Baş xəbər, Müsahibə, Ədəbiyyat
11.08.2015 / 13:59

Nadir Qocabəyli: “Bizim yazarları və tərcüməçiləri ələ baxan öyrədiblər”

Nadir Qocabəyli: “Bizim yazarları və tərcüməçiləri ələ baxan öyrədiblər”

Tərcüməçi yazar Nadir Qocabəyli ilə söhbətimiz “Qanun” nəşriyyat evinin Nərimanov parkında təşkil etdiyi kitab yarmarkasında baş tutdu.
Nadir müəllim də kitab aksiyasına qoşulan könüllülərdən biri idi.


- Nadir müəllim, necəsiniz, kitab satışı necə gedir? Maraqlanırlar?

- Bu gün yarmarkada bir neçə müştəri məndən "Yuxuyozmaları" soruşdu. Mən də Freydin kitablarını göstərdim. Kitabı onlara göstərən kimi dedilər ki, bundan yox, balacasından istəyirik. İzah etdim ki, sizin dediyiniz o balaca kitablardakı "su - aydınlıqdır", "pul - səsdir ", "balıq - ruzidir", "camış - əzrayıldır" təsbitləri özünü bir çox hallarda doğrultmur...
Sağ olsunlar, dediklərimə qulaq asdılar, amma kitabı almadılar. Deyəsən, kitabın çox qalın olması onları qorxutdu...

- Hal-hazırda həm tərcüməçi, həm də yazar kimi fəaliyyət göstərirsiniz. Hansı daha məsuliyyətlidir və yaxud hansından daha çox zövq alırsınız?

- Sözün məsuliyyətini dərk edən adam üçün bu işin hər ikisi məsuliyyətlidir. Sözü, fikir söyləməyi, danışmağı sevən adam üçün isə hər ikisi zövqlüdür. Amma başqasının yazdıqlarını tərcümə etməklə insanın özünün nəsə yazmasının verdiyi zövq fərqlidir. Əslində mən tərcüməyə bir xobbi kimi başlamışam, amma sonradan bu mənim peşəmə çevrilib. Mənə elə gəlir ki, tərcümə etmədən və özüm də nəsə yazmadan yaşaya bilmərəm.

- Tərcüməçilər adsız qəhrəmanlardı deyirlər...

- Mənə görə qəhrəmanlıq çox böyük sözdür. Ümumiyyətlə, qəhrəmanlıqdan daha çox "igidin adını eşit, üzünü görmə" formuluna inanan adamam.

- Hesab edirsiniz ki, tərcüməçilər üzdə olmamalıdır?

- Yox, belə hesab etmirəm. Tərcüməçi nə qədər ağır zəhmətlə məşğul olsa da, nə qədər əhəmiyyətli bir iş görsə də, istər-istəməz ikincidir, arxa plandadır. Dostoyevskini çevirən tərcüməçinin ondan ön plana keçməsi mümkün deyil. Tərcüməçilik elə bir sənətdir ki, onu yalnız xüsusi adamlar dəyərləndirə və qiymət verə bilər. Xarici əsəri ana dilində oxuyan sıravi oxucuya elə gəlir ki, bu əsər elə onun öz dilində yazılıb.

- Tərcüməçilik də yazarlıq qədər çətin sahə olduğu üçün onlara verilən xüsusi adlar, imtiyazlar tərcüməçilərə də verilməli deyil?

- Mən yazıçılara və tərcüməçilərə hansısa adlar və titullar verilməsindənsə, ölkədə onların fəaliyyətinə normal şərait yaradılmasına tərəfdaram. Adlar, mükafatlar, onlar uğrunda mübarizə, onların verilməsi mexanizmi qeyri-sağlam bir mühit yaradır. Bu adları və mükafatları almaq istəyən adamlar yaxşı, keyfiyyətli əsərlər ortaya qoymaqdansa, özlərinə "dayday" axtarmağa girişirlər. Əgər hansısa müsabiqədə 30 roman tərcümə edən tərcüməçi 20-liyə düşmürsə və cəmi üç hekayə tərcümə etmiş birisi ilk yerə layiq görülürsə, eyni qayda ilə yazıçılıqdan xəbəri olmayan adam xalq yazıçısı ola bilər, tərcümələri bərbad olan tərcüməçi də Prezident təqaüdünə layiq görülə bilir.

- Qeyri-sağlam mühitin qarşısını ancaq yeni mexanizmi işə salaraq almaq olar, amma necə? Tərcüməçilər birlik olub bu barədə lazımı qurumlara təkliflər irəli sürməlidirlər. Yoxsa, tərcüməçilər arasında birlik yoxdursa, məsələ uzun müddət öz həllini tapmayacaq.

