Gündəm, Şərhlər
10.08.2015 / 17:44

Könüllülər…. Şəhidlər....

Könüllülər…. Şəhidlər....
Xanəmir TELMANOĞLU / İnform.az


Ey yazarın yazısından özünə yorğan sırıyan, yaxud yırtığını yamayan kor yapalaq, sən heç yastığını gözlərinin giiziylə yırtdınmı nə vaxtsa?
Deyirər, indi bir jurnalist də öldürüldü.
Bu jurnalist ölümüdür. Onların ölümü fərqli olur yox, onların ölümü ayrı cür təsir bağışlayır. Üstəlik, o jurnalist öz əcəliylə deyil, “kənar qüvvəllərin” zövqüylə, barbarların əlində ölürsə, bu tamamilə ayrı bir ölüm olur.
Təbii ki, jurnalistin ölümü çobanın ölümü deyil.
Heç universitet rektorunun, orta məktəb müəlliminin də ölümünə bənzəmir.
Jurnalistin ölümü heç prezidentin ölümünə də oxşamır.
Hətta nə mollanın, nə məhkumun, nə hüquq müdafiəçisinin ölümünə belə yaxın düşmür.
Deyirlər, jurnalistin ölümü uzaq başı, dağlarda düşmənlə savaşan əsgərin şəhidliyinə daha çox bənzər.
Bir də ki, jurnalistin ölümü yalnız jurnalistin ölümüdür. Onun necə ölüb ölməməsindən asılı olmayaraq. Yox, amma... bu zorakılıqla bir qəzet işçisinin, xəbər yazanın, yazı qələmə alanın, mətbuata can verənin ölümü, heç jurnalistin də ölümü deyil. Bu yerdə onun ölümü öz ölümlüyündən də çıxır. Öz ölüm çərçivəsini və məngənəsini qəbul etmir, bəyənmir, sığımır...o jurnalist ölümüdür... onunla hesablaşmaq məcburiyyətindəsiniz...
Jurnalistlər niyə səhərdən axşama bu ölkənin canına düşüb elə hey nədən olursa olsun, yazırlar. Yazmaqdan bezmirlər. Onlar niyə yazırlar. Onları kimsə, nə vaxtsa, yəqin dünyanın başı üzərində ən qorxulu kabuslar dolaşdığı zamanların birində elə beləcə də qiymətləndirmişdi: Jurnalistlər cəmiyyətin həkimləridir. Daha doğrusu, jurnalistlər bu cəmiyyətə hər zaman doğru təşhis (diaqnoz) qoymuşlar. Cəmiyyət öz qan analizini yalnız tarix boyunca qələm sahibinə, özəlliklə son 2 əsrə yaxındır ki, mətbuat adamına, jurnalistə həvalə edir, əmanət edir. Daha doğrusu etibar edir. Cəmiyyətin qanındakı ilk viruslardan, laxtalanmalardan, qan xərçəngindən xəbər verən yenə də jurnalist əhlidir. Onları siz sevməyə də bilərsiniz, zəhləniz də gedə bilər. Ancaq onları, onların varlığını, kimliyini, cəmiyyətdəki yerini, Allah qatındakı məkanını, mahiyyətini qəbul etməyə məcbursunuz deyirəm. Sizin, cəmiyyətin orqanizmindəki fəsadlardan və onların gələcək əndişələrindən ilk xəbəri verən, verməklə qalmayıb, üstəlik onun necə müalicə olunmağından canını oda-közə ataraq durmadan tənginəfəs olan onlardır, jurnalistlərdir. Bəs onların xəstələri müalicə olunduğu halda, qalxıb da öz həkimini öldürməsinə, qətl etməsinə, tam rəzalətlik göstərməklə vəhşilik nümayiş etdirməyinə nə ad vermək və yaxud necə haqq qazandırmaq mümkün?
Deyirlər, bu ölkənin mənəviyyat, zehniyyət carçıları olan, düşüncələrimizin həkiminə qarşı cəmiyyətin içərisindən, xəstələr tərəfindən işlədilən əxlaqsızlıq, tətbiq olunan metod yalnız cinayətkarlıq ünsürü kimi qalmamalı, əksinə bir heyvanlıq statusuyla da yad edilməlidir.
