Gündəm, Şərhlər
11.08.2015 / 09:28

İki gəncin manifesti…

İki gəncin manifesti…
Aqil CAMAL / İnform.az


Ölkə gündəminə bomba kimi düşən o ağır faciə... “Qəbələ”nin qələbəsinin üzərinə qan yağışı kimi çilədi. Cavid Hüseynov - Fəxr yerimiz, iftixar ünvanımız bir anda, qınaq, ittiham obyektinə çevrildi.
Hər dəfə ictimai cizgisi olan insanla bağlı belə hadisələr baş verəndə, ondan öz mənfəətləri üçün istifadə edənlər ortaya çıxır. Bu hal yenə də, təkrarlandı. “Daha bir jurnalist peşə fəaliyyətinə görə öldürüldü” deyə.
Bəli, Rasim mediaçı idi. Mən Rasimi kənardan tanıyırdım, amma radikal media yazarı kimi yox, fotoreportyor kimi. Rasim jurnalist fəaliyyətinə görə zorakılığa məruz qalmayıb. O, hadisəyə səbəb olmuş fikirlərini bir jurnalist olaraq, hansısa media orqanında yazmayıb. Hamı kimi, Facebookda paylaşıb və Facebookda yazdığı statusuna görə qəzəbə tuş gəlib. Təbii ki, bu daha qorxuncdur. Deməli, tək jurnalistin deyil, hər bir sosial şəbəkə iştirakçısının yazdığı rəyə görə cəngəllik qanunları qarşısında "məsuliyyəti" var.
Rasimin Cavid haqqında yazdığı statusda təhqir vardı, amma onun öldürülməsinə, hətta vəhşicəsinə döyülməsinə səbəb olacaq həddə yox. Ümumiyyətlə, sivil cəmiyyətlərdə belədir ki, tanınmış, məşhur insanlar cəmiyyətdən onlara göstərilən reaksiyalara dözümlü yanaşmalıdırlar. Ünlü şəxslərə təkcə sevgi izhar olunmur, yeri gələndə tənqid, təhqir də sıraya girir.
Bəs dövlət nə üçündür? Niyə qanunlar, dövlət qurumları olan yerdə münasibətlər cəngəllik qanunları ilə aydınlaşdırılmalıdır? Təhqir varsa, bunun da hüquqi cəzası var. Tanınmış, ünlü insanlar isə xırda hisslərlə yaşamamalı, tənqidə, təhqirə dözümlü yanaşmalıdır. Baxın, dünyaya siyasətçilər, dövlət xadimləri, sənətçilər, idmançılar haqqında nələr yazırlar, necə videolar, karikaturalar çəkirlər, şəkillərini montaj edirlər... Yəni, dünyada belədir. Sən də bir məşhur olaraq ya üzdə olmağı qəbul edəcəksən, ya da kəndinə dönüb qürurunun keşiyində duracaqsan, çomaqla…
Mövzu ilə bağlı bəzi mülahizələrdə Cavidin atasının şəhid olmasına diqqət çəkilir. “Cavidin atası döyüşüb şәhid olanda, indi onu ittiham edənlərin çoxunuzun dәdәsi hardasa gizlәnmişdi”.
Axı, Cavidin atasının şəhid olması, onun müdafiəsi üçün hüquqi və mənəvi əsas yaratmır. Ötən il Bakıda məscid partladan PKK terrorçusu Namiq Nəsibovun da atası şəhiddir, üstəlik Milli Qəhrəmandır. Yəni, bu imtiyaz başqa birisinin həyatına soy qoymağa haqq vermir. Bununla belə çox arzulayıram ki, Cavidin bu işin sifarişçisi olduğu üzə çıxmasın. Çünki heç kim karyerasının yüksələn vaxtında, hər kəsin sevgisini qazandığı bir dönəmdə belə zərbə alıb, çəkdiyi əziyyətləri heçə döndərmək istəməzdi… Biz bir hadisə ilə iki işıqlı, perspektivli gəncimizi itirdik. Onların hər ikisi bu xalqa, bu ölkəyə lazım idi.
Rasimin həyatını itirməsinin yarı səbəbkarı da məsuliyyətsiz, qansız həkimlərdir. Həkimlərin düzgün diaqnozu və vaxtında tibbi müdaxiləsi olsaydı, bəlkə də bu faciə yaşanmazdı.

Baxış sayı: 1849