Ozümüzdən, Baş xəbər, Müsahibə, Ədəbiyyat
10.08.2015 / 14:52

Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir”

Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir” Bu gün Ustad Əlisa Nicatın doğum günüdür. Bu Böyük İnsan, paytaxtda deyil, əyalətdə dünyaya göz açsa da zəkası, elmi və yazdığı əsərləri sayəsində Bütöv bir Azərbaycan oldu. Zaman-zaman haqsızlıqlarla üzləşsə də, sıxışdırılsa da, ona biganə yanaşılsa da bütün bunlardan sıxılmadı və nəhəng əsərlər yaratdı. Hələ bolşeviklərin hakimiyyəti illərində Azərbaycan “Şumerlər Türkdür” deyən bu adam, məhz bu sözünə görə amansız təqiblərə məruz qalıb. Təsədüfi deyil ki, bəndənizin yazmış olduğu “Böyük türklər” əsərində də bu Böyük Türkün həyat və yaradıcıllığı öz əksini tapıb.
Əlisa Nicatın ad günü ərəfəsində İnform.az-ın yeni “Özümüzdən” layihəsinə redaksiyamızın ağsaqqal yazarlarından olan Ustadla başladıq. “Özümüzdən” layihəsinin mahiyyəti öz kollektivinin suallarını cavablandırmaqdan ibarətdir. Əlisa Nicatın da əməkdaşlıq etdiyi İnform.az kollektivinin suallarına verdiyi cavabları Ustadın ad günündə sizlərə təqdim edirik:



Həbib Ələkbərsoy: - Əlisa müəllim, əvvəla ad günü münasibətilə sizi təbrik edir, uzun ömür can sağlığı və bol yaradıcılıq illəri arzu edirik. Hazırda kamillik və müdriklik dönəmini yaşayırsız. Çox xoşbəxtik ki, sizinlə eyni dövrdə yaşayırıq. Nə yaxşı ki, elə sağlığınızda sizin qoyduğunuz “sərvətdən” istifadə edə bilirik. Əhvalınız necədir?

Əlisa Nicat: - Əvvəla sizlərə təşəkkür edirəm, bu cür xoş sözlər üçün. O ki, qaldı əhvalıma, onu deyə bilərəm ki, əla deyə biləcək qədər yaxşıyam. Ailəmin dolanışığı və firavan yaşaması üçün hər şey var. Tam səssizlik və sakitlik içində yaşayıram. Sanki, yolun sonundur və o yana yol yoxdur. İndi istədiyim filmləri və musiqiləri əldə edə bilirəm. Əvvəllər bu mümkün deyildi və mən də həvəskar idim belə şeylərə. Elə ki, fürsət yarandı, min ədəd film kasseti aldım. Dönə-dönə bu filmlərə baxdım və əksəriyyətini dost-tanışa hədiyyə etdim. Məncə, insana xoşbəxtlik üçün bundan artıq heç nə lazım deyil. Düzdür, ən böyük arzum uzaq bir kənd evində iki otaqlı və elektiriki olan bir evdir. Son yazımda da qeyd etdim ki, kaş mən eston və çex olaydım. Elə olsaydı yəqin ki, mənim bu arzum yerinə yetərdi. Elə olsaydı, hər gün çaya qarmaq atıb kainata baxıb qalan ömrüm haqda düşünərdim. Bütün bunlara baxmayaraq, yenə də hər şey yaxşıdır.

Həbib Ələkbərsoy: - Əlisa müəllim, millətimiz onsuzda sizə qəlbində abidə qoyub. Bəs dövlət sizə hansı adları verib?

- Mənim belə şeylərdə gözüm yoxdur və heç razı da deyiləm də ki, mənə ad verilsin. Ancaq bir dəfə Elmlər Akademiyası Rəyasət Heyyətinin iclasında təxminən 2000-ci ildə Fəlsəfə Elmləri Doktoru adını verdilər. Bu ad mənə kifayət edir.

Həbib Ələkbərsoy: - “Ehram”da yazırsınız ki, “Ehramın həyətindəki bağda arılar başqaları üçün bal toplayırdı”. Bütün arılar balı başqaları üçün toplayır, ya bu ancaq sahibli arılara aiddir?