- Razıyam. Mən buna çalışıram, amma hələlik alınmır, mənim həmfikir həmkarlara ehtiyacım var. Tərcüməçilərin bir araya gəlib bir təşkilat, qurum yaratmasıyla bağlı vaxtaşırı çağırışlar edirəm. Ancaq təəssüf ki, hələlik səsimə səs verən yoxdur. Ölkədə fəaliyyət göstərən iki yazıçı təşkilatı, bir gənc tərcüməçilər assosiasiyası bu sahədə effektli fəaliyyət göstərə bilmir. Onların fəaliyyəti zəifdir, çünki hakimiyyəti hansısa işlər görməyə məcbur etməkdənsə, titul və adlar dalınca qaçmaqla, ədəbi məmurlarla şəxsi münasibətlər qurmaqla məşğul olub, nəsə pay almağa çalışırlar. Bizim yazarları və tərcüməçiləri ələ baxan öyrədiblər və biz silkinərək o ampuladan çıxa bilmirik. Əks halda gərək ölənədək ələ baxsınlar…

“Bizim ədəbiyyatımız da, dilimizin imkanları da dünyanın tanınmış xalqlarının ədəbiyyatlarına və dillərinə uduzur”


- Biraz da bu peşənin müsbət xüsusiyyətlərindən danışaq. Bir dəfə Viktor Hüqoya romanını başqa dildə tərcüməsindən oxuyurlar. Görürlər yazar diqqətlə qulaq asır. Deyirlər bəyəm siz yazmamısınız? Hüqo deyir ki, dayanın görüm, sonu necə bitəcək. Tərcümələrdə maksimum orijinallığı saxlayırsınız, yoxsa tərcüməçi missiyanıza yazar instinktiniz mane olur?

- Əsərini tərcümə etdiyim yazıçının dil və üslub xüsusiyyətlərini, maksimum dərəcədə qorumağa çalışıram. Tərcüməçi çevirdiyi əsərdə özünü yox, çevirdiyi yazıçını, o yazıçının mənsub olduğu mədəniyyəti, dəyərləri ifadə etməyə səy göstərməlidir. Digər tərəfdən, bizim ədəbiyyatımız da, dilimizin imkanları da dünyanın tanınmış xalqlarının ədəbiyyatlarına və dillərinə uduzur. Bu baxımdan onlardan öyrənməli, əxz etməli çox şey var. Ona görə, Tomas Vulfu, Nabokovu, Kortasarı azərbaycanlaşdırmaq cəhdləri çox yanlışdır, bu heç mümkün də deyil. Biz bədii təfəkkürümüzü, dilimizi zənginləşdirmək üçün xarici ədəbiyyatdan daim faydalanmalıyıq. Ancaq bunu da ustalıq və peşəkarlıqla etmək lazımdır.

- Düşüncənin öz dili var, dil düşüncəni formalaşdırır. Düşüncələri tərcümə etmək çətin olmur ki? Necə tərcümə edirsiniz?

- Çətinliklər olub, var və olacaq. Elə olub ki, hansısa fikrin dilimizdəki qarşılığını, heç olmasa, bənzərini tapmaq üçün saatlarla düşünməli olmuşam. Bəzən bir gün fasilədən sonra həmin fikrin üzərinə qayıdıb tərcümə etmişəm. Sizə bununla bağlı bir sirr də açım. İfadə etməyə çətinlik çəkdiyim fikri bir nəfərlə müzakirə etməyə başlayıram, bu adamın tərcüməçi olub-olmaması, dili hansı səviyyədə bilməsi önəmli deyil. Mən ona suallar verirəm, görəsən, bu necə olar, dilimizdə necə səslənər? Və ona verdiyim sualın cavabını çox zaman özüm tapıram. Yanımda bir adam olanda onunla danışıram, olmayanda FB-da status yazıb soruşuram, cavabları oxuyur, amma düzgün variantı özüm tapıram. Etiraf edim ki, bəzən yaxşı məsləhətlər də olur.

- Facebookdan söz düşmüşkən, mən hərdən təəccüblənirəm ki, siz necə vaxt tapıb sosial şəbəkədə də hər saat status yazırsınız. Kənardan elə fikir yaradırsınız ki, elə bil bütün düşmənləriniz, sevmədiyiniz insanlar facebookda dostluğunuzdadır. Adətən tənqid xarakterli bu statuslar konkret insanlara ünvanlanıb…

- Hər saat olmur, gündə bir neçə status yazmaq heç bir saat vaxt aparmır. Digər tərəfdən mənim heç bir düşmənim-filanım yoxdur ki, onlar FB-yə də toplaşsınlar. Sadəcə bizim çoxumuzu narahat edən problemlərdən yazır, bəzən də o problemləri yaradan insanların adını çəkirəm. Bu adamlar həm real həyatda var, həm də FB-da. FB mənim üçün fikirlərimi azad şəkildə ifadə etdiyim tribunadır. Mən buradan dövlətin rəhbərindən tutmuş üzü aşağı hər kəsə mesajlarımı, mövqeyimi və düşüncələrimi ünvanlaya bilirəm. Bu fikirlərin nələrisə az da olsa dəyişəcəyinə inanır və dəyişdiyini müşahidə edirəm. Bu həm də mənim ictimai fəaliyyətimdir, özümü ictimai fikrin dəyişməsində və formalaşmasında az da olsa rolu olan adamlardan sayıram. Bu mənada FB rahatdır, tərcüməmi edərək arabir yorulanda, yaxud nədəsə ilişəndə, bir düyməni basmaqla cəmiyyətə mesajlar ötürmək, hadisələrə münasibət bildirmək çox rahat, həm də zövqlüdür.

