var Azərbaycanda? Mən çox fikirləşirəm ancaq tapa bilmirəm. Fonoqram bugünkü ifaçıların eyibini örtür. Bizim dövrümüzdə səs birinci idi, bədən ikici. İndi bədən, geyim birincidir, səs axırıncı. Bu gün səsi olmayanların hamısı müğənnidir. Azərbaycan doludur müğənni ilə. Bədbəxtçilikdə ondadır ki, hamısı özündən çox razıdır. Sənət olan yerdə axtarış olmalıdır, mənəm-mənəmlik yox. Xalqın qarşısına ucuz musiqi və yüngül danışıqlarla çıxıb özlərini öyməkləri məni lap əsəbləşdirir.

- Solo konsert düşünürsünüzmü?

- Ötən il sarayda konsertlərin birində çıxış edirdim. Çıxışımdan sonra neçə dəqiqə məni alqışlarla səhnədən getməyə qoymadılar. Sonra Mədəniyyət Nazirliyi pərdə arxasında mənə sual verdi ki, nəsə bir problemin var, istəyiniz, arzunuz. Təşəkkür etdim. Özləri bildirdi ki, sizə dövlət səviyyəsində hesabat konserti təşkil edəcəyik. Axı niyə də etməsinlər? Mən həyatımı Azərbaycan səhnəsinə qurban vermişəm, yenə də verərəm. Olmadı, verilmədi o konsert. Mən bu boyda bir insanam, illərin sənətkarıyam, söz verirlər, etmirlər. Əgər mənim sənətim xalqı ayaq üstə məni alqışlamağa vadar edirsə, niyə mən aldadılıram, mənim konsertim keçirilmir?
İndiyə kimi mənə orden verilməyib. Səsimi də çıxarmıram. Susuram. Niyə saymırlar məni? Bu gün varam, sabah yoxam. Mənim kimi sənətkarlar gündə doğulmur. Əsrdə tək-tək gəlir. Öləndən sonra yəqin konsertimi də verəcəklər, ordenimi də. Bu qədər olmaz axı, hər yerdə yalan, yalan. Nə qədər yalan danışmaq olar. Mən bezdim, onlar bezmədi yalan danışmaqdan. Gah adımı qoydular makler. Guya ev veriblər mənə, mən də kirayə verib belə şəraitsiz evdə qalıram ki, yenə ev alım. Ayıb deyilmi mən boyda sənətkara belə ləkə yaxmaq? Yalçın dünənin uşağı deyil axı. Bizim nazir tədbirlərdə deyir ki, “Yalçın, sənə mənim canım da qurban.” Allah eləməsin... Axı Yalçın kiçik adam deyil ki, göz qabağında olmasın. Mənim sənətim balaca, gözəgörünməz deyil axı? Ac deyiləm və mənə çox şey lazım deyil. Mənə elə geyimlər, elə ayaqqabılar hədiyyə olunur ki, heç İtaliyada yoxdur. Səkkiz cüt, on cüt. Geyimlərim var, hər gün geyinsəm də bitməz. Axı mən də Azərbaycan oğluyam, Azərbaycan sənətçisiyəm. Mənə başqa ölkələrin vətəndaşları dəyər verir. Amma öz dövlətim bir hesabat konsertimi çox görür. Milyonum da olsa mən Yalçınam, manatım da olsa. Nazirlikdən verilən sözü ürəyimin dərinliyi ilə qəbul etdim, hazırlaşdım, ancaq verilən sözlərini tutmadılar və bunu ürəyimə saldım, səhhətim pisləşdi. Amma qiymətim sağlığımda verilməlidir. Ölmədən millətimin, dövlətimin qarşıında canlı hesabat konserti vermək istəyirəm. Bugünkü konsertlərdəki müqəvvalar kimi yox, Yalçın kimi oxumaq istəyirəm. Sənətkarı təhqir olunmuş vəziyyətdə qoymazlar. Bir “Şərəf” ordeni versələr nə olar. Sənətim şərəf ordeninə layiq deyil? Şərəfim çatmır o ordeni almağa? Bu boyda dərdi ürək necə qaldırsın? Necə dözürəm bu boyda haqsızlığa, bilmirəm. Çox qürurlu insanam. Ölən günə kimi də qapılara düşməyəcəm. Mən ala – bula, ortada tullanan müğənni deyiləm. Qoy vicdanları qarşısında onlar cavab versinlər. Millətimin sənətkarı olaraq həmişə qalacağam. Bu gün varam, sabah yoxam. Ürəyim nə qədər dözsə, o qədər də dözüb işləyəcəm.

- Yalçın müəllim, bir çox deputatların sizə kömək etdiyini eşitmişik. Düzdür?

- Qətiyyən düz deyil. Bəzi deputatalar söz verdi, ancaq heç bir kömək olmadı.


Aysel TALIBQIZI / İnform.az



Baxış sayı: 1504