- Bal deyiləndə hərə başqa cür başa düşə bilər. Bütün dünyada cəmiyyətlər özünü qorumaq üçün müxtəlif sferalar yaradır. Bu, belə də olmalıdır.
Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir”
Həbib Ələkbərsoy: - Əlisa Nicatın hər biri 100 tiraj olmaqla, külliyatı nəşr edilir. Nəşriyyatçının israrına baxmayaraq, siz tirajın artmasına imkan vermirsiniz. Bunu niyə edirsiniz?

- Mən dəfələrlə demişəmki, o külliyatın 100 nəfər abunəçiləri ki, var bax, mənim xalqım həmin həmin o 100 nəfərdir. Ümuniyyətlə isə, mənim üçün Azərbaycan xalqı min nəfərdən ibarətdir. O min nəfər ki, ətrafda nələr olduğunu başa düşür, dünyanın mənzərəsini düşünür və bilir. Ən əsası isə təbiət qanunlarının əksinə getmir. Beləsi də, Azərbaycanda ən uzağı min nəfər olar.

Həbib Ələkbərsoy: - Sizə Şərqin Kafkası deyirlər. Bütün böyük sənətkarlar kimi sizin də əsərləriniz az çıxır. Əlisa Nicat araşdırıldıqca, insanlar bu əsərlərdən necə istifadə etsin, onları necə anlasın?

- Nitşe mənim üçün dünya fəlsəfi fikrinin, Kafka isə dünya ədəbiyyatının cövhəridir. Bu iki insanı və onların əsərlərini tanıdıqdan sonra mənim həyatımda köklü dəyişiklik olub. Hərəsi öz sahəsində ən amansız həqiqətləri deyib. Kafkanın ən böyük əsəri olan “Qəsr”də bir yerölçənin qəsrə girmək istəyindən söz açılır. Yerölçən nə qədər çalışsa da, qəsrə daxil ola bilmir. Qəsrin qapısına da italyan qoyublar. Bunu da Kafka qəsdən edib. Çünki Şopenhauer deyir ki: “Dünyada ən həyasız və sırtıq xaqlardan biri də italyanlardır”. Məhz bu italyanın həyasızlığı sayəsində yerölçən qəsrə girə bilmir. O, qəsrdə olan böyük bir adamın adından kağız göstərsə də, qapıçı müxtəlif bəhanələrlə onu içəri buraxmır. Roman bunun üzərində qurulub. Bəs romanın mahiyyəti nədir? Yerölçən cavan mütəxəssisdir və o, bilir ki, qəsrdə hamı bizim kimi çay deyil, konyak içir. Bir zamanlar Azərbaycanda da belə bir hadisə olub. Ancaq qəsrdən fərqli olaraq, konyak əvəzinə pivə olub. Bax bu cavan da gözəl yaşamaq istəyi ilə qəsrə daxil olmaq istəyir. Qəsrdən kənarda olanlar nəyə imkanı çatırsa onu yeyir, ancaq, qəsrin içində nə istəyirlərsə onu. Bir növ indiki Kreml və ya Ağ ev kimi. Dünyada elə bir cavan yoxdur ki, bu cür yaşayışa can atmasın. Bütün Kafka yaradıcıllığı o məsələnin üzərində qurulub ki, böyük və nadir insanlara qarşı cəmiyyət amansız davranır. Nitşe deyir ki: “Həqiqətin arxasında güc olmalıdır. Güc olmasa o həqiqət məhvə məhkumdur”. Nitşe bu kimi həqiqətləri Kafkadan daha əvvəl deyib. Ancaq Kafka kimi dahi heç vaxt heç yerdə Nitşenin adını çəkməyib. Bu çox təəccüblüdür. Bu hal eyni zamanda Nitşedə də var. Nitşedən əvvəl yaşamış alman filosofu Ştirner olub. Bu adam anarxizmin banisidir. Ştirneri Almaniyada elə bir genə qoyublar ki, axırı həbsxanaya düşüb və orada bir eşşək arısının sancması ilə ölüb. Onun “Şəxs və onun mülkiyyəti” adlı məşhur əsəri var. Əsərin mahiyyəti ondan ibarətdir ki, onun mülkiyyəti toxunulmazdır və insan nə istəsə edə bilər. Yəni müasir dillə desək anarxizm. İndi bu nəzəriyyənin tərəfdarları azdır. Nitşe də məhz Ştirnerdən çox təsirlənib. Nitşe şifahi halda ondan soruşanlarda həmişə Ştirneri məsləhət görüb, ancaq, bunu heç vaxt yazılı şəkildə etməyib. Yəni yazılı halda Ştirneri ustad kimi qəbul etdiyini qeyd etməyib. Sovet dönəmində Kafkanı elə hey söyürdülər və ona “xəstə” deyirdilər. Ancaq sonda gördülər ki, bütün dünya bu insanın əsərlərini nəşr edir, bunlar məcbur qalıb nəşr etdilər. Məhz həmin dövrdə Kafkanın əsərini aldım. Sonra düşündüm ki, birdən bu əsər itər və mənim ürəyim dayanar. Gedib başqa vasitələrlə daha ikisini aldım və bundan sonra rahatladım. Birini rəhmətlik Məmməd Arazın köməyi ilə əldə etmişdim. Onu da deyim ki, Kafka mənə çox zərər vurdu. O mənada ki, saçımı vaxtından əvvəl ağartdı. Bundan sonra həyatın mənasını anladım.