- Deyirlər, tərcüməçilər yazarlardan həmişə bir şeyə görə narazı olurlar. Nədir o elə?

- Bizim yerli, milli yazarlardan əsas istəyim odur ki, mənim tərcümə etdiyim əsərlərlə rəqabətə girəcək ciddi əsərlər yaratsınlar. Sırf yazıçı olmaq xatirinə, tələm-tələsik nəsə yazıb kitab buraxmasınlar. Arada özləri də tərcümə etsinlər. Çünki təkcə istedadla, kitab oxumaqla və nəzəri məsələləri bilməklə yaxşı yazıçı olmaq çətindir. Amma dünya səviyyəli bir yazıçının əsərini tərcümə etməklə, o əsəri və yazıçını həm də dərindən təhlil etmiş olursan. Dondurmanın reseptini internetdən oxumaqla yaxşı dondurma hazırlamaq mümkün deyil. Dondurma hazırlama prosesini müşahidə etməklə də bunu yüksək səviyyədə edə bilməzsiniz. Bu prosesi yalnız dönə-dönə təkrarlamaqla dadlı dondurma hazırlaya bilərsiniz. Dondurmaya yeniliklər etmək isə artıq sizin istedadınız, fantaziyazınız sayəsində mümkündür. Hər şey belədir. Tərcüməçilik də, yazıçılıq da.


“Mən tərcüməçiliklə ailəmin minimal tələbatlarını ödəyə bilirəm”



- Nəzərə alsaq ki, ailəlisiniz, iki övladınız var… Kitab tərcümə edərək ailənin təlabatını ödəmək münkündürmü?

- O ailəni hansı səviyyədə dolandırmaqdan və kitabın həcmindən asılıdır. Mən tərcüməçiliklə ailəmin minimal tələbatlarını ödəyə bilirəm. Biz israfçılıqdan, izafi xərclərdən uzaq bir həyat yaşayırıq. İstirahətə, müalicəyə getmirik, təmir-filan etmirik, toylarda, qonaqlıqlarda, demək olar ki, iştirak etmirik deyə, bu vəsaitlə dolana bilirik. Bu dolanışı təmin etmək üçün ayda təxminən 100-150 səhifə çevirməli oluram.

- Başa düşürəm... Hansı yazarın və yaxud da əsərin təsiri ilə özünüzü yazar kimi sınamaq qərarına gəldiniz? Bəlkə hesab edirsiniz ki, yazar kimi fəaliyyət göstərsəniz maddi durumunuz yaxşılaşacaq? Bir həqiqət də var ki, yazarların da maddi vəziyyəti heç ürək açan deyil...

- Mənim xoşladığım yazıçılar çoxdur. Nabokovun şirin-ironiyaları çox xoşuma gəlir, Dostoyevskinin səbrli təhkiyəsini də bəyənirəm, son tərcümə etdiyim Tomas Vulfun qeyri-adi ifadə tərzinə vuruldum. Yazılarımda onların təsirindən, yəqin ki, qurtula bilməyəcəm, amma hər bir yazar mütləq mənada özünü ifadə edir və hər bir insan bənzərsizdir. Lap uşaqlıqdan həmişə ürəyimdə nəsə yazmışam. Hər hansı kitabı oxuyanda da, tərcümə edəndə də, paralel olaraq özüm də nəsə yazıram. Sadəcə bunların hamısını kağıza köçürməyə vaxtım, imkanım olmayıb. İndiyəcən beş-altı hekayə və povest, bir memuar yazmışam, hazırda da bir memuar-roman işləyirəm. Kim özü nədirsə, yazdıqları da odur. Maddiyyata gəldikdə, indiyə qədər yazıçı ola bilməməyimin səbəbi elə maddi durumumla bağlıdır. Kasıbçılıq yazıçılıq üçün diskomfort yaradır. Mən potensialımı və enerjimi əsasən, tərcümələrə xərcləyirəm və bununla minimum ehtiyaclarımı təmin edirəm. Ac qarına şedevr yarada bilmərəm, xüsusilə də, elə bir dünyada, elə bir mühitdə ki, yaxşı yazmaq işin heç on faizi deyil. Bu gün tənqidçilər məndən qat-qat zəif yazanların haqqında fikir söyləyir, amma məni görmək istəmirlər. Gərək onlara qonaqlıq verəm, mənimsə buna imkanım yoxdur. Sadəcə, yaxşı yazmaqla dünyaya çıxmaq da mümkün deyil, bununçün səni dünyaya təqdim etməlidirlər. Bizdə isə daha çox sözə baxan və sahman adamların yazdıqları tərcümə etdirilir və hansısa toplulara saldırılır. Ya da hansısa məmur-yazıçının əsərlərinə xaricdə lobbiçilik edilir. Amma nəticə yoxdur və olmayacaq da.

- Nadir müəllim, sağolun təşəkkür edirəm...

- Sağ olun.

Xəyalə ƏLİHEYDƏR / İnform.az

Baxış sayı: 1061