Baş xəbər, Qarabağ
10.08.2015 / 13:01

Rasim Ağayev: “Hərbi addım atılarkən mütləq şəkildə qələbə qazanılmalıdır”

Rasim Ağayev: “Hərbi addım atılarkən mütləq şəkildə qələbə qazanılmalıdır” Azərbaycanın müdafiə naziri Zakir Həsənovun ön cəbhədə olarkən ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğunu və vaxtın gəlib çatdığı barədə sonuncu bəyanatı dünya mediasında əks-səda doğurub. Verilən məlumatlara görə, bəyanat nüfuzlu Bloomberg agentliyindən tutmuş, Asiya ölkələrinin mediasına qədər işıqlandırılıb. Bloomberg agentliyində Zakir Həsənovun bəyanatından sonra, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib və son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasının Avropanı bərk narahat etməyə başladığı qeyd olunub. Avropanı narahat edən nədir: Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istəyi, yoxsa nə?

Politoloq Rasim Ağayev İnform.az-a bildirib ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun verdiyi bəyanatların arxasında təbii olaraq müəyyən tələblər var. Onun sözlərinə görə, bu gün Moskva və Vaşinqton İrəvanla Bakı arasında müəyyən siyasi manevrlər keçirir və belə bəyanatların ortaya çıxması həmin qurumların manevrlərinə cavabdır.
“Hərbi – siyasi aləmdə belə bir fikir var ki, hansı ordu olursa olsun, müharibəyə hazırlığı bəyanatlar yox, müharibənin özü təzyiq edir. Ermənilər Azərbaycan tərəfindən verilən ordu hazırlığı ilə bağlı bəyanatları atəşkəsi pozmaqla, ölkəni müharibəyə təhrik etməklə cavablayırlar”.

Politoloq bildirib ki, beynəlxalq güclər belə bəyanatlardan sonra ölkəmizə qarşı müxtəlif təsiredici yollara əl atılrlar. “Çünki əgər bu, xəbərdarlıq xarakteri daşıyarsa, deməli nə vaxtsa praktiki addımlar da atılmalıdır. Əks halda belə bəyanatlar heç bir təsirə malik olmayacaq”.

R.Ağayev bu gün Azərbaycanın hərbi addımlara başlamasını da çətin hesab edir. Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək istəyi Amerika, Rusiya və Fransa tərəfindən dəstəklənməyəcək. O, bu mənada hesab edir ki, torpaqların hələ də işğal altında qalması ilə bağlı Avropaya qarşı daha ciddi bəyanatlar verilməlidir:

“Çünki Azərbaycanın Dağlıq Qarabağ və ondan kənar rayonlarda işğal vəziyyətinin bu həddə qədər gəlib çatmasında məhz Avropanın günahı var. Avropa işğalın davam etməsində var gücü ilə Ermənistana dəstək göstərib. Avropa ikistandartlı siyasət aparır. Avropa çox yaxşı bilir ki, Ermənistan faktiki olaraq bütün qonşularına qarşı ərazi iddiları ilə yaşayır və Azərbaycan ərazilərini işğal edib. Belə olduğu halda nəyə görə Ermənistana qarşı hər hansı tədbirlər görülmür. Amma sabah işğalçıya qarşı hərbi əməliyyatlar başlasa Azərbaycana kömək etməyəcəklər”.

Politoloq bildirib ki, Azərbaycan Avropa Şurasına daxil olanda öhdəliklər götürüb ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcək. Ona görə də, sabah Azərbaycan hərbi güc tətbiq edərsə, siyasi cəhətdən mövqeyi o qədər də qüvvətli olmayacaq. Çünki verilən vədlər var: “Torpaqları sülh yolu ilə qaytarmaq olar. Bunun üçün diplomatiyamız var, gücü ilə işləməli və yaranan hər bir münbit vəziyyətdən istifadə etməlidir. Bununla yanaşı, edilən siyasi təsirlərə baxmayaraq, hərbi addım atılarkən mütləq şəkildə qələbə qazanılmalıdır. Çünki qələbə qazanan tərəfi heç kim məhkəməyə vermir”.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 526