Rəsmi
11.08.2015 / 09:21

Azərbaycan Respublikası Prezidentinin Sahibkarlıq sahəsində Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Sahibkarlıq sahəsində FərmanıAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bənddə “5.5-5.7-ci” sözləri “5.5-ci və 5.6-cı” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 5.7-ci bənd əlavə edilsin:

“5.7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Əsasnamənin 3.1-ci və 3.5-ci bəndlərində nəzərdə tutulmuş istənilən məsələ ilə bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər. Bu məqsədlə həmin məlumatlar Ədliyyə Nazirliyi tərəfindən Reyestrin internet şəbəkəsində yerləşdirilir.”.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2015-ci il.

İnform.az

Baxış sayı: 446