Tahirə Qafarlı: - Müdrik Əlisa Nicat həyatın mənasını necə ifadə edərdi?

- Həyat mənasız və boş şeydir. Heç Allah insanı nə üçün yaratdığını məncə bilmir. İnsanı yaradıb sonra ona yüzlərlə xəstəlik verilməsində məntiq yoxdur. Onsuz da bu canlı maksimum 70-80 il yaşayacaqsa, imkan verin rahat yaşasın.
Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir”
Tahirə Qafarlı: - Xəstəliyi insan özü tapır ya Allah verir ona?

- Axı mikroblar insandan kənarda mövcuddur.

Həbib Ələkbərsoy: - İnsan ömrü ilə əlaqədar sizin bir nəzəriyyəniz var. Deyirsiniz ki, bütün canlıların bir aşağı, bir yuxarı bəlli bir ömrü var. Ondan kənara çıxma yoxdur. Ancaq insanda belə deyil. Yəni, insanlar müxtəlif yaş dövrlərində qocalıb vəfat edirlər. Bunun fəlsəfəsini açmısınız...

- Bəli elədir. Bütün canlılar bəlli bir zaman dilimində və bəlli yaş dilimində yaşayıb, həyatlarını başa vururlar. Məndə bir kitab vardı, orada uzun ömür yaşayan insanların siyahısı vardı .Məsələn, orada 200, 300, 400, hətta 500 il yaşayan insanların adları və qəbirlərinin harada olması yazılmışdı. Buradan belə çıxır ki, insanın nə qədər yaşaması üçün müəyyən edilmiş hədd yoxdur. İnsandan başqa heç bir canlı ölümü hiss etmir. Onlar öləndən sonra nə olacağını da bilmir. Ancaq bütün bunları insan bilir. İnsanın bunu bilməsi dəhşətdir. İnsanlar bilsə ki, məsələn 90 ildən çox yaşamaq mümkün deyil, onda hamının ürəyi dayanardı. İnsanın ölüm vaxtının bilinməməsi onun rahat və arxayın yaşamasına şərait yaradır. Mən əminəm ki, insan nə qədər yaşamaq istəyirsə, o qədər də yaşaya bilər. Bu insanın öz əlindədir. Təsadüfi ölümləri çıxmaq şərtilə, məncə insan nə qədər istəsə o qədər də yaşaya bilər.

Tahirə Qafarlı: - Əlisa müəllim, həyatını keşməkeşlərlə zəngin keçirib. Bütün bunlara baxmayaraq, varmaq istədiyiniz yerə varmısınızmı? Ümumiyyətlə, həyatınızın mənası nə oldu?

