Gündəm, Şərhlər
10.08.2015 / 12:39

Kaş mən çex ya da eston olaydım

Kaş mən çex ya da eston olaydım
Əlisa NİCAT / İnform.az

Kaş mən çex ya da eston olaydım. Estonlar kimi xalqım sayca az, ölkəm ərazicə kiçik olsa da, ürəkləri böyük olduğuna görə xidmətlərimi nəzərə alıb, mənim üçün hardasa bir çay qırağında iki otaqlı bir ev tikdirər orada qalan ömrümü kainatın, varlığın mənasının, təyinatının səbələrinin şərhinə, təbiətin gözəlliyinin harmoniyasının, sonsuzluğunun, səslərinin, rənglərinin insan qəlbinə təsirinin tədqiqinə həsr edərdim. Həyətimdə çoxlu sayd meyvə ağacları, kollar, otlar, yoncalar olardı.
Hər gün səhər qədim Babilin Günəşpərəstləri kimi günəşi sevinclə qarşılayar. Axşam onun qüdrətli qürubuna tamaşa edər, yağışın şırıltısından ləzzət alar. Ağacların xışıltısına əbədiyyətin musiqisi kimi qulaq asar, arıların, böcəklərin həyat nəğmələrinin əbədiliyinə, faniliyinə və sarsılmazlığına səs verərdim. Mən həyatın yaşını ömrünün həddini müəyyən etməyə, anlamağa çalışar, balaca uşağın əliylə fırlanan qazan qapaqları kimi qüdrətli əli ilə bircə dəfə fırlandırıb, eləcə səssiz-səssiz kainatın sonsuz dərinliklərinə doğru fırlana fırlana uçub gedən bu Yer, Bu Günəş aləminin yeganə mövcudluq variantının dahiyanə kəşfinə heyran olaraq bütün mənasızlıq dövranının nəyə xidmət etdiyini, nə üçün baş verdiyini, Nitşenin “Əbədi qayıdış”ının səbəblərini axtarıb tapmağa çalışardım. Amma hakimiyyət sahiblərinin öz düşüncələri öz planları öz amlları və özlərinə məxsus zövq almaları və ləzzətləri var. Onlar yalnız onlara xidmət edənləri onların qabağında əyilənləri hətta sevməsələr belə dəyərləndiri və qiymətləndirilər.
Ona görə günah məndədir ki, niyə Azərbaycan adlı bu ölkədə doğuldum, bu cansıxıcı insan və təbiət mənzərələrini seyrçisi və nişançısı oldum.
Ey böyük Üzeyir bəy, bu sürtülmüş paltardakı bəzəkli və zərli yamaq kimi niyə bu ölkədə doğuldun ki, mən də məcbur olub sənin dalınca gəlim? Yoxsa gedib hardasa Çexiya və Estoniyada doğular və hansı bir təmiz və səfalı çay qırağındasa daş üsdündə oturub çaya tilov atar və kainatın tamaşaçısı olardım.

Baxış sayı: 374