Gündəm, Şərhlər
10.08.2015 / 11:34

Təcrübə tarlası – Azərbaycan

Təcrübə tarlası – Azərbaycan

Ayişə NƏBİ / İnform.az


Avtobusa minəndə gənc bir qız durub mənə yer verdi. Mən də həmişəki kimi oturmaq istəmədim. Bəlkə yorğundur, bəlkə işdən gəlir, bəlkə lap ayaqları ağrıyır, deyə dəfələrlə qıza özün otur, desəm də, qız israr edincə oturdum. Avtobus o qədər də dolu deyildi, hərənin əlində bir telefon, kimi sosial şəbəkələrdə yazışır, kimi oyun oynayır, bir sözlə, hamının başı qarışıqdı.
Mənə yer verən qızın rəfiqəsi də varmış, ayağa duran kimi söhbətə başladılar. Necə oldusa onların söhbətini qulağım çaldı və daha sonra söhbətin maraqlı olduğunu görüb mədəniyyət çərçivəsini sındırıb, qızlara qulaq asdım. Sən demə, bu qızlar tibb bacıları imiş və bunların işlədikləri dispanserə xaricilər gələrək bizim vətəndaşlara təcrübə üçün dərman verir və üstəlik də qarşılığını aylıq pulla ödəyirmişlər. Bunu eşitdikdə əvvəlcə mat qaldım. Sonra öz-özümə dedim ki, bizdən nə desən çıxar, qoy bu qızları bir az söhbətə tutum, görüm bu nə məsələdir. Qızlarla bir az söhbət etdik. Əvvəl mənim təsadüfən söhbətə qoşulduğumu zənn edib danışdılar. Dedilər ki, bəli, bu proqram neçə ildir davam edir və artıq başa çatmaq üzrədir. Neçə il idi ki, almanlar gəlib hansısa vərəm əleyhinə dərmanı bizimkilərin üstündə təcrübə edirlər. Bəzi imkansız adamlar da buna razı olurlar. Onlar bilirlər ki, onsuz da xəstədirlər, dövlətin verdiyi pulsuz dərmanlarla yaşayırlar. Maraqlı burasıdır ki, bunlar üstəlik dərmanın üstündə pul da verirlər. Belə olan halda bundan kim imtina edər ki?!
Qızın biri bunları danışdıqca, o birisi onu dürtmələyir ki, danışma, bunları dediyimizi bilsələr, dərimizə saman təpərlər, nə işin var, başımızı işə salacaqsan?! Bu qız da susdu. Ancaq mən artıq öyrənəcəyimi öyrənmişdim.
Bəli, yeni dərmanların insana necə təsir etdiyini öyrənmək üçün bunu mütləq insan üzərində sınamaq lazımdır. Bunun üçün də könüllü insanları Azərbaycanda axtarıblar və heç çətinlik çəkmədən tapıblar da. Xəstə və ehtiyac içində olan insan, necə deyərlər, suda boğulan saman çöpündən yapışar... Ancaq hardan bilsin ki, bu saman çöpü onu elə suda batırmaq üçündür.
Əslində, heç fərqi yoxdur ki, bu Azərbaycanın harasında olur, kimin həyatını təcrübəyə qoyurlar, kim buna şərait yaradır, bu hansı xəstəxanadır. Bunların əlbəttə, fərqi yoxdur. Fərqi olan odur ki, bu təcrübəyə qoyulan, laboratoriya yerinə istifadə olunan Azərbaycandır və həyatı da təhlükəyə atılan azərbaycanlıdır. Məni narahat edən budur!
Çox təəssüf ki, mənim maraqlandığımı görən qızlar, sanki birdən ayıldılar və tələsik avtobusdan düşdülər. Mən isə onların harada işlədiklərini belə soruşmadım. Soruşsam nə olacaqdı ki, polis deyiləm, səlahiyyətli deyiləm ki, haqsızlığa qarşı çıxam. Burada, necə deyərlər, alan məmnun, satan məmnun, mən nə deyə bilərəm.
Ancaq onu deyə bilərəm ki, Azərbaycan bir təcrübə tarlası, azərbaycan insanı da təcrübə siçanı deyil. Buna yol verən, qol qoyan insan, bəlkə özünü elm fədaisi hesab edir, ancaq elədirsə, onda bu dərmanı elə özü içsin, niyə yazıq-yuzuğa verir.
Deyəcəksiniz ki, elmin inkişafı üçün bir neçə xəstə adamı fəda etmək olar. Bu humanistliyə asilik deyil, əlbəttə, belədir. Onda bunu deyən buyursun, dərmanı alsın içsin, həyatını elm üçün ortaya qoysun. Kim elm adına buna könüllü razı olar?!
Ya da başqa tərəfdən baxaq. Bu xarici ölkənin özünün kasıb insanı, yoxsul vətəndaşı, xəstəsi, sağalmağı ümidsiz olanı yoxdurmu?! Niyə öz insanını təcrübə siçanı etmir, niyə bizim xəstəyə ödənilən pulu öz insanına, öz vətəndaşına ödəmir, bunun sirri nədir? Dövlət bundan xəbərdardırmı? Yaxud, bu da onların humanistliyidirmi?
Hər şey bir yana. Bütün bunlar insanın bir az da qüruruna toxunur. Gör, onlar bizim haqqımızda nə fikirdədirlər ki, belə bir addım atırlar. Bir də ki, bizim haqqımızda nə fikirdə olacaqlar, hələ də şəhərdə kifayət qədər Avropadan gəlmə “Second hand” mağazaları varkən...

Baxış sayı: 1007