- Az öncə dediyim kimi o kitabları əldə etdikdən sonra mənim üçün hər şey aydın oldu. Əvvəlcə ilk hüceyrənin necə yaranmasını öyrəndim. Daha sonra o ilk hüceyrənin necə ölməsi maraqlı idi. Freyd bunu dahiyanə şəkildə izah edib. Bütün zərərli şeylər və eyni zamanda həzz aldığımız hər şey insan orqanizminə ziyandır. Bütün bunları 40 il əvvəl Freydin “Həzzin o biri üzü” əsərini oxuyandan sonra anladım. İnsanı öldürən şey ona ləzzət verir. Niyə? Ona görə ki, o ey insanı öldürür. Bəs bu necə olur ki, insanı öldürən şey ona həzz versin? Bax bunu Freyd gözəl izah edib. Belə ki, ilk mikroskopik canlılar yaranırdı və bir anda da ölürdü. Onların qida qəbul etməsi və yaşamları çox əzablı olurdu. Əzabı görən bu canlılar tez əvvəlki vəziyyətlərinə, yəni cansız vəziyyətə qayıtmaq istədilər. Daha sonra isə ölümə qayıtma prosesi ləngidi, yəni bu canlıların həyatı uzandı. Sonda gəlib indiki vəziyyətə çatdı. Freyd bunu bu cür izah edir ki, həmin yox olma istəyi ilk canlıdan ta indiyə kimi insanın genində qalıb. Yəni, həzz aldığı şeylərin onu öldürməsinə çalışır. Buradan belə çıxır ki, ölümə qayıtma prosesi insana ləzzət verir.

Xalidə Xalid: - Hamı bilir ki, Əlisa Nicatın dini baxışları fərqlidir. Dinlər, daha sonra isə hər dinin təriqətləri, məzhəbləri yarandı. Hər bir dinin də özünəməxsus insanlıq konsepsiyaları var. Bir filosof olaraq, Əlisa Nicat üçün insanlıq fəlsəfəsi, insanlıq konsepsiyası nədir?

- Ümumiyyətlə, din avam insanlar üçündür. Ancaq bununla yanaşı, mənim şəxsən Həzrəti Əliyə bir mütəfəkkir kimi böyük hörmətim var. Eyni zamanda da Məhəmməd peyğəmbərə praktik və ağıllı adam kimi rəğbətim var. Heç nə olan bir xalqı yenidən yoğurub qüdrətli sivilizasiya yaratmaq böyük işdir. Lap çoxdan Həzrəti Əlinin kəlamlarından ibarət olan bir kitabı Səudiyyə Ərəbistandan gətizdirib, tərcümə etdirib “Turan” jurnalında dərc etdirmişdim. Mən özüm dindar deyiləm. Mən yaradılış haqda çox düşünürəm. Necə ola bilər ki, Allah deyilən varlıq bu kainatı yaratsın. Düşündükcə də görürəm ki, bunun heç bir mənası yoxdur. Əvvəl-axır bütün qalaktikaların sonu gələcək. Necə ki, əvvəli bir partlayışdan yaranıb. Allah insanı yaradıb ki, bu boyda həngamənin bir tamaşaçısı olsun. Mən başa düşə bilmirəm ki, 30 mln qalaktika Allahın nəyinə lazımdır. Gərək bir qalaktika olardı. İnsanı yaradıb 60-70 ildən sonra öldürməyin nə mənası var? Arsitotel “Metafizika”da yazır ki, Allah çox güman ki, mürgü vurur. Bu fikir mənə ləzzət verir. Hər şey atomdan ibarətdir. Atom da hissələrdən ibarətdir. Atomun ömrü protonun ömrüdür. Onun ömrü də ki, 28 mld ildir. Dolayısı ilə kainatın ömrü 28 mld ildir. Bundan hər şey yox olacaq. Ola bilər ki, bir müddət sonra səmadə heç bir ulduz olmasın. Çünki hazırda gördüyümüz ulduzlar yerdən sürətlə uzaqlaşır. Kainat haqda iki fikir var. Biri odur ki, bu cür partlayışlar daim və əbədiyyən davam edəcək. Bu fikir atom nəzəriyyəsinə ziddir. Başqa bir nəzəriyyəyə görə, kainat genişlənir. Bu genişlənmə də geriyə qayıdışla əvəz olunacaq. Bu nəzəriyyəyə görə, insanların yenidən dirilməsi də bu cür olacaq. Yəni, ən sonu insan nəsli qoca olaraq yaranacaq və geriyə, yəni sürətlə cavanlaşmağa başlayacaq və sonda yox olacaq. Bu prosesi ondan sonrakı insan davam etdirəcək. Din buna “Qiyamət günü” deyir. Bu haqda mənim fantastik bir hekayəm də var. Bu yaxınlarda ABŞ-da nəşr olunacaq. Orada da çox bəyəniblər hekayəni. Hekayədə varlı və dərrakəli filosofun cavanlaşmaq istəyindən, yəni zamanı geri qaytarmaq istəyindən söhbət açılır. Bu filosof bir fizikdən zamanı geri qaytarmağın düsturunu alır və praktikada həyata keçirir və yox olur. Filosofun yadından çıxan məsələ isə o olur ki, geri qayıtma prosesini istədiyi zaman saxlasın.