İstənilən cəmiyyətin, istənilən ölkənin azadlıq sipdomları, azadlıq varidatları ilkin olaraq jurnalistlərin, qələm adamlarının sayəsində, vasitəsiylə formalaşır, yetişir, özünü təstiqləyir. Çağdaş dünyada onların rolunu dərk etmirsinizmi? Çağdaş dünyanı onlarsız necə təsəvvür edə bilərsiniz? Onlar cəmiyyətlə dövlət arasında bir ritm sağlar, bütövlük oluşdurarlar.
Yer üzünün tək peşə sahibidirlər ki, onlar bizzat insanlığa azadlıq istəyir, o azadlığın alınması, şəkillənməsi yolunda bütün mərhumiyyətlərə qatlaşırlar. Jurnalistlər bütün olan qalan çabalarını, enerjilərini, varlıq ağırlıqlarını bu cəmiyyətin özgürlük yolundakı mücadiləsinə canla başla xərcləyirlər.
Deyirlər, onlar kimi qorxmaz, onlar kimi cəsur varlıqlar yer üzündə qarşınıza çıxmaz. Onları cəsur, mərd, qorxmaz edən, onların peşələridir. Dünyayla, insanlarla, cəmiyyətlərlə, xalqlarla, ölkələrlə əlaqədar ilk və çarpıcı informasiyalar, özü də o xəbərlərin çoxunluğa, cəmiyyətə, sistemə ötürülmə yolları, necə verilmə metodu onlardan, jurnalistlərdən çıxır, yayılır, yerini tapır, hədəfinə ulaşır.
Deyirlər, amma gəl də, gör, bu ölkədə yazı-pozu əhlinə qarşı olan münasibət nədən tez-tez belə qanlı-qadalı olaylarla nəticələnir. Jurnalist xeyli xəbərlər basrığında, məlumatlar əhatəsində getdikcə özgürləşir, fərdi qorxusunu üzərindən atır, içindən çıxarır. Bu cür xarakteristika gətirib, jurnalistin öz həqiqətlərini və bunların işığında kimliklərində bütövlük qazanan həssasiyyətlərini cəmiyyətə, xalqa, millətə verməklə nəticələnir. Beləcə həm də jurnalist tənhalaşır. Bu yerdə tənhalıq jurnalistlə qaçdı-qovduya çıxır. Onun hər iki yönü, hər tərəfi, hər cəhəti insanlığa doğru uzadılır. Onun hər iki əli də verməklə, ötürməklə məşğuldur. Yazı, fikir əhli verdiklərinin yerində öz şəxsi tənhalığını gördüyü qədər cəmiyyətə ötürdüklərinin halallığına qurban gedir bu ölkədə. Onun cəmiyyətə verdiklərinin fonunda yaranan tənhalığında qəfil cəmiyyət, insanlar, xalq öz təkliyini, cılızlığını, tərbiyəsizliyini görəndə, əllərimizi dizlərimizə vurmalı olacağıq. Çünki jurnalistin, yazarın təkliyi, tənhalığı cəmiyyətə nəsə götürməyində, verməyində əxlaq, əxlaq, əxlaq şəklində təzahür edir.
Deyirlər, yazarı öldürmə. Sənə haqqı söyləyən, həqiqəti çatdıranın kim olduğunu bilsən, özünün ona qarşı olan əsəbiyyətinə nifrət edərsən. Onun səni qoruduğu qədər, kimsə qorumayacaq. Yazarın varlığına sırıdığı xalqın, insanlığın, cəmiyyətin asayiş prinsipi heç bir faktla dəyərləndirilməz, ölçüyə gəlməz. Çünki o, bütün bunların müqabilində öz tale tənhalığında xalqın özgürlüyünü, cəmiyyətinin azadlığını, ölkəsinin oyaqlığını tapır. Onun tapıntısına qarşı vəhşilik etməyin, lütfən. Axı, o tapdıqlarını yenə harada olsan gətirib sənə verməkdə ilkdir, birincidir və könüllüdür. Bütün könüllər bəri başdan şəhadət şərbətini içmişlərdir, qafil....
Deyirdilər.... çox söz deyirdilər...
Bəs bilirdinmi könüllülər kimlərdir? Bu barədə o gün vəhşicəsinə döyülərək zorbalar tərəfindən öldürülən jurnalisti düşün....o cavan qəzetəçini... Rasim Əliyevi xatırla....

Baxış sayı: 499