Xəyalə Əliyeva: - Kafka vəfat edəndə vəsiyyət edib ki, bütün əsərləri yandırılsın. Ancaq, dostu onun bu vəsiyyətinə əməl etməyib. Düşünürmüsünüz ki, əgər Kafkanın əsərləri yandırılsaydı bu ədəbiyyatın faciəsi ola bilərdi?

- Əlbəttə bu dəhşətli olardı. Təsəvvür edinki, mənim həyatımın bir sütunu olmazdı. Dünya ədəbiyyatının ləzzəti olmazdı. Düzdür, ədəbiyyatda Prust və Coys kimi nəhənglər var. Ancaq Kafka tamamilə başqadır.
Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir”
Xəyalə Əliyeva: - Dini dünyagörüşünüzə Nitşe nə qədər təsir edib?

- Necə ki, Nitşe Şopenhauer haqda ona “tərbiyəçim” deyirsə, mən də Nitşe haqda belə deyirəm. Əlbəttə, Nitşe mənim dünyagörüşümə böyük təsir edib. Ancaq, bununla yanaşı məndə bir fərqlilik var. Mən əminəm ki, insan öz iradəsi ilə hər şeyə nail ola bilər. Ancaq Nitşe və Kafkada bu yoxdur. Kafka deyir ki: “Gördün iki nəfər bir-birini qovur, onların işinə qarışma”. Daha sonra isə ustalıqla onun bəlkələrini açır. Yəni, həyatın heç bir hadisəsini dərk etmək olmur. Bu mümkün deyil. Dinin bəzi hökmləri məncə lazımsızdır. Məsələn, oruc tutmaq kimi. Axı Allahın nəyinə lazım hardasa hansısa canlı gündə üç dəfə yox, iki dəfə yeyir? Üç dəfəyə yediyin qidanı iki dəfəyə yeyirsən. Nə fərqi var? Şimali Amerikaya düşən asteroid bütün canlıları məhv edib. Günəş bir il ərzində tozdan görünməyib. Ancaq, bəzi məməlilər qaranlığa uyğunlaşaraq sağ qala biliblər. Günəş görünəndən sonra onlardan da digər canlılar yaranıb. Yəni, prosesə Allahın qarışması absurddur.
Bu haqda mənim pritçam da var. Məğzi belədir ki, Allah baxır görür yerdə insanlar var. Və görür ki, iki ayağı üstə qalxmış bu dördayaqlılar axmaq işlərlə məşğuldurlar. Allah mələklərdən soruşur ki: “Bunlar kimdir və necə yarandılar?” Mələklər cavabında deyirlər ki: “Sən mürgü vurduğun zaman yarandılar”. Allah təəccüblənib insanları yox etmək istəyəndə mələklər təzədən deyirlər: “Onlara dəyər verməyinə dəyməz. Onsuz da özləri özlərinin axırına çıxacaqlar”. Quranda Allah işıq, nur şəklində təsvir edilir. Bu bənzətmə bir az müəmmalıdır, yəni tam açılmır, bu fikirdə Allah məhfumu. Qədim yunanlar isə Allaha “Nus” deyiblər. Yəni, ağıl. Bu kəlmə ağlabatandır. Mən bir ağıllı dindardan bu haqda soruşanda, mənə məsələnin üstünə getməməyimi tövsiyyə etdi. Məndə ona dedim ki: “Mənə maraqlıdır axı”. Bu bir növ ilk atomu partlatmaq istəyən italyan fizikinin marağı kimidir. Ona deyəndə ki: “Axı görəcəyin iş qorxuludur, bəşəriyyətin yox olma təhlükəsi var”. O, cavab olaraq demişdi ki: “Mənə maraqlıdır axı”. Ümumiyyətlə, insan beyninin çəkisi 1,6 kq-dır. Qadınlarda bu göstərici 1,4 kq-dır. Ancaq bunun da 80%-i işləmir. Yəni, insan öz beyninin 80%-dən istifadə etmir.

Rəşad Sahil: - Əlisa müəllim, 2003-cü ildə qadınlar haqda bir yazınız vardı. Həmin tənqidi yazınız o dövdə çox ciddi narazılıq yaratmışdı və həmin yazıya görə sizə qarşı çoxlu hücumlar oldu. O, yazıdakı qadınlar haqda fikirləriniz dəyişibmi?

- Qadınların arasında praktiki ağıldan istifadə edənlər qat-qat çoxdur. Rüstəm Zalla bağlı məşhur əfsanədə qadının ağlı gözəl təsvir edilib. Bilirsiniz də, ilk canlılarda cins olmayıb, onlar bölünmə ilə çoxalıblar. Təbiətə kişilərdən fərqli olaraq, qadınlar üçün ayrı funksiya verib. Məsələn, kainatın sirlərini öyrənmək, qalaktikaları tədqiq etmək kimi işlər qadınların işi deyil.

Xalidə Xalid: - Əlisa müəllim, günümüzdə fəlsəfə məktəbində öz davamçınızı görürsünüzmü? Azərbaycan fəlsəfə məktəbində niyə durğunluqdu?

- Bilirsiniz, peşəkar filosoflar var hazırda. Ancaq onlar ənənəvi yolu davam etdirirlər. Belələri “Hegel yolu”nun davamçılarıdır. Məsələn, Azərbaycan yazıçıları olan Anar, Əkrəm və s-ləri üçün Kafka yazıçı deyil. Ümumiyyətlə, iki cür ədəbiyyat var. Bir var görünən ədəbiyyat, bir də var görünməyən. Heç yanda Kafkanın təsvir etdiyi qəsr yoxdur. Və ya Kafkanın “Proses”i. Bu əsərin mənası nədir? Əsərdə demək istəmir ki, hər bir vətəndaş ayrılıqda dövlət üçün təhlükəlidir. Dövlət elə ki, gördü kiminsə təhlükəliliyi artdı dərhal aradan götürür. Təhlükəli olmayanlara isə yaşamağa icazə verilir. Baxın bu gözə görünməyən ədəbiyyatdır.
Mənim hazırda 20-25 sadiq tələbəm var. Biz hər ay onlarla görüşürük. Hamısı Kafkanı və Nitşeni sevir. Əsas olan bu deyil ki, kimsə filosof olsun. Əsas olan hadisələri sağlam düşüncə ilə ölçüb-biçəsən. Ən böyük xoşbəxtlik gözəl zövqə sahib olmaqdır. Gərək yaxşı əsəri, pisdən ayıra biləsən. Məsələn bizimkilər gedib neçə illərdir ki, “Leyli və Məcnun”a baxıb ağlayırlar. Heç kim oradakı musiqidən zövq almır. O əsərin də mənası və məğzi məhz həmin o musiqilərdir. Leyliyə elçilər gələndə “dəlidir” deyib vermirlər. Həmin yerdə musiqi sınır. O hissə dəhşətdir. Üzeyir bəy bunu çox gözəl yaradıb. Ancaq insafən deyim ki, Korsikov da “Şəhrizad” simfonik əsərində belə bir şeyə əl atıb. Bəlkə də dahi Üzeyir bəy o əsərə qulaq asaraq, ordan təsirlənib. Əsərdə Bağdadda axşamın düşməsi də məhz belə təsvir edilir. Həyat məhz budur. Gərək belə şeylərdən zövq alasan.

Mədinə Abbasova: - Azərbaycan cəmiyyətində özünüzə qarşı layiqli diqqət görürsünüzmü?

- Mən məhz buna görə xoşbəxtəm. Əgər mənə diqqət və qayğı olsaydı, onda mən indiki Əlisa Nicat olmazdım. Məni dostlarım 4-5 dəfə zəhərləyiblər. Belələrinə qalib gəlmək üçün gərək ağılca onlardan üstdə olasan. Dəfələrlə olub ki, keçmiş Raykom işçisi dostumun yanına girən kimi səsimi yazmaq üçün aparatı işə salıb.

Xalidə Xalid: - Bu gün AMEA Fəlsəfə İnstitunda aparılan elmi araşdırmalar sizi qane edirmi?

- Düzünü desəm, mən lap əvvəllər onları “Turan” jurnalında mökəm tənqid etmişdim. Məqalənin adı da “Fəlsəfə fikrinin yoxsulluğu” idi. Orada qeyd etmişdim, sözü gedən institutda fəlsəfədən başqa hər şeylə məşğuldurlar. Ancaq sonradan rəhmətlik Ağayar Şükürovun təşəbbüsü ilə mənə ad verdilər. Orada Əli Abbasov kimi peşəkar filosoflar var. Ancaq hələ də təəssüf ki, köhnə ənənələr davam edir. Onlar Şopenhaueri, Nitşeni oxuyub əxz etməyiblər. Nəinki onlar, heç bir alman Nitşeni mənim qədər oxumayıb.

Səmra Kərimli: - Bu qədər filosofun içində nəyə görə Aristotelə üstünlük verirsiniz?

- Lap əvvəllər Platonun dəlisi idim. Hazırda Platonun bir əsərini tərcümə etməklə məşğulam. Çox dəyərli əsərdir. Sonradan Platonun bəzi fikirlərinə görə, uzaqlaşdım ondan. Məsələn, o deyir ki: “Cisim olmazdan əvvəl onun ideyası, yəni şəkli olub və Allah da bu şəklə baxıb həmin cismi yaratdı”. Belə bir şey mümkün ola bilməz. Aristotelə olan rəğbətim isə, Metafizikaya görədir.

Ceyhun Çingizoğlu: - “Qəsr”lə “Ehram”ın fərqli və oxşar cəhətləri nələrdir?

- “Qəsr” olmasaydı yəqin ki, “Ehram” da ortaya çıxmazdı. Onun təsiri olub. Ancaq düşünürəm ki, tam orijinal əsərim “Ortakserks”dir. Tam Kafkasayağı yazılmış bir əsərdir. Midiya dövründən bəhs edir.

Həbib Ələkbərsoy: - Əsərlərinizdə bəzən bir qəhrəmana 4-5 adla, bəzən də 4-5 qəhrəmana bir adla müraciət edirsiniz. Bu nədən yaranır?

- Buna mən zireh deyirəm. Nəyisə açıq-aşkar yazanda ondan ləzzət almaq olmur. Ancaq rəmzlərlə və ya müəmmalı adlarla yazanda tamamilə, başqa məna verir və əsərin mahiyyəti dəyişir.
Əlisa Nicat: “Mənim xalqım min nəfərdən ibarətdir”
Rəşad Sahil: - Əlisa müəllim, günümüzdə Akademiya kimi qurumlara ehtiyac varmı?

- Əlbəttə quruma ehtiyac var. Ancaq Rafael Hüseynov kimi, Kamal Abdulla kimilərə ehtiyac yoxdur. Bunu mən qəzetdə də yazmışam. Orada qeyd etmişdim ki, Kafkanın, Coysun, Prustun kim olduğunu bilməyənlər Ədəbiyyat üzrə akademik olub. Bu cür üzvləri olan Akademiya kimin nəyinə lazımdır?

Rəşad Sahil: - Əvvəllər Mircəfər Bağırova qarşı simpatiyanız yox idi. Ancaq sonradan qəfil fikrinizi dəyişdiniz. Bunun səbəbi nədir?

- Bəli, bu belə olub. O, da ondan irəli gəlir ki, əvvəllər Bağırov haqda olan bəzi faktları bilmirdim. Bilmirdim ki, onu həbs ediblər, öldürmək istəyiblər və s. Bağırov Nərimanova əmi deyə müraciət edirmiş. Məhz Nərimanov onu gətirib ÇK-nın sədri qoyub. Məhz bu iki insanın səyi nəticəsində Azərbaycan varlığını qoruya bilib. Mən bu kimi faktları bilmirdim. Bu iki insan Azərbaycanın varlığı üçün amansız mübarizə aparıblar. Bağırov haqda olan əsərimdə onun Səməd Vurğunu necə xilas etməsini göstərmişəm. Hadisə yazıldığı kimi də olub. Hadisəni də mənə bir zamanlara KQB-də işləmiş bir adam danışmışdı. Əslində, Səməd Vuğun yaradıcıllığı cəfəngiyyatdır. Nə bilim Afrikadan quşlar uçub gəlir, zülm əlindən qurtulmuşlar filan. Guya Afrikada quşlara zülm edirlər. Bu nə yaradıcılıqdır axı? Bu qədər yalan olmaz axı.

Üzeyir Hüseynov: - Qədim filosoflardan biri deyib ki, müdriklər və dahilər ya gənc yaşında ölürlər, ya sonsuz olurlar, ya da ehtiyac içində yaşayırlar. Amma həmin filosof bunun səbəbini açmayıb. Bu haqda ne deyə bilərsiz?

- Bu fikri Budda deyib. Bəli bu belədir. Dahilərin əksəriyyəti Nitşe və Şopenhauer kimi sonsuz olub, ya Kafka kimi gənc vəfat edib, ya da Bethoven ve ya Şubert kimi ehtiyac içində yaşayıblar. Bu bir növ qanundur. Sanki, Allahın da dahilərdən xoşu gəlmir. O, bilir ki, dahilər bəzi şeylərdə onunla razılaşmayacaq. Axı Kafkanın nə günahı var idi ki, vərəm virusunu ona göndərirdi? O qədər vərəm olası adam insan var ki. Kamyu da o cümlədən, avtomobil qəzasında vəfat edir, nəhəng yazıçı. Nadir hallarda olub ki, Platon kimi firavan və uzun yaşayasan. Dahilər təbiətin “brak” məhsullarıdır. Allah da deyir sən özüvü qoru, mən də sənə kömək edim. Gərək heç vaxt ehtiyatı əldən verməyəsən. Sabir Süleymanov adlı birisi vardı. Hansı yazını gətirsəm, qaytarıb verirdi özümə. Heç birini nəşrə buraxmırdı. İsmayıl Qarayev adlı başqa bir yazıçı da vardı. Fiziki cəhətdən çox sağlam idi. Onun yazısına nəsə demişdi. Bu da baxmaz heç nəyə külqabını başına vurub onu öldürmüşdü. Gərək insan dilini dinc saxlamağı bacarsın. Bundan başqa gərək paxıllıq hissini öldürməyi bacarasan.

Həbib Ələkbərsoy: - Əlisa müəllim, redaksiyamıza nə tövsiyyə edirsiniz? Hansı istiqamətdə işlər görək?

- Başda Xalidə xanım olmaqla hamınıza can sağlığı arzu edirəm. Arzu edirəm ki, nə qədər mümkündürsə, o qədər həqiqətə yaxın olasınız, həqiqətə əməl edəsiniz. Həqiqət dolu yazılarla cəmiyyətimizə daha yaxşı xidmət etmiş olarsınız. Xalq axmaqdırsa, burada heç kimin günahı yoxdur. Xalqın necə olmasından asılı olmayaraq, xeyixahlıq, düzlük, ədalətli olmaq kimi ölməz prinsiplər var. Sizə də bu prinsipləri əsas götürərək çalışmağınızı arzu edirəm. Hazırda Azərbaycanda yüzlərlə sayt var. Mümkün qədər xeyirxahlığı, həqiqətləri tərənnüm etmək lazımdır. Ancaq hərdən yaxşı amallar naminə kompramisə də getmək olar.

Xalidə Xalid: - Layihəmizin ilk qonağı sizsiniz. Bizim üçün də böyük şərəfdir ki, bu layihənin xeyir-duasını məhz siz verirsiniz. Çox arzu edərdik ki, sizdən sonra gələn qonaqlar da sizin kimi verilən suallara əhatəli və ətraflı cavablar versinlər. Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, uzun ömür arzulayırıq. Daim yanımızda olun və bir böyüyümüz kimi bizlərə yol göstərin.

- Xoş sözlər və müsahibəyə dəvət etdiyiniz üçün mən sizlərə təşəkkür edirəm. İşlərinizdə bir daha sizlərə uğurlar arzulayıram.

Hazırladı: Ceyhun ÇINGIZOĞLU / İnform.az

Baxış sayı